Səfirliyimizə hücumun sirr pərdəsi qalxır: sürpriz qüvvələr üzə çıxır… – TƏHLİL
29-01-2023, 13:31
Azərbaycanın Tehrandakı səfirliyinin binasına terror hücumu onsuz da çətin dönəmlər yaşayan Azərbaycan-İran münasibətlərini bir qədər də gərginləşdirib. Teraktdan yayılan görüntülər isə insidentlə bağlı şübhəli məqamları artırıb. Bu da teraktın arxasında İranın dayanması ehtimallarını gücləndirib.
Teraktla bağlı ən qaranlıq məqam isə onun niyə məhz yanvarın 27-də törədilməsidir. Məhz bu tarix yəhudi soyqırımı – Holokost qurbanlarının anım günüdür ki, bu da öz növbəsində bütün diqqətləri Tehrana tərəf yönəldir. Belə ki, məhz İran tərəfi indiyə qədər həm rəsmi, həm də qeyri-rəsmi formada Bakını İsraillə əlaqələrdə, eləcə də onların təbirincə, sionistlərin maraqlarına xidmətdə ittiham edirdi. Üstəlik, bu ittihamlar xüsusilə Bakının gözlənilmədən İsraildə səfirlik açmasından sonra bir qədər də artmışdı. Digər tərəfdən daha bir maraqlı məqam isə səfirlik açılması fonunda İsrailin Xarici İşlər Nazirliyinin iki nümayəndəsi Aliza bin Noun və Coşua Zakarın Bakıya səfəri və prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüdür. Hər iki diplomatın böyük təcrübə sahibi olduğunu, o cümlədən Zakarın İsrailin Fars körfəzi ölkələri ilə münasibətlərin bərpasında mühüm rol oynadığını nəzərə alarsaq, o zaman Bakıda da İran məsələsinin müzakirə mövzusu olduğunu təxmin etmək olar. Görünür, bu məqamı həmçinin İranda da başa düşüblər və bu Tehrandakı təşvişi bir qədər də artırıb.
Diqqət çəkən məqam isə diplomatların Bakı səfərindən az sonra İsrail mətbuatının Azərbaycanı təbliğ edən materiallarının sayını artırmasıdır. Görünür, rəsmi Təl-Əvivin addımlarını diqqətlə izləyən İran üçün bu, təhdid işarəsi rolunu oynayıb. İrana görə, İsraillə Bakının münasibətlərinin yeni səviyyəyə keçməsi, Tehranın bölgədəki təsir imkanları ilə yanaşı onun dayaqlarının da zəifləməsinə imkan yaradır. Üstəlik, yaşananlar fonunda İrana qarşı təkcə İsraildən yox, ABŞ-dan da təzyiqlər güclənir ki, bu da İrandakı rejimin güvəndiyi əsas dayaq olan nüvə sisteminin sıradan çıxarılması məsələsini gündəmə gətirir. Nəticədə İrana zərbə endirilməsi ehtimalı artır ki, bunu da artıq Tehranda da ifadə etməyə başlayırlar. Ən azından İsrailin İrana zərbə endirilməsi ilə bağlı hazırlıqlarını keçən ilin yayında tamamlaması, üstəlik bu prosesin ölkədəki son etirazlarla üst-üstə düşməsi Tehranda təşvişi bir qədər də artırır. Buna həm də İrandan fərqli olaraq Təl-Əvivin Bakı ilə əlaqələrinə həddən artıq önəm verməsi, eləcə də İranın beyni sayılan şimal-qərbdə Azərbaycanın böyük nüfuzunu nəzərə alaraq, Təl-Əvivin Bakı ilə əlaqələrinə həddən artıq önəm verməsi şərait yaradır. Səudiyyə Ərəbistanının Sərhəd Qoşunları generalının isə teraktdan az öncə Bakını ziyarət etməsi də Tehranda təşvişi bir qədər də artırıb. Görünür, Bakının bütün vədlərinə baxmayaraq, İranda bu ehtimalın üzərindən xətt çəkmək istəməyiblər. Üstəlik, bu fərziyyənin üzərinə Bakının İsraillə əlaqələrinə görə, ittihamların xüsusilə SEPAH-ın nəzarətindəki media qurumları tərəfindən insidentdən az öncə artması, baş verənlərin bilərəkdən Bakıya mesaj üçün göndərildiyini deməyə əsas verir. Bu teraktın sifarişçisinin SEPAH olması təxminlərini gücləndirir. Ən azından SEPAH-ın tarixində səfirliklərdə terakt təşkili ilə bağlı böyük təcrübənin olması da bu ehtimalı reallığa yaxın edir.
