Tarixdə bu gün - 8 yanvar...
8-01-2023, 18:25

8 yanvar...
1780-ci il...
İran ərazisində azərbaycanlıların yaşadığı Xoy və Təbriz şəhərlərinə ciddi ziyan vuran güclü zəlzələ baş verir. Tarixi mənbələrə görə, zəlzələ nəticəsində 120 000 adam həlak olur
1915-ci il...
Əhməd Muxtar bəyin komandanlığı ilə birləşmiş türk ordusu Səlmas və Xoyu ələ keçirir. Eyni vaxtda rus qoşunu da general Çernozubovun başçılığı ilə Cənubi Azərbaycan istiqamətində hücum əmri alır
1919-cu il...
Erməni quldurları Zəngəzur qəzasının Quşsulu, Hacılar, Ərkötü, Ağsallı, Sağarcalan, Açaquz, Oxçu kəndlərinə basqın edirlər. Çoxlu sayda kənd sakinləri qətlə yetirilir
1938-ci il...
Tanınmış hərbi komissar Zülfüqar Abbas oğlu Seyidbəyli Hərbi Kollegiyanın qərarı ilə güllələnir
1938-ci il...
Azərbaycan SSRİ XDİK İdarəsinin 3-cü dərəcəli dövlət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə tərkibində azərbaycanlılar da olan 49 nəfər güllələnir
1977-ci il...
Rusiyanın Moskva şəhərində, metronun “İzmaylovskaya” və “Pervomayskaya” stansiyaları arasında qatar partladılır. Həmin gün Moskvanın “25 oktyabr” küçəsindəki mağazada da partlayış törədilir. Hər iki terror aktı nəticəsində 7 nəfər həlak olur, 37 nəfər yaaralanır. Aparılan istintaq nəticəsində sübut olunur ki, bu terror aktlarını azərbaycanlıların və türklərin qəddar düşməni olan Stepan Zatikyan (Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin Ermənistana birləşdirilməsi tələbini irəli sürən Ermənistan Milli Birlik Partiyasının üzvü), Akop Atepanyan, Zaven Baqdasaryan törətmişlər
1983-cü il...
7 iyun 1982-ci il tarixində erməni terroru nəticəsində ağır yaralanan Nadide Akbay (həmin hadisədə o, həyat yoldaşı Erkut Akbayı itirmişdir) dünyasını dəyişir
1988-ci il...
Ermənistandan nümayəndələr Moskvaya səfər edərək DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış daha bir müraciəti və toplanmış imzaları SSRİ Ali Soveti sədrinin müavini P.Demiçevə təqdim edirlər
1992-ci il...
Saat 1700 – da Xocavənd rayonunun ermənilər yaşayan Qağarza və Paravatumb kəndlərindən böyük dağıdıcı gücə malik olan 8 ədəd “Alazan” tipli raket mərmisi Xocavənd rayonunun Qaradağlı kəndinə atılır. Nəticədə bir neçə ev dağılıb yerlə yeksan edilir. Xəsarət alanlar olur
1992-ci il...
Türkmənistandan “Krasnovodsk” (Türkmənbaşı) – Bakı reysi ilə hərəkət edən və sərnişin daşıyan “Sovetskaya Kalmıkiya” dəniz bərəsində erməni terrorçuları tərəfindən törədilən terror aktı nəticəsində 25 nəfər həlak olur, 88 nəfər yaralanır
1993-cü il...
Kəlbəcər, Zəngilan, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bir sıra kəndləri ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur. İtkilər və dağıntılar olur
Teref.az