Bazarda saxta sementlər var
27-05-2016, 16:08
Son zamanlar Azərbaycanın sement bazarında istehlakçıların aldadılması hallarının artması, qanunsuz, laboratoriya nəzarətindən kənar, aşağı keyfiyyətli, təhlükəli sement məhsullarının istehsalı və satışı ilə bağlı müraciətlər daxil olur.
«Azad İstehlakçılar» İctimai Birliyinin (AİİB) araşdırmaları göstərir ki, “Garant İnşaat Sənaye” MMC adlı müəssisəyə məxsus “UNİVERSAL” əmtəə nişanının (Sözlər və rənglərlə (qırmızı, yaşıl, bej) birlikdə) fiziki şəxs Ağayev Anar Gülağa oğlu tərəfindən təqlid (təkrar) edilərək qanunsuz sement istehsal etməsi və ölkənin əmtəə bazarında satışa çıxarılması, bununla da istehlakçıların hüquqlarının pozulması, aldadılması baş verir.AİİB-in araşdırmaları göstərir ki, hazırda “Azbentonit” MMC-nin hüquqi varisi olaraq “Garant İnşaat Sənaye” MMC sement istehsalı üzrə “UNİVERSAL” əmtəə nişanı (Sözlər və rənglərlə (qırmızı, yaşıl, bej) birlikdə) üzərində müstəsna hüquqa malikdir.
AİİB-ə daxil olan müraciətlərdə, həmçinin, bildirilir ki, başqa bir istehsalçı «AZBETON» adı ilə – rənglər və təsvirlər «AZBENTONİT» adı ilə eyni olan sementi ticarət şəbəkəsinə çıxarmışdır. Həmin məhsulun kisəsinin rəngləri, üzərində «AZBETON» sözünün şrifti və rəngi müəssisənin «AZBENTONİT» yazısı ilə eynidir. Müəssisənin daimi müştəriləri də bildirirlər ki, «AZBETON» yazılışlı kisənin rəngləri və dizaynı müəssiənin istehsalı olan sementin kisəsinin görünüşü ilə tamam oxşar olduğundan qarışdırılır.
AİİB sədri Eyyub Hüseynov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasına dair qanun qəbul olunmasından sonra bəzi sahibkarların münbit şəraitdən sui-istifadə etmələri müşahidə olunur. Təəssüf ki, yaradılmış münbit şəraitdən qanunsuz yollarla faydalanan bəzi sahibkarların əməlləri istehlakçıların hüquqlarının pozulmasına, onların həyatı və ətraf mühit üçün təhlükəli nəticələrə səbəb ola bilər. Məlum olur ki, qanuni istehsal fəaliyyəti olmayan şəxslər kisənin üzərində sementin markasını yüksək (400 marka, 500 marka) göstərməklə istehlakçıları aldadırlar. Sement istehsalı üçün dövlət standartları almayan, akkreditasiya edilmiş sınaq laboratoriyası olmayan şəxslərin satışa çıxardığı «yüksək markalı» sement məhsulları istifadə edildiyi sahələrdə ciddi təhlükələrə səbəb ola bilər. Qanunsuz buraxılan sement kisələrinin üzərində «Məhsulun keyfiyyətinə Qaradağ AA»-nın Akkreditasiya olunmuş Mərkəzi Sınaq Laboratoriyasında nəzarət olunur» yazılır. Araşdırma apardıqda məlum olur ki, nə «Qaradağ AA» adlı müəssisə var, nə də ki, bu cür istehsalçıların Sınaq Laboratoriyası yoxdur. Bütün bunlar istehlakçıların aldadılması, tikinti sektoru üçün təhlükəli malların satışı deməkdir. «Qaradağ AA» adlı sement qanunsuz istehsal olunur. İstehsalı və satışı üçün müvafiq dövlət orqanlarından heç bir rəsmi sənədi olmayan «Qaradağ AA» UNİVERSAL” sementi barədə müvafiq dövlət orqanlarının araşdırma aparması vacibdir.
Xüsusən, Xaçmaz, Qusar, Qəbələ, Oğuz, Göyçay, Sabirabad, Zaqatala, Qax, Beyləqan, Sabirabad, Bərdə, Ağcabədi, Ağdaş rayonlarında qanunsuz və keyfiyyəti şübhə doğuran «Qaradağ AA UNİVERSAL», «AZBETON» sement məhsulları geniş yayılmışdır. Bu sement məhsullarının alıcılar arasında çaşqınlıq yaratması, istifadə etdikdə sementin keyfiyyətinin üzərində yazılmış markaya uyğun olmadığına dair məlumatlar verilir.
Məlum olur ki, sement istehsalı üçün standartları, laboratoriyası olmayan işbazlar tikinti və təmir işlərində strateji əhəmiyyəti olan sement məhsulunu nəzarətsiz buraxaraq satışa çıxarırlar. Bu cür hallar istehlakçıların həyatı, ətraf mühitin qorunması baxımından təhlükəli nəticələrə səbəb ola bilər.
AİİB istehlakçıların aldadılmasının, təhlükəli sement məhsulunun qanunsuz istehsalının və satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Vergilər Nazirliyinə, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə və s. aidiyyatı orqanlara müraciət etmişdir.
AİİB, həmçinin, sement alıcılarına müraciət edərək, aldanmamağı, diqqətli olmağı, müşayiətedici sənədləri, sertifikatı olmayan, saxta, qanunsuz sement məhsullarından uzaq olmağı tövsiyə edir.
teref.az