Hakimiyyətdəki revanşistlər təşkilatlanır, GİZLİ QRUPLARA tapşırıq verilib – Sabotaj, təxribat…

29-01-2023, 13:29           
Hakimiyyətdəki revanşistlər təşkilatlanır, GİZLİ QRUPLARA tapşırıq verilib – Sabotaj, təxribat…
Ölkədə gedən proseslər ciddi mətləblərdən xəbər verir. Bu proseslər yaxın dövr üçün Azərbaycanın gələcəyini müəyyən edəcək gücdədir. Hakim komanda forma və məzmun etibarilə demək olar, tam dəyişib. İqtidarın vitrini əvvəlki illərdən tam fərqlənir. Son 3-4 ildə elə simalar komandanı tərk edib ki… Daha doğrusu, onlar öz xoşları yox, ali iradə hesabına yapışdıqları kreslolardan qoparılaraq, pensiyaya göndərildi.

Məsələn, Hacıbala Abutalıbov öz xoşuna Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən gedərdimi? Baş nazirin müavini vəzifəsindən istefa verərdimi?

Əli Həsənov neçə illərdir tutduğu vəzifələrdən – “Qaçqınkom” sədrliyindən və Baş nazirin müavinliyindən ömrünün sonuna kimi əl çəkənə oxşayırdımı?

Dövlət üzə salmasaydı, Ramiz Mehdiyev o dünyaya Prezident Administrasiyasındakı kabinetindən uğurlanacaqdı. Ona nəzakət xatirinə verilmiş AMEA prezidentliyindən zorla istefa verdi. Az qalsın, adamı döyə-döyə vəzifədən getməyə məcbur etdilər.

Zakir Qaralovun özünə qalsa idi Baş prokuror görəvindən Əzrayıl onu xatırlayana qədər uzaqlaşan deyildi. 20 ildən çox idi kresloda kök salmışdı.

Siyahını uzatmaq olar, amma lüzum görmürük. Dörd nəfərin nümunəsində onlarla belə yüksəkrütbəli məmur yada düşür.

Sonuncu uzunömürlü vəzifə sahibi Vasif Talıbov idi. 27 il Naxçıvan Muxtar Respublikasına rəhbərlik etmiş bu adamı, demək olar, vəzifədən zorla uzaqlaşdırdılar. Xüsusi əməliyyatla. Onun 30 illik karyerası biabırçı şəkildə sonlandı.

Globalinfo.az-a daxil olan məlumata görə, vurulmuş məmurlar revanşa hazırlaşırlar. Mötəbər mənbənin saytımıza verdiyi məlumatda deyilir ki, onlar hakimiyyətdə hələ də vəzifədə olan tərəfdarlarına həmlə üçün hazırlaşmaq tapşırığı veriblər.

Söhbət kimlərinsə əlinə silah alıb, dövlətə qarşı üsyana hazırlaşmasından getmir. Burada bir çox variantlar var ki, onların da ən effektlisi sabotaj və təxribatdır.

Ölkədə gedən islahatları, Prezidentin tapşırıq və sərəncamlarını sabotaj etmək üçün hazırda iqtidarda xeyli sayda məmurun olduğu deyilir. Şərti olaraq Mehdiyev-Talıbov qruplaşması adlandırılan bu dəstə vaxtilə hakimiyyətin müxtəlif strukturlarına yerləşdiriliblər.

Xatırladaq ki, BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Globalinfo.az-a verdiyi geniş müsahibədə bir çox vacib məqamlara toxunub. Onlardan biri də V.Talıbovun hakimiyyətdəki adamları ilə bağlıdır. Deputatın dediklərini bir daha yada salaq. Sitat: “Vasif Talıbovu güc strukturunda, hüquq mühafizə orqanlarında, məhkəmə sistemində, dövlət idarəçiliyində Azərbaycanın gələcək dövlət başçısı kimi görən xeyli sayda insanlar var. O, vaxtilə xeyli insanı çox yüksək vəzifələrə yerləşdirib. O insanlar bu gün də hakimiyyətdədir. Hesab edirəm ki, tədricən onların təmizlənməsi prosesi gedəcək”.

Təsəvvür edin, Ramiz Mehdiyevin nə qədər adamı var idarəçilikdə. Zakir Qaralov prokurorluq orqanlarına nə qədər kadr yerləşdirib. Hələ hərbi sahəni demirik. Müdafiə Nazirliyi sistemində Nəcməddin Sadıqovun adamlarının sayını təsəvvür etmək belə mümkün deyil.

Vasif Talıbovun “çete”si artıq Naxçıvanda təxribata başlayıb. Ali Məclis sədrinin müavini Azər Zeynalov və Naxçıvan Dövlət Televiziyasının sədri Sahil Tahirli muxtar respublikada hərəkətə keçiblər. Xüsusilə də medianın fəaliyyətinə əngəl törədirlər. Bu haqda sosial şəbəkələrdə detallı məlumatlar paylaşılır.