Elitada parçalanma: Abdullahian generallara qarşı
Yaşananlar həmçinin ortaya başqa sualların da gəlməsinə imkan yaradıb. Belə ki, teraktdan cəmi üç gün öncə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında Daşkənddə görüş baş tutub. Bu görüşün səhərisi isə Bakıda prezidentin köməkçisi Hikmət Hacıyevlə İran səfiri Abbas Musəvinin görüşü keçirilib. Hacıyevin o zaman öz Tvitter səhifəsində iki ölkə arasındakı problemlərin diplomatiya yolu ilə həll edilməsinə dair fikir səsləndirməsi isə Tehranla Bakı arasındakı gərginliyi müəyyən qədər yumşaldacağı ehtimal olunurdu. Ən azından Tehranın ölkədəki etirazlarla bağlı yaşadığı gərginliyin bir qədər artması, eləcə də Qərbin SEPAH-la bağlı təzyiqlərinin bir qədər də güclənməsi Tehranın Zəngəzur dəhlizi məsələsində Bakı ilə müəyyən sövdələşməyə getmək ehtimalını gücləndirirdi. Məhz bu görüşlərdən sonra belə teraktın yaşanması isə Tehranın öz istəyinə çatmadığını təxmin etməyə imkan verir. Yəni Bakı ilə sövdələşməsi alınmayan İran ənənəvi taktikasından yararlanır ki, bununla da Azərbaycana “istənilən an hədəfə çevirə bilərik” mesajı göndərir. Bənzər məntiqdən teokratik rejimin ABŞ, Britaniya və Səudiyyə Ərəbistanı səfirliklərinə etdiyi hücumlarda istifadə olunub.
Bununla belə Abdullahian-Bayramov görüşündən dərhal sonra insidentin yaşanması ortaya həm də İran hakimiyyəti daxilində fikir ayrılıqlarının olmasını üzə çıxarır. Elita daxilindəki savaşı güclənib ki, bu da nəticədə teokratik rejimin əsas dayaqları sayılan mühafizəkarların və fanatiklərin mövqeyini gücləndirib. Nəticədə SEPAH hakimiyyət daxilində dayaqlarını genişləndirə bilib. Əvvəllər hərbi və iqtisadi məsələlərə təsir gücünə sahib olan SEPAH generalları görünür artıq ölkənin seçdiyi kursu birbaşa müəyyən edən fiqurlara çevrilməyə başlayıblar. Abdullahian mühafizəkarların nümayəndəsi sayılsa da, onun son bir ildə SEPAH-la xüsusilə nüvə razılaşması ilə bağlı münasibətlərdə mövqelərinin üst-üstə düşmədiyi aydın süzilir. Görünür, bənzər situasiya məhz Bakı ilə də yaşanır və İran baş diplomatının bütün vədlərinə rəğmən Tehrandakı əsas güc sahibləri başqa cür düşünürlər. Bu da İranda sistem böhranını açıq şəkildə ortaya qoyur. Xarici işlər naziri Ceyhun Bayramovun keçən ilin 5 noyabrında səsləndirdiyi fikirlər də bunu açıq şəkildə sübuta yetirir:
“İran mediasında Azərbaycan qarşı söylənən fikirlər, qeyri-dost fikirlər təbii ki, Azərbaycan tərəfinin diqqətindədir, bizi narahat edir. Biz XİN səviyyəsində danışarkən bunu açıq şəkildə danışırıq, müzakirə edirik. Mənim iranlı həmkarım, nazir Abdullahian bu məsələyə çox həssaslıqla yanaşır və öz səlahiyyətləri çərçivəsində hər zaman Azərbaycan-İran münasibətlərində hər hansı xoşagəlməz halların aradan qaldırılması üçün addımlar atır, mən bunu bir neçə dəfə müşahidə etmişəm. Bizim onunla kifayət qədər intensiv, birbaşa dialoqumuz var. Bir şeyi vurğulamaq istəyirəm ki, münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək kifayət qədər mürəkkəb prosesdir. Nəyisə korlamaq isə daha asandır, nəinki onu bərpa etmək”.
