2022-ci ildə dünya birjaları, qiymətli kağızlar, dövlətlərin borc kağızları, kriptovalyuta bazarı tam 30 trilyon dollar vəsait itirib ...
4-01-2023, 08:24

Diqqətli oxucular xatırlayır ki, 2020-ci ildə “pandemiya” başlayandan bəri dəfələrlə iqtisadiyyata axıdılan trilyonlarla dolların nə qədər ziyanlı olduğunu, inflyasiya yaradacağını, birjalarda böyük “şarlar” üfürəcəyini yazmışdım. Bütün bunlar “pandemiya” ilə mübarizədə buraxılan səhvlərin, alınan düşüncəsiz qərarların nəticəsində baş verirdi.
Təəssüf ki, o zaman dünyanın müxtəlif mütəxəssislərinin xəbərdarlıqlarına fikir verilmədi, nəticədə dünyada son 40 ilin ən yüksək inflyasiya rəqəmlərini gördük, inflyasiya isə vətəndaşa yüklənən əlavə “vergi” növüdür, vətəndaşların real gəlirləri azaldan təhlükəli tendensiyadır. İndi dünya ölkələri inflyasiya ilə mücadilə edirlər, amma bunun nəticəsində də dünya iqtisadiyyatı daralır, ressesiya təhlükəsi yaranır ki, bu da elə vətəndaşların başında çatrlayacaq, işsizlik artacaq və alım gücü azalacaq.
Artıq birjalarda yaratdıqları “şarlar” da partlamağa başlayıb: 2022-ci ildə dünya birjaları, qiymətli kağızlar, dövlətlərin borc kağızları, kriptovalyuta bazarı tam 30 trilyon dollar vəsait itirib və bu tendensiya 2023-də də davam edə bilər.
Belə ki, inkişaf etmiş və etməkdə olan ölkələrin birjalarını əhatə edən “MSCI All-World” indeksi 2022-də 20%, dünyaya yön verən ABŞ-ın “S&P 500” indeksi 19%, “Nasdaq” indeksi isə 33% dəyər itirib. Çin birjalar indeksi yuan ifadəsində 22%, dollar ifadəsində isə 28% ucuzlaşıb. Avropa ölkələrini əhatə edən “MSCI Europe” indeksi isə 16% dəyər itirib. 2022-ci ildə Moskva Birjalar İndeksi tam 43% çöküb, dollarla hesablanan “RTS” indeksi isə 39,18% dəyər itirib. Bundan başqa bir tək ABŞ-da 998 mlrd. dollarlıq şirkətlərin toksik borcu silinib, kriptovalyuta birjaları və qiymətləri isə il ərazində 1,8 trilyon dollar dəyər itiriblər – və bütün bunlar Dünyada səhv siyasətin nəticəsidir.
Bir tək fenomenal nəticələr Türkiyədədir – “BIST 100” indeksi 2022-də 196,57% artaraq 5.509,16 punkta yüksələrək dünyada ən yaxşı nəticə göstərən birja olub. Amma bütün bunlar lirənin kəskin ucuzlaşması, Türkiyə dövlət borc kağızlarının gəlirliliyinin artması (risk çoxalanda gəlir də artır) və ölkəyə daxil olan spekulyativ valyuta hesabına baş verib – bu isə çox təhlükəli gedişatdır. Əgər seçkilər öncəsi daxil olan və artıq qazanan xarici kapital gəlirlərini fiksə edib ölkədən çıxmağa başlasa, birja çökəcək, lirə daha kəskin dəyər itirməyə başlayacaq, bu isə qardaş ölkədə daxili siyasi-iqtisadi vəziyyəti daha da kəskinləşdirəcək.
O ki, qaldı bizim məmləkətə qiymətli kağızlar bazarı, valyuta birjası olmayan, primitiv iqtisadi dövlət-məmur “kapitalizmi” modeli ilə idarə edilən ölkədə ancaq və ancaq “durbalarımıza” dua edib yaşayırıq, hökumətin əsas iqtisadi proqramı “harda qırıldı-qırıldı” prinsipidır.
Allahın millətimizə yazığı gəlsin, 2023-də “durbalarımıza” qüvvət versin, boruların təzyiqi, içindən axanların qiyməti düşməsin. Amin!
Natiq Cəfərli
Teref.az