Ölkədə vətəndaşlar arasında gəlir dağılımı fantastik dərəcədə ədalətsizdir
25-12-2022, 08:34

Vətəndaşların alıcılıq qabiliyyətinın durumu (anadolulu qardaşlarımız "alım gücü" deyirlər - məncə daha doğru ifadədir) daha çox xidmət sahəsində özünü göstərir, məsələn, kərə yağı, və ya mobil telefon ölkənin hər yerində aşağı-yuxarı eyni qiymətə satılır, amma, çayxana, kafe-restoran, əyləncə məkanlarında Bakı ilə bir çox rayonlar arasında qiymət fərqi ciddi hiss edilir.
Bu gün yaxın qohumlardan birinin nişan mərasimi üçün Aran rayonlarından birinə getmişdik. Məclis olan bina, deyəsən, Mədəniyyət Evinin restoranı idi, binada əyləncə avtomatları, hətta boulinq üçün yer də var idi - uşaqlar üçün stolüstü xokkey, maşın sürmək üçün ekranlı aparat (bilmədim başqa necə deyim) işlək vəziyyətdə idi. Adnan bəy məclisdə darıxdı, düşdük oyun zalına, bütün avtomatlara jeton cəmi 50 qəpik idi - Bakıda 2-3 manat olan jetonlar 50 qəpiyə satılırdı. Sonra boulinqə getdik, oyunçunun biri cəmi 1 manat idi, yəni, 2 nəfər tam oyun oynayıb cəmi 2 manat verdik, eyni əyləncənin qiyməti Bakıda 8-15 manat arası dəyişir.
Hələ rayona gedərkən yolda yaxşı təmirli (Bakı-Qazax yolunda olmayan, rayonun özünə gedən yolda) kafedə samovar çayı içdik, mürəbbə, şokoladlı peçenye ilə 5 nəfərlik 2 çaynik çaya 6 manat ödədik - eyni masanın hesabı Bakıda 15-25 manat arası dəyişir.
Həm kafedə, həm də o əyləncə mərkəzində sahibkarla danışdım, özləri salam verib tanıdıqlarını söylədilər, söhbət alındı, mənim, "niyə belə ucuzluqdur", sualıma hər iki sahibkar, "bəy, camaatda pul yoxdur, hələ bu qiymətlərlə gələn-gedən az olur", cavabını aldım.
Ölkədə vətəndaşlar arasında gəlir dağılımı fantastik dərəcədə ədalətsizdir - burası aydındır, amma hətta bu ədalətsizliyin kubu da var, o da Bakı ilə bir çox rayonlarımız arasındakı alım gücü fərqidir.
Natiq Cəfərli
Teref.az