Dünya Ukraynada olub-bitəni necə baxırsa, Azərbaycandada olanlara eyni baxmalıdır - Bunun üçün....

15-01-2023, 08:44           
Dünya Ukraynada olub-bitəni necə baxırsa, Azərbaycandada olanlara eyni baxmalıdır
Rusiya 2014-cü ildə həyasızcasına və dünyanın susqun baxışları altında Krımı işğal və ilhaq etdi. Ukrayna dövləti tam haqlı olaraq, beynəlxalq hüquqa söykənərək Krımı blokadaya aldı, yarmadaya Ukrayna ərazisindən gedən bütün kommunikasiya xəttləri, o cümlədən içməli və suvarma üçün nəzərtə tutulan su kanalları kəsildi. O zaman bütün sivil dünya Ukraynanın bu addımlarını haqlı və hüquqi saydı, Rusiyanın, “Krım blokadaya alınıb, orada humanitar fəlakət yaşanır”, səs-küyünə heç bir əhəmiyyət verilmədi. Dünya ölkələri Rusiyanın aqressiyasına və orada yerləşdirdiyi silahlı qüvvələrə görə Krımda baş tutan psevdo-referendumu haqlı olaraq tanımadı. Hətta, Krımda “referendum” zamanı orada silahlı güclərin olduğunu, “yaşıl adamların” Kreml tərəfindən yerləşdirildiyini əsas arqument sayaraq baş verən “səsverməni” heç bir ölkə haqlı olaraq ciddiyə almadı.
Sovetlərin son illərində Azərbaycan SSRİ-nin tərkibində olan DQMV-də Rusiyanın birbaşa iştirakı, əli silahlı erməni terrorçularının təşkili ilə qondarma bir “səsvermə” olub, heç bir beynəlxalq hüquqa, hətta o zaman hələ dağılmamış SSRİ qanunlarına əsaslanmayan bu “səsverməni”, indi bəzi ölkələr hüquqi prosedur kimi təqdim etməyə çalışırlar.
Bizim ərazimizdə separatizmi təşviq edən Kreml, sonradan Ermənistana böyük yardım göstərərək ərazimizin 20%-ni işğal etdi, əsas məqsəd də işğal edilmiş 7 rayonun 5-ni sonradan Qarabağın “statusuna” dəyişmək, bununla da separatizmi rəsmiləşdirmək idi. Laçın və Kəlbəcərin qaytarılması isə heç müzakirə belə edilmirdi.
44 günlük Vətən Savaşında Azərbaycan beynəlxalq hüquqa, Əsgərinə və qurduğu de-facto/de-jure ittifaqlara söykənərək işğal altında olan torpaqlarının böyük bir hissəsini işğaldan azad etdi. Amma Kreml bölgədə mövcudiyyətini davam etdirmək üçün Xankəndi və ətrafında olan kiçik bir bölgəni işğal altında saxladı. Azərbaycan humanizm prinsiplərinə görə beynəlxalq hüquqa görə ÖZ ərazisi sayılan Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlılarla Ermənistan arasında yolun, əlaqələrin qalmasına imkan verdi. Amma Xankəndində Rusiyanın bəslədiyi və idarə etdiyi qondarma rejim separatizmdən və öz ambisiyalarından əl çəkmədi, buna görə də, Azərbaycan ÖZ ərazisindən keçən Laçın yolunda nəzarəti TAM bərpa edərək humanitar məqsədlər üçün yolun açıq qalmasına, ancaq hərbi məqsədlər üçün istifadə edilməməsinə çalışır.
Yaxşı, necə olur ki, Ukrayna 2014-cü ildə beynəlxalq hüquqa görə tam haqlı olaraq işğal altında olan Krım yarmadısına bütün yolları, kommunikasiya xəttlərini, hətta içməli suyu belə kəsəndə haqlı idi və bunu bütün beynəlxalq təşkilatlar, Qərb ölkələri məhz Kiyevin hüquqi addımları kimi dəyərləndirirdilər, amma indi Laçın yolundan silah-sursat, separatizmi gücləndirəcək avadanlıqlar keçməsinin qarşısını almağa çalışan Azərbaycan qınaq obyektinə çevrilir?! Halbuki, humanitar məsələlərə görə yol TAM açıqdır, deməli Kremlin və qondarma rejimin dərdi ordan ərzaq-dərman deyil də, silah-sursat keçməsidir!
2014-cü ildən başlayaraq Rusiya Ukraynada nə edib-edirsə, eyni addımları 30 ildir Ermənistanla birgə Azərbaycana qarşı edib-edir. Krım, Donbas, Xerson, Zaparojye necə separatçı, işğal edilmiş bölgələrdirsə, Xankəndi və ətrafı da eyni statusdadır, Ukrayna öz işğal edilmiş ərazilərinə gedən yolları, kommunikasi xəttlərini necə kəsir, nəzarətə götürürsə, Azərbaycan bunun daha yumşaq formasını etməyə çalışır. Dünya Ukraynada olub-bitəni necə Kiyevin beynəlxaq hüquqa söykənən haqqı sayırsa, Azərbaycanın da öz ərazisində separatizm, işğal və terrorla mücadiləsinə eyni gözlə baxmalıdır.
Bunun üçün isə Azərbaycan hökuməti dünya ilə “AZTV” dilində deyil, anlaşılan, hüquqi və arqumentli dillə danışmağı öyrənməlidir – vəssalam!
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru