Putin və Si yeni dünya nizamı qurmaq istəyirlər
Bu gün, 07:54

Rusiya prezidenti Vladimir Putin Çin səfəri öncəsi bildirib ki, məqsədi çoxqütblü dünya nizamının qurulmasıdır. O, Çinin dövlət başçısı Si Cinpinlə Tianjində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində görüşərək bu prosesi sürətləndirməyi planlaşdırır.
Putin Qərbin ticarət sanksiyalarını tənqid edib və bildirib ki, Rusiya ilə Çin ticarətdə demək olar tamamilə milli valyutalara keçiblər. O, həmçinin BRİKS ölkələrinin rəhbərliyində Qlobal Cənubun gücləndirilməsini yeni nizamın əsas hissəsi hesab edir.
Kremlə görə, Putinin səfəri çərçivəsində Hindistan, Türkiyə, İran, Serbiya və Pakistan da daxil olmaqla bir çox ölkələrin liderləri ilə görüşləri nəzərdə tutulub. Çin isə sammitin tarixdə ən böyüyü olacağını açıqlayıb.
Səfərin əsas məqsədi Rusiyanın ən böyük ticarət tərəfdaşı olan Çinlə münasibətləri möhkəmləndirməkdir. Çin Rusiyanın əsas neft və qaz alıcısıdır, həmçinin silah istehsalı üçün vacib məhsullar da təmin edir.
Moskva bu səfəri Qərbdən açıq şəkildə uzaqlaşma və Çinlə “sərhədsiz dostluğun” sübutu kimi təqdim edir. Sentyabrın 3-də keçiriləcək hərbi paradda Putin Si Cinpinin baş qonağı olacaq.
Sarvan Səmədoğlu
TEREF