20 Yanvar mülahizələri

23-01-2023, 08:14           
20 Yanvar mülahizələri
İki gün öncə Azərbaycan Respublikasının və xalqının tarixində daim qalacaq bir günü – 20 Yanvar faciəsi və qəhramanlığının il dönümünü qeyd etdik. Gün ərzində bir neçə dəfə bizim yerli TV kanalları “vərəqlədim”, məncə ilk dəfə idi ki, 20 yanvar günü ilə bağlı bir tək faciə kimi deyil, həm də qəhramanlıq salnaməsi, şərəfli bir gün kimi də reportajlar gördüm, fikirlər eşitdim – açığı, bu məni sevindirdi, çünki, mənim üçün 20 Yanvar tək faciə, SSRİ-nin vəhşiliyinin göstəricisi deyil də, azadlıq uğrunda şərəfli mücadilə simvolu idi.
20 Yanvarın şərəfli bir gün kimi anılması ona görə vacibdir ki, gənc nəsillər ölkəyə təhlükənin həmişə daha çox Şimaldan gəlmə ehtimalını unutmasınlar, həm də bu günü bizə bir daha xatırladır ki, məmləkətdə əlində silah olan Rusiya əsgəri olmamalıdır.
Sosial şəbəkələrdə də bənzər fikirlər gördüm, amma bəzi paylaşımlar, foto və şərhlər məni düşündürdü və bu yazını qələmə almağa qərar verdim. Bəzi adamlar Şəhidlərimizin dəfn günü yüzminlərlə insanın iştirak etməsini fotolarla xatırlayaraq, “hanı bu xalq, hanı bu insanlar”, kimi fikirlər yayırdılar. Zaman-zaman Milli Dirçəliş günündə, 31 Dekabr Həmrəylik günündə də bənzər fotolar yayıb dad edənləri görmüşəm. Belələri 1988-91-ci illər arası baş verənlərin hələ də anlamırlar, fərqi, məsələlərin fəlsəfəsini dərk edə bilmirlər, gah da xarici jurnallardan birinin 1989-cu ildə ilin xalqı kimi təqdim olunmağımızı xatırlayıb Azadlıq Meydanında çəkilmiş yüzminlərin iştirakı olan mitinqləri əks etdirən foroları yayıb xalqın bu gün meydanda olmadığına işarə vurub, bunun üçün də elə xalqı günahlandırmağa çalışırlar. Belələrinin bir çoxu elə o Meydan hərəkatının alqoritmindən çıxa bilmədikləri üçün o illərdə ilişib-qalıblar.
Əzizlərim, 1988-91-ci illərdə olan hadisələrin məntiqi və amalı başqa idi – Biz Müstəqil Dövlət olmaq üçün mücadilə edirdik, qarşımızda isə Rus-Sovet İmperiyası var idi, öz bayrağı, himni, ordusu, pul vahidi, sərhədləri olan müstəqil Dövlət qurmaq məqsədi var idi. Meydanların dolu, xalqın ayaqda olmasının ən vacib şərti məhz bu idi, həm də o zaman hakimiyyət daxilində siyasi elitanın böyük bir hissəsi də müxtəlif səbəblərdən müstəqil Azərbaycanı dəstəkləyirdilər deyə küçə-meydanlar dolub-daşırdı. O elitanın bir qismi doğrudan da müstəqil ölkə amalı ilə yaşayırdılarsa, bir qismi də oğurladıqlarını Moskva ilə bölüşməmək, başlarının üstündə Kreml canışınlərinin olmaması üçün Hərəkata dəstək verirdilər. Məhz həm də siyasi elitanın dəstəyi ilə xalq ayaqda idi – bunu heç vaxt unutmayaq, çünki bu günün susqunluğunun səbəblərindən biri də odur ki, elita siyasətdən uzaqdı, intriqalar hakimiyyət uğrunda deyil də, Hakimi-Mütləqə yaxın olmaq üçündür.
Xalqın böyük bir hissəsi qarşısına qoyduğu məqsədə çatdı və prosesdən yavaş-yavaş, məhz elə Hərəkatçıların səhvləri nəticəsində uzaqlaşdı. Xalqın böyük hissəsi müstəqil Azərbaycan istəyirdi – ona da nail olub vəzifəsini bitmiş hesab etdi. Ona görə də, mental olaraq 1988-91-də qalanlar, onların təsirinə düşənlər prosesləri anlaya, qavraya bilmədiklərinə görə o dövrün fotolarını paylaşıb köks ötürüb xalqı günahlandırmağa çalışırlar.
Bizim camaatın, xalqın çox möhtəşəm orqanik ağlı var – savad olmaya bilər, amma təbii-orqanik ağlı boldur. Siyasi proseslərdən uzaq olmaqları nə tək basqı, nə tək qorxu ilə izah edilə bilməz, əsas səbəb hekayasi tükənmişlərin yeni hekayə yaratmaq istəyənlərə badalaq gəlməsidir. Bu sistemi ayaqda saxlayan hər iki tərəfin (hakimiyyət və Hərəkat müxalifətinin) “status quo”-nu saxlamaq istəkləridir – bunu isə xalqın fərdləri görür, anlayır, xilas yolunu individual olaraq axtarır, çünki kollektiv axtarışların 30 ildir bəhrə vermədiyini açıq-aydın görürlər.
Ona görə də, siyasi fəaliyyətsizliyə, və ya flankəslərin məhkəməsinə getmədiyinə görə toplumu qınamaq ən mənasız məşğuliyyətdir. Vətəndaşı seçkiyə getmədiyinə görə qınamaq və iştiraka təşviq etmək lazımdır - əsas məsələ və çıxış yolu məhz budur...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru