“ "Rusiyanın niyyəti və əsas planı münaqişənin dondurulmasıdır"
20-01-2023, 18:30

“Sovetlər dağıldıqdan sonra Rusiya varis ölkə olaraq, İttifaqın bütün hərbi arsenalına, xüsusən də nüvə başlıqları, donanma, aviasiya və kosmos sənayesinə sahib çıxdı. İttifaqın dağılma prossesi elə sürətlə baş verdi ki, Rusiya özünə gələnə qədər keçmiş respublikalar öz ərazilərindən Rusiya qoşunlarını ildırım sürətilə çıxardılar”. TEREF.AZ bildirir ki, bunu Bizimyol.info xəbər portalına politoloq Vasif Əfəndi deyib.
Qeyd edir ki, Putin hakimiyyətə gəldiyi gündən SSRİ-nin dağılmasını qeyri-qanuni elan etməklə bütün gücünü yenidən imperiyanın bərpasına yönəltdi. Belə ki, Qafqazda xüsusi qəddarlıqla Çeçenstanı təslim etdi. Daha sonra isə 3 Qafqaz Respublikasında Qorbaçovdan miras qalmış konfliktləri daha da dərinləşdirərək bölgəyə öz qoşunlarını yeritdi. Yəni hazırda Rusiya qoşunları 2045-ci ilə qədər rəsmən Ermənistan ərazisində qala biləcək müqaviləyə malikdir. Gürcüstanın isə iki keçmiş muxtar Respublikasını ilhaq edərək öz ərazisinə qatıb. 44 günlük Qarabağ savaşından sonra Rusiya fürsətdən istifadə edərək, Azərbaycan ərazisinə 5 il müddətində qalmaq şərti ilə qoşunlarını yerləşdirməyə nail olub.
“Ukrayna ilə bağlı vəziyyət də göz qabağındadır. Hazırda Azərbaycan və Ermənistan fərqli tərəfdən yanaşaraq yarımçıq qalmış Qarabağ problemini çözməyə çalışırlar. Azərbayan əsasən beynəlxalq hüquqa və 10 noyabr kapitulysaiya aktına istinad edərək məsələyə birdəfəlik son qoymağa qərarlıdır. Müharibənin ilk aylarında Ermənistan böyük sülh müqaviləsinə isti yanaşırdısa, Rusiya və Fransanın təzyiqləri ilə danışqıların istiqamətini və şərtlərini dəyişməyə sövq edilir. Məhz bu səbəbə görə, Ermənistan Avropa İttifaqının müşahidəçilər missiyasını iki il müddətinə Ermənistana dəvət etmək üçün müraciət edib və müsbət cavab alıb. Paşinyanın bu addımı Rusiyanın qıcıqlanmasına səbəb oldu və Lavrov bəyanat verərək Ermənistanın yanlış qərar verdiyini bildirdi. Rusiyanın niyyəti və əsas planı isə münaqişənin dondurulmasından ibarətdir. Bu vəziyyət rus qoşunlarının Azərbaycan ərzisində yerləşib yataqlanmasına imkan verə bilər. Vardanyanın Qarabağa göndərilməsi və Araik Arutunyanın səlahiyyətlərinin məhdudlaşdırılması da bu məqsədə xidmət edir. Putin öz emissarını Qarabağa göndərməklə Azərbaycan qanuni hökumət nümayəndələrinin Xankəndində məskunlaşan sepatçı qüvvələrlə birbaşa konatakta çıxmasına əngəl törətməyə cəhd edir. Buna baxmayaraq yaxın günlərdə belə bir kontaktın yenidən baş tutması barədə məlumatlar yayılıb".
Azərbaycan tərəfi israrla Vardanyanın Qarabağı tərk etməsini tələb etməkdə davam etməlidir. Vardanyan perspektivsiz bir layihəyə qoşulub və onun Qarabağdan qovulacağı gün uzaqda deyil.