Binəqədi DYPŞ-nin rəisi niyə cəzalandırılmır? - Cavanşir Ələkbərovun «ho» əməliyyatı...
18-05-2016, 01:48
Qarabağ əlililini döyməkdə ittiham olunan Cavanşir Ələkbərovun «ho» əməliyyatı...
Polkovnik-leytenant içkili sürücüləri necə «bağışlayır»? Məlum olduğu kimi, son illər yol polisi əməkdaşlarının sosial rifahının, eləcə də iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində bir sıra ciddi islahatlara imza atılıb. Belə ki, onların əməkhaqları nəzərəçarpacaq dərəcədə artıb, həmçinin Dövlət Yol Polisi (DYP) işçiləri ən müasir avtomobillərlə təmin olunub. Bakıya gətirilən yeni Yol Patrul Xidməti (YPX) avtomobilləri artıq istismara verilib, yeniləri köhnələrlə əvəzlənib. Qeyd edək ki, ümumilikdə yol polisi əməkdaşları üçün 400 avtomobil alınıb. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb.
Sistem YPX avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan "infrared" işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə həmçinin, daxili kompüter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompüterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Eyni zamanda, nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompüter qurğusuna ötürülür.
Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir. Bir sözlə, yol polisi əməkdaşları ən müasir texnologiya ilə təchiz edilmiş avtomobillərlə təmin edilib, onların sosial rifahı xeyli yaxşılaşdırılıb. Lakin buna baxmayaraq, DYP əməkdaşları arasında hələ də sürücülərlə normal rəftar etməyənlər var. Buna misal olaraq Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərovu göstərmək olar. Xatırladaq ki, bir müddət əvvəl polis rəisi Qarabağ əlilini döyməkdə ittiham olunmuşdu. Bu iddia ilə əlilin həyat yoldaşı Əfsanə Oruc qızı İmranova müraciət edib. Qadın bildirib ki, həyat yoldaşı Ramil İmran oğlu İmranova Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları tərəfindən bir neçə gün əvvəl xəsarət yetirilib: «Ərim bir neçə gün əvvəl Binəqədi DYPŞ-yə gedərək qardaşımın sürücülük vəsiqəsinin ləğv edilməməsi barədə polis əməkdaşları ilə danışmaq istəyib.
Bu zaman Ramillə rəis və onun müavini arasında mübahisə yaranıb. Mübahisə zəminində onlar həyat yoldaşımı ağır söyüşlərlə təhqir ediblər. Ramil qarşılıq verdikdə isə onu döyərək ağır bədən xəsarətləri yetiriblər. Daha sonra isə onu əraziyə cəlb edilən təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Döyülmə fakı qarşılıqlı təhqirlərdən sonra baş tutub». Lakin bu məsələnin üstü ört-basdır edildi və polis rəisi törətdiyi əmələ görə qanun qarşısında cavab vermədi. Araşdırmalar isə göstərir ki, Cavanşir Ələkbərovun və işçilərinin sürücülərə qarşı münasibəti heç də bəyənilən deyil. Belə ki, DYPŞ rəisi və tabeliyində olan işçiləri sürücülərlə normal rəftar etmirlər, onları müxtəlif bəhanələrlə incidirlər: «Cavanşir müəllimin işçiləri əksər hallarda özlərini təqdim etmirlər, ciddi qanun pozuntusu olmadan, saxlanma əmrinə tabe olan sürücülərin belə, avtomobillərindən çıxmalarını tələb edirlər. Halbuki müvafiq qanunvericiliyə görə, polis əməkdaşı sürücüyə yaxınlaşarkən ilk öncə özünü təqdim etməli və bu zaman sürücü avtomobildən düşməyə borclu deyil. Binəqədi Dövlət Yol Polisi Şöbəsinin işçiləri isə yeri gəldi-gəlmədi sürücüləri saxlayır, onlarla kobud rəftar edirlər.
Etiraz etdikdə isə vətəndaşları cərimə yazacaqları ilə hədələyirlər». Araşdırmalar nəticəsində onu da öyrəndik ki, daxili işlər naziri Ramil Usubov içkili halda avtomobil idarə edən şəxslərə qarşı sərt mübarizə tədbirləri həyata keçirsə də, Binəqədi DYPŞ-nin rəisinin içkili sürücüləri bağışlamaq «mərhəməti» var. Belə ki, spirtli içki qəbul edərək sükan arxasına əyləşən və yol polisi əməkdaşlarına yaxalanan sürücülər rəis Cavanşir Ələkbərovla razılığa gəlib sürücülük vəsiqələrinə xitam verilməsinə şərait yaratmırlar. Deyilənə görə, sürücülər bu işin qarşılığında rəisə 500-800 dəfə «ho» eləməlidir. Elə buna görədir ki, son vaxtlar Binəqədi rayonu ərazisində yol nəqliyyat hadisələrinin sayı fantastik şəkildə artıb. Növbəti yazımız Cavanşir Ələkbərovun hansı generalın adından tez-tez istifadə etməsi və biznesi haqda olacaq. Bizi izləməyə davam edin.rublika.az
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az