Nazirlər Kabinetinin qərarına əsasən polis şöbələrində müvəqqəti qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxarılıb və onlar havada qalıblar...
16-01-2023, 13:11

Səhər redaksiyaya 3 zəng gəlib. İnsanların pensiya yaşı çatıb, amma pensiya hüququ yaranmayıb. Niyə? Çünki Nazirlər Kabinetinin qərarına əsasən polis şöbələrində müvəqqəti qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxarılıb. Adamların qeydiyyata düşməyə yeri yoxdur. Qalıblar havada. DOST mərkəzləri onlardan ünvan tələb edir...
Bakı və Bakıətrafında yüz minlərlə qanunsuz ev tikilib. O evlər prezidentin sərəncamlarına, göstərişlərinə rəğmən sənədləşdirilmir. Nəticədə insanların daimi qeydiyyat ünvanı yoxdur. Uşaqlar doğulur, valideyinin qeydiyyatı yoxdur deyə, doğum şəhadətnaməsi verilmir. Adamlar poliklinikalarda, məktəblərdə qeydiyyata düşə bilmirlər...
Bu yandan da bütün Azərbaycanın Bakıya axışması problemi var. Çünki bölgələrdə iş yoxdur, insanların torpaqlarını əkib-becərməsi mümkün deyil. 1 maşın peyinin qiyməti 350 manata qalxıb. Toxum bahadır, gübrə od qiymətinədir. Aqrotexniki qaydalara riayət etmək qiymətlərin bahalığı səbəbindən mümkünsüzdür. Xərci kirəsindən baha başa gəlir deyə, adamlar torpağı əkib-becərə bilmirlər. Örüş yerləri yoxdur deyə mal-qara saxlaya bilmirlər. Dən bahadır deyə toyuq-cücə saxlamaq sərf eləmir. Azərbaycan kəndi məhv olub. Bu ölkə paytaxt Bakıdan ibarətdir. Bakı daha yükü qaldıra bilmir...
Avropaya qaz ixracı, TAP, TANAP, Zəngilan dəhlizi, diplomatik uğurlar, Qərbi Azərbaycana qayıdış deyib haray salırıq, amma ölkənin daha böyük dərdləri, problemləri unudulub. Regionların inkişafına ayrılan milyonlarla vəsait 3-5 məmuru ağ günə çıxarıb, regionlar isə batıb. İndi məmurların əlində gözəl bəhanə yaranıb: "Qarabağa qayıdış" layihəsini həyata keçiririk, qalan işlərə pul yoxdur. Şəhid ailələrini, müharibə əlillərini də əllərində bayraq ediblər...
Azərbaycan hakimiyyətini Bakının göydələnlərindən Azərbaycanın bölgələrinə də bir boylanmağa dəvət edirəm...
Ulker Abdullayeva
Teref.az