Tarixdə bu gün - 3 yanvar...
3-01-2023, 16:07

3 yanvar...
1121-ci il...
Gürcü qoşunları çar IV Davidin başçılığı ilə Sultan Mahmudun torpaqlarına soxulur. Müsəlman hakimləri Arran və Naxçıvan hakimi şahzadə Toğrulun başçılığı ilə 30 minlik ordu gürcülərə qarşı çıxırlar. Tiflis yaxınlığında baş verən döyüşlərdə müsəlman qoşunu məğlub olur, 4 min döyüşçü əsir alınır. Şahzadə Toğrul əsir düşməkdən qurtularaq Gəncəyə sığınır.
1804-cü il...
Gəncə xanı Cavad xan və oğlu Hüseynqulu xan ruslarla döyüşərək qəhrəmancasına həlak olurlar. Cavad xan və onun ordusu məğlub olur. Gəncə şəhəri işğal edilir və Gəncə xanlığı ləğv olunur. Ermənilər şəhərin alınmasında rus qoşunlarına kömək edirlər.Gəncə şəhəri rusqoşunları tərəfindən tutulur. Rus qoşunu Gəncə məscidində gizlənib-daldalanan 500 nəfər qoca, arvad və uşağı amansızcasına qətlə yetirir. 2 gün içərisində Gəncədə ümumilikdə 2000-dən çox adam həlak olur. 18 000 adam əsir düşür. Erməni quldurbaşı Qriqor Manuçaryan özünün 500 nəfərlik dəstəsi ilə Gəncənin işğalında yaxından iştirak edir, yüzlərlə dinc sakinin qətlə yetirilməsində xüsusi “fəaliyyət” göstərir. Azərbaycanın cənub bölgələrinə yol açılır, Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyi təmin edilir. Rus qoşunları Xəzər sahilinə çıxır, Həştərxanla əlaqənin təmin edilməsinə şərait yaradır.
1804-cü il...
Azərbaycanın Gəncə xanlığı ilə birlikdə Şəmsəddin və Basarkeçər əraziləri də Rusiyanın tabeliyinə keçirilir.
1919-cu il...
Erməni daşnakları Zəngəzurun Qatar kəndinə hücum edirlər, əhali kənddən didərgin düşür. Məşədi Qələndər kişi camaatın gözü qarşısında üzərinə neft tökülərək diri-diri yandırılır. Kənd sakini Kərbəlayi Allahverdinin başı kəsilir.
1920-ci il...
Silahlı erməni daşnakları Zəngəzurun Saldaş kəndinə hücum edirlər. 1 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilir.
1920-ci il...
Erməni quldurları Zəngəzurun azərbaycanlılar yşayan Əliquluuşağı kəndinə basqın edirlər. Ölənlər və yaralananlar olur. Əhali öz doğma yurdundan didərgin düşür.
1935-ci il...
Ermənilər “Ermənistanda” türk mənşəli yer-yurd adlarını kütləvi surətdə dəyişdirməyə başlayırlar.
1938-ci il...
“Fövqəladə Üçlüyün” qərarı ilə tanınmış ziyalı Asəf Səttar oğlu Rəhmanov güllələnir.
1938-ci il...
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 2 yanvar 1938-ci il tarixində keçirilmiş bağlı məhkəmə iclasının qərarı ilə tanınmış ziyalı, SSRİ EA Azərbaycan filialının elmi işçisi, APİ-nin dilçilik kafedrasının müdiri Abdulla Məmməd oğlu Tağızadə güllələnir.
1938-ci il...
Azərbaycan SSR XDİK-nin 3-cü dərəcəli dövlət komissarı Sumbatovun əmri ilə sıralarında azərbaycanlıların çoxluq təşkil etdiyi 47 nəfər güllələnir.
1943-cü il...
Azərbaycanın görkəmli ziyalısı, Azərbaycan Cümhuriyyəti dövründə məsul vəzifədə çalışmış yazıçı, hüquqşünas Yusif Məşədi Mirbaba oğlu Vəzirov (Yusif Vəzir Çəmənzəminli) sürgündə, həbs düşərgəsində, Rusiya Federasiyasının Qorki (Nijni-Novqorod) vilayətinin Suxobezvodnaya kəndi (stansiyası) ərazisində dünyasını dəyişir. O, Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur.
1990-cı il...
Sovet Ordusunun hissələri “erməni əhalinin müdafiəsi” məqsədilə Azərbaycana yeridilir. Sonradan məlum olur ki, bu, 20 yanvar qırğınına hazırlıq məqsədi daşıyan əməliyyat kimi planlaşdırılıbmış.
1993-cü il...
Azərbaycan Respublikasının Prezidenti “Ağdam rayonu ərazisində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verir.
Teref.az