Sanksiyalardan kim daha çox əziyyət çəkir: Qərb, yoxsa Rusiya?
4-01-2023, 08:34

Böyük Britaniya 2023-cü il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandırıb.
Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Ötən gün isə London xəbərdarlıq edib ki, Böyük Britaniya Rusiyadan maye qaz tədarükünü tamamilə dayandıracaq.
Ümumiyyətlə, indiyə kimi tətbiq olunan sanksiyalar Rusiyaya necə təsir edib? Sanksiyalardan daha çox Qərb, yoxsa Rusiya əziyyət çəkib?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Elşən Bağırzadə bildirib ki, Rusiya-Ukrayna müharibəsi mövcud dünya düzənindəki güclərin dünya hakimiyyəti uğrunda apardıqları mübarizənin növbəti mərhələlərindən biridir:
"Şübhəsiz ki, müharibənin digər tərəfləri kimi Rusiya da buna əvvəlcədən hazırlaşıb. Lakin kimin nə qədər yaxşı hazırlaşdığı isə ayrı məsələdir. Rusiyaya tətbiq edilən sanksiyalara gəldikdə, bu günədək 1500-dən çox rus şirkətinə və ya qurumuna, eləcə də 8 000-dən çox şəxsə sanksiya tətbiq edilib.
Rusiyanın Avropadakı valyuta rezervlərinin əhəmiyyətli hissəsi dondurulub. Eyni zamanda Rusiya SWIFT, eləcə də "VİSA" və "MasterCard" kimi beynəlxalq ödəmə sistemlərindən çıxarılıb.
Həmçinin, çox sayda beynəlxalq şirkətlər, investorlar Rusiyadakı fəaliyyətini dayandırıb, ölkənin kapital bazarı çöküb, xarici ticarəti, o cümlədən də neft və qaz ixracı əhəmiyyətli dərəcədə azalıb.
Eyni zamanda, çox sayda yaradıcı insan, dünya iqtisadiyyatı ilə bağlı olan iş adamları ölkəni tərk edib, inflyasiya səviyyəsi xeyli yüksəlib, ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi isə kiçilməkdə davam edir".
Ekspert xatırladıb ki, Rusiya iqtisadiyyatı 2020-ci ildə kiçilmişdi:
"2021-ci ildə isə bu rəqəm 4 %-dən çox artdı, 2022 və 2023-cü illərin proqnozları da yenidən əhəmiyyətli kiçilmələrin olacağını göstərir. 2022-ci il üçün bu kiçilmənin ən azı 3,4 % olacağı artıq qaçılmaz kimi qəbul edilir.
Bütün bunların fonunda isə Rusiya müharibəyə hər gün küllü miqdarda pul xərcləyir. İndi kim nə deyirsə-desin, kim hansı proqnozları verirsə-versin, bütün bunlar Rusiya iqtisadiyyatını zəiflədir. Gedişat bir neçə il davam edərsə, rus iqtisadiyyatının tamamilə çökməsi ilə də nəticələnə bilər. Yəni Rusiya bu gün müharibəni davam etdirə bilirsə, bu onun sabah da müharibəni davam etdirə biləcəyi anlamına gəlməməlidir və ya proseslərdən təsirlənmədiyi demək deyildir".
Onun sözlərinə görə, böyük iqtisadiyyatların və böyük dövlətlərin qısa müddətdə taqətdən düşməsini heç kim gözləməməlidir:
"Qərb ölkələri bu böhranı fürsətə çevirməklə məşğuldurlar. Rusiyadan asılılıqlarını azaldırlar, alternativ enerji mənbələrini gücləndirirlər və s. Görünən odur ki, Qərb prosesə uzunmüddətli məsələ kimi yanaşır və buna uyğun addımlar atır.
Doğrudur, dəqiq hesablamar aparılmasa da, sanksiyaların Qərbə Rusiyadan daha çox ziyan vurduğunu demək də çox gülməli görünə bilər. Çünki Rusiya iqtisadiyyatının dünyadakı rolu və miqyası Qərbə köklü təsir edəcək səviyyədə deyildir".