“QARŞI TƏRƏF YUMŞAQ GÜCDƏN ANLAMIR, SƏRT OLMALIYIQ” – “2023-cü ilin yanvarın 31-dək vaxt verilməlidir...”
12-12-2022, 20:18

Rusiya hərbi kontingentinin Azərbaycan ərazisini tərk etməsi müddəti 2 il 11 aydan sonra bitir. Dinc yolla Xankəndi üzərində dövlət nəzarətimizin bərpasını təmin etmək üçün bu müddət elə də çox deyil. Azərbaycan bu müddət ərzində nələr etməlidir?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, rəsmi Bakı aşağıda qeyd olunan addımları atmalıdır:
“İlk növbədə Azərbaycan ərazisində hələ də qalan qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması üçün 2023-cü ilin yanvarın 31-dək vaxt verilməlidir. Qeyd olunan vaxtda erməni silahlı qüvvələri tam çıxarılmadığı halda Azərbaycan 10 noyabr bəyanatını da əsas gətirərək hərbi güc tətbiq edəcəyi barədə Rusiya sülhməramlılarını xəbərdar etməlidir;
25 ay ərzində Rusiya sülhməramlıların nəzarət etdiyi Laçın yolu ilə qanunsuz yüklərin daşınması, başqa ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmasını, qarşıdurma və gərginlik yaradan ideoloji diversantların bu yoldan keçərək Xankəndidə mitinq və digər aksiyaların keçirilməsinə mütəmadi şərait yaradılmasını əsas gətirərək Azərbaycan və Ermənistan dövlət sərhədinin Laçın yolunda Rusiya sülhməramlıları ilə birlikdə sərhəd nəzarət məntəqəsi və gömrük postu yaradılır. Son müddət 1 mart 2023-ci il. Əməl edilmədikdə hərbi yolla, güc tətbiq edərək dövlət sərhədinə nəzarət ediləcəyi Rusiya hərbi kontingentinin komandanlığına xəbərdarlıq edilir;
10 noyabr bəyanatına əsasən keçmiş dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı qaçqınların 63 yaşayış məntəqəsinə geri qaytarılması üçün tikinti bərpa işlərinə start verilməsi barədə Azərbaycan Nazirlər Kabineti qərar verir və qərar barədə Rusiya hərbi kontingentinin komandanlığı xəbərdar edilir. Bu məqsədlə tikinti təşkilatlarının təhlükəsizliyi və normal iş şəraitinin yaradılması Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan daxili qoşunları tərəfindən həyata keçirilməlidir. Bu məqsədlə qrafik təyin olunur və 2023-ci ilin mart ayının 1-dən fəaliyyətə başlanacağı barədə xəbərdarlıq edilir;
Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə təbii sərvətlərin istismarı yanvar 2023-dən tam dayandırılır. Əks halda nöqtə zərbələri ilə həmin ərazilərin vurulacağı barədə xəbərdarlıq edilir”.
İ.İsmayıl əlavə edir ki, qeyd olunanlar 2023-cü il üçün Azərbaycan siyasətinin əsas xətti olmalıdır. Onun sözlərinə görə, bu xətt ilk baxışdan maksimalist təsir bağışlaya bilər, amma nəzərə almaq lazımdır ki, 25 ay da maksimum müddətdir ki, qarşı tərəfə verilib.
“Bizim bu gündən sonra atacağımız addımlar sərt və ultimativ xarakter daşımasa Rusiya, İran, Fransa üçbucağı Qarabağ ətrafında situasiyanı daha da gərginləşdirəcək və zamanı ən azı 2030-dək uzatmağa çalışacaqlar”, - o vurğulayıb.
Ekspert hesab edir ki, Azərbaycan bu yolda Türkiyə ilə koordinasiyalı siyasət aparmalı, ABŞ-ın da təsirindən istifadə etməlidir.
“Qarşı tərəf yumşaq gücdən anlamır, sərt olmalıyıq”, - İlham İsmayıl qeyd edib.
“AzPolitika.info”