Real-politik və dövlət maraqları - Ya olduğun kimi görün, ya da göründüyün kimi ol

9-01-2023, 08:14           
Real-politik və dövlət maraqları -
Real-politik və dövlət maraqları. Ya olduğun kimi görün, ya da göründüyün kimi ol. (Düşünmək üçün. Dostum-qardaşım Şahin Cəfərlinin qaldırdığı mövzuya, orada yazılan rəylərə xitabən)
Dünən mənim üçün doğma, fikirlərinə dərin hörmət etdiyim bir insan olan Shahin Caferli bəy Erdoğanın son Antalya mitinqində pomidor istehsalçıları qarşısında çıxışından bir neçə saniəlik böyüm paylaşdı, orada Erdoğan Putindən Rusiya bazarına Türkiyə çifçilərinin rahat daxil olmasını rica etdiyindən, onun da bunu qəbul etdindən danışıb. Paylaşımın şərhlərində çoxsaylı idealist, amma dünyanı olduğu kimi qəbul etməklə bağlı problemləri olan insanlar gördüm – Erdoğana nifrətlə yanaşı romantik siyasi düşüncələr şərhlərin tonunu müəyyən edirdi.
Qısa haşiyə: Erdoğanın ən böyük səhvi, günahı, bəlkə də cinayəti qardaş Türkiyənin ayarları ilə, sistemi ilə oynamaq, hüquqi və konstitutsion olaraq “təkadam” rejiminə keçiddir – yəni, bu gün Türkiyə prezidentinin səlahiyyətləri heç Osmanlı Sultanlarında da yox idi, onlar ən azından Kadılardan asılı idilər. Bu gün “təkadam” sistemi qardaş Türkiyənin Ana Yasasında rəsmən təsbit edilib, bu isə ölkənin gələcəyi üçün çox təhlükəlidir – yəni, mənim şəxsi mövqeyim belədir, amma bu mənim gözümü-qulağımı qapatmır, obyektiv olmağıma mane olmur.
Türkiyə Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Ukraynaya ən çox yardım edən, müxtəlif sahələrdə əlini uzadan, Kiyev lehinə ən kritik qərarların alınmasında birbaşa iştirak edən, nəhayət, Zelenskinin ən çox publik təşəkkür etdiyi ölkələrdən biri Türkiyədir. Təbii ki, bu dəstək Erdoğanın mövqeyini ifadə edir.
Türkiyə Rusiyaya qarşı sanksiyalar qoşulmadı – düz etdi, öz dövlət və iqtisadi maraqları çərçivəsində bu addımı atdı, bir tək elə o pomidor söhbətinə qayıtsaq, keçən 2022-ci ildə Türkiyə 378 mln. dollarlıq pomidor ixrac edib, 30 minə yaxın çifçi bu prosesdən pul qazanıb. Yəni, sırf bu məsələdə Türkiyə olduğu kimi görünür, nə Ukraynanın ərazi bötövlüyünü şübhə altına alır, nə dəstəyini kəsir, amma həm də Moskva ilə öz maraqları çərçivəsində ticarətini davam etdirir. Son bir ildə Türkiyə iqtisadi olaraq Rusiyadan ən çox divident götürən ölkələrdən biridir – və doğru edir, bu hətta Qərbə də lazımdır ki, Rusiya ilə güvənli bir “nəfəslik” qalmış olsun. Bu həm də ona görə doğru siyasətdir ki, Türkiyə fraqmental dünyada yeni mərkəzlərdən biri olması üçün çalışır.
Yaxşı, gəlin olduğu kimi görünməyən ölkələrə də baxaq – AB ölkələri, Rusiyaya ən sərt sanksiyalar qoyublar, güya, bütün əlaqələri kəsiblər, amma rəsmi rəqəmlər tam tərsini deyir axı, gəlin 2022-ci ilin ilk 10 ayının məlumatlarına baxaq, hələlik ilin tamamının məlumatları yoxdur:
- 2022-ci ildə AB ölkələrinin dörtdə-üçü, yəni 20 AB ölkəsi Rusiya ilə ticarət dövriyyəsini artırıb, hətta bir neçə dəfə artıran ölkələr də var: Bolqarıstan 2,4 dəfə, Yunanıstan 2,3 dəfə, Sloveniya 2021-ci ilin ilk 10 ayına nisbətən (yəni, sanksiyalar olmayan dövrə nisbətən) 2 dəfə ticarət dövriyyəsini artırıb. Ticarət dövriyyəsini artıran ölkələr arasında İtaliya, Kipr, Macarıstan, Belçika, Avstriya və Çexiya önəlmi pay alıblar,
- 2022-ci ilin ilk 10 ayında Rusiya ilə AB ölkələri arasında ticarət dövriyyəsi 14% artaraq 228 mlrd. dollar olub. 2020-ci ilin ilk 10 ayında Rusiya AB ölkələrinə cəmi 78,4 mlrd. dollar, 2021-ci ilin eyni dövründə 127,1 mlrd. dollar, 2022-ci ilin 10 ayında isə 181,2 mlrd. dollarlıq mal-məhsul ixrac edib. Rusiyaya qarşı ən sərt çıxışlar edən Baltikyanı ölkələr də Rusiya ilə ticarət dövriyyəsini artırıblar.
Bu yazının məqsədi həm də odur ki, sosial şəbəkələrdə diskussiya bizə düşünməyi, mövqelərimizi arqumentləşdirməyi öyrətməli, buradakı diskurs keyfiyyətli olmalıdır. Siyasət romantizm deyil, bu işə zəli kimi ağıl, səbr, düşünmək qabiliyyəti, məsələlərə taktiki və strateji baxmaq bacarığı tələb edir. Mən də diskussiya edə-edə sizlərdən, sosial şəbəkə istifadəçilərindən çox şey öyrənirəm, bildiklərim nəsə varsa, onu da sizlərlə böyüşməyə, yəni, olduğum kimi görünməyə çalışıram ki, göründüyüm kimi olmağı öyrənim...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru