Kaliforniyanın bəzi şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib
27-05-2016, 12:10
ABŞ-ın Kaliforniya ştatının bəzi vilayət və şəhərlərində 28 may tarixi “Azərbaycan Milli Günü” elan edilib. Bununla bağlı müvafiq bəyannamələr Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.
Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, Qərbi Hollivud, Santa Monika və Torrens şəhərləri tərəfindən müvafiq sənədlər qəbul edilərək, bu şəhərlərdə 28 may “Azərbaycan Milli Günü” elan edilib. Orinc Vilayəti Nəzarətçilər Şurası da 28 may tarixini bütün vilayət ərazisində “Azərbaycan Milli Günü” elan edərək, sakinləri bu günü qeyd etməyə çağırıb.
Sənədlərdə bildirilir ki. Azərbaycan xalqı 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika təsis edib, qadınlara nəinki müsəlman dünyasında, eləcə də ABŞ-dan öncə səsvermə hüquq verib. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi vurğulanaraq, hər il ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Milli Gün olaraq qeyd etdiyi bildirilir. Bəyannamələrdə, eyni zamanda, önəmli Xəzər bölgəsində yerləşən Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğu vurğulanır.