“Dünya Bankı Kəlbəcərdə yol tikintisinə tranş ayırdı” xəbərinə - XİN-dən reaksiya
30-05-2016, 12:58
Azərbaycan Xarici İşlər Nazirliyi Dünya Bankının Ermənistana “Martuni-Vardenis-Sotk” yol xəttinin təmiri ilə bağlı pul ayrılması xəbərinə münasibət bildirib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məlumatın cəmiyyətə təhrif olunmuş formada ötürüldüyünü qeyd edib.
Hacıyevin fikirlərini olduğu kimi təqdim edirik:
“Haqqın.az portalının 29 may 2016-cı il tarixli “Dünya Bankı Kəlbəcərdə yol tikintisinə tranş ayırdı” adlı yazısı Ermənistan mətbuatından götürülmüş xəbəri təhrif edilmiş formada təqdim edir.
Bu kimi səthi “təhlillər” və Ermənistan KİV-nə xas təbliğat ilə yerli auditoriya çaşdırılır. Martuni-Vardenis-Sotk yol xətti Ermənistan ərazisində yerləşir və Dünya Bankının təxsis etdiyi tranş bu yolun 6.5-11.1 km-nin bərpasına ayrılmışdır.
“İndilərdə Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatını təqdim edəcəyik” deyərək XİN adından danışmağa iddia etmək səlahiyyəti haqqın.az portalına verilməmişdir. Hər hansı rəsmi qurumun mövqeyini öyrənmədən onun adından danışmaq peşəkar jurnalistikadan kənardır və KİV haqqında Qanunun ciddi pozuntusudur.
Fürsətdən istifadə edərək, xüsusilə indiki həssas dövrdə bəzi mətbuat orqanlarını Ermənisan təbliğatının əlində alət olmaqdan ehtiyarlı olmağa çağırırıq”.