Bu, hələ ictimailəşən bir faktdır. Görün, pərdəarxasında nələr olur. Məsələn, ordudakı Nəcməddinçilər, hüquq mühafizə orqanlarındakı Qaralovçular, icra hakimiyyəti strukturundakı Mehdiyevçilər, məhkəmə, polis, gömrük və s. sahələrdəki Talıbovçular nələr etməyə qadirdilər. Və bu adamların indi əsas fəaliyyəti radikal müxalifətlə əlaqəyə girməkdir. Hazırda İranla, Qərb xüsusi xidmət servisləri ilə, hətta dolayısı ilə Ermənistanla kontaktda olan radikal siyasi qüvvələrlə hakimiyyətdən vurulan, revanş hissi ilə alışıb-yanan qüvvələrin birləşməsi Azərbaycana böyük fəlakətlər vəd edir.

Bir neçə ay əvvəl bu kimi tezislər o qədər də inandırıcı gəlmirdi. Məsələn, Milli Məclis sədrinin müavini Adil Əliyev 2022-ci ilin iyul ayında mətbuata müsahibəsində bu məsələlərə toxunmuşdu. Narahaqlığını açıq, detallı şəkildə dilə gətirmişdi. A.Əliyevdən sitat: “Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-ci Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır. Görünür, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir”.

Vitse-spiker iddia etmişdi ki, hakimiyyətdə Prezident İlham Əliyevə qarşı fəaliyyət göstərən güclü komanda var. Ardınca fikrini belə əsaslandırmışdı:

“Bilirsiniz ki, uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Mehdiyev məhz bu təxribatçı əməllərinə görə işdən qovuldu. Baxmayaraq ki, bu, açıq şəkildə ifadə olunmasa da, əsas səbəb Ramiz Mehdiyevin təxribatçı əməlləri idi. Bu adam əlində olan səlahiyyətlərindən istifadə edərək əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlət ilə xalq arasında uçurumlar yaradır. Korrupsioner məmurların hamısı onun ətrafında cəmləşdirən Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı”.

Vitse-spiker müsahibədə açıq şəkildə SOS siqnalı verirdi. O vaxt A.Əliyevin bu iddialarını “populist “çıxış adlandıranlar da oldu, buna ciddi yanaşanlar da. Amma bugünkü gerçəklikdən baxanda məlum olur ki, ölkənin ən məlumatlı adamlarından olan hörmətli Adil Əliyevin narahatlığı səbəbsiz deyilmiş. Vasif Talıbov məsələsi ortaya çıxdıqdan sonra bilindi ki, bu hələ anonsdur. Hakimiyyətin içində dövlətə və Prezidentə qarşı ciddi qüvvələr var imiş.

Onlar indi də var. İllərdir vəzifəsinin verdiyi avantaj bu adamların imkanlarını xeyli artırıb. Özlərinə lider saydıqları vəzifədən getsələr də, adamları dövlət strukturlarında qalmaqdadır.

Korrupsiya cinayətlərinə görə həbs edilmiş, bir neçə il türmədə yatmış adamlar dövləti məhkəmə verməyə başlayıb. Onlar korrupsiya yolu ilə əldə etdikləri əmlakları geri tələb edirlər. Bu adamların fəallaşması təssadüfdürmü?

Məsələn, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat Rəhbəri Vidadi Zeynalov dövlətə meydan oxuyur. Mətbuata müsahibə verib, deyib ki, əmlakını qanunsuz əlindən alıblar. Soruşan lazım, o əmlakı hansı qnuni yollarla qazandığı vəsaitlə almısan?

Akif Çovdarov və Əli İnsanov da korrupsiya yolu ilə əldə etdikləri əmlakları geri almağa başlayıblar. Yaxşı tendnsiya deyil. Sən dövləti soy, çap, tala, millətin vergiləri ilə foirmalaşan büdcəni sil-süpür, illərlə oğurluq et, rüşvət al, dövlət vəsaitini min bir fırıldaqla ələ keçir, sonta da həbs olun, türmədən çıxanda de ki, əmlakımı geri verin. Arxalarını güclü görməsələr, səslərini çıxararlarmı? Əsla!

Bunlara dil və cəsarət verən qüvvələrin özlərini vəzifədən qovmaq lazımdır. Növbəti mərhələdə bu adamların təmizlənməsi mütləqdir. Yoxsa Azərbaycanda çox ciddi fəlakətlər yaşana bilər. İnanırıq, dövlətin başında dayanan şəxslər bu təhlükənin böyüməməsi üçün lazımlı addımlar atacaqlar. Xəyanət yuvaları vaxtında dağıdılacaq.

O qədər çoxdular, yaxın 1-2 ilə bunlarla vidalaşmaq çətin görünür. Dövlətin istəyi olarsa, bu mərhələni də adlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.