SEPAH-ın ASALA versiyası
Ən maraqlı məqam isə baş verənlər fonunda İranla yanaşı Rusiya mediasının da israrla teraktda iz itirməyə çalışmasıdır. İnsidentdən az sonra ASALA və digər erməni təşkilatlarla bağlı iddiaların gündəmə gətirilməsi də bunu deməyə əsas verir. İddialara əsasən, məhz terakt ASALA tərəfindən MOSSAD-ın sifarişi ilə həyata keçirilib. Üstəlik onlara hakimiyyət daxilindən dəstəyin də verilməsi, həmçinin 6 süryaninin məsələ ilə əlaqədar axtarışa verilməsi iddialar arasında yer alıb. Bununla belə iddianı boş çıxaran əsas məqam ASALA-nın artıq mövcud olmamasıdır. Digər tərəfdən isə ASALA həm də MOSSAD-ın düşməni sayılır və zamanında Fələstindəki müəyyən qruplara İsraildə terakt törətməsi üçün yardım etməsi, onu İsrailin qara siyahısına salıb. Bundan başqa, məhz İsrail Livana hərbi müdaxiləsi zamanı ASALA-nın məhv edilməsi üçün Türkiyə kəşfiyyatına hər cür yardımı göstərib. Məhz bütün bu münasibətlər ASALA ehtimalını yox edir.
Ən maraqlı məqam isə İranın ASALA ilə fəaliyyət təcrübəsinin ümumiyyətlə olmamasıdır. Məsələ orasındadır ki, ASALA yarandığı gündən son anlarına qədər SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən koordinasiya edilib. Məhz SSRİ-nin süqutu onu da tarixə qovuşdurub. Üstəlik, İrandakı teokratik rejimin məntiqinə əsasən, ölkə daxilində mövcud olan milli qruplaşmalar ilk növbədə SEPAH-ın rəsmi qurumu olaraq fəaliyyət göstərməlidir. Buna əsas misal kimi Hüseyniyun qruplaşmasını göstərmək olar. Qeyri-rəsmi fəaliyyət göstərəcək təşkilatlar isə İrana xidmət edəcəyi halda belə istənilən vaxt nəzarətdən çıxa bilər ki, buna da SEPAH qətiyyən yol vermək istəmir. Yəni belə xofun mövcudluğu ASALA-nın İranda mövcudluğu ehtimalını da sıfırlayır. Digər tərəfdən isə İranın ASALA ilə bağlı ortaya atdığı versiya və yuxarıda söylənilən terrorçuların bütün ölkə ərazisində axtarışa verilməsi ssenarisi daha çox İsrailin iranlı alimlərə sui-qəsd həyata keçirməsindən sonra Tehrandakı hakimiyyət mediası tərəfindən səsləndirilən variantlara çox bənzəyir.
Beləliklə səfirlik teraktı İran-Azərbaycan münasibətlərində yeni dönəm başladır. Əvvəlki gərginliklərdən fərqli olaraq Tehranın bu dəfə münasibətləri asanlıqla bərpa edəcəyi inandırıcı görünmür.
İlkin Həsənov
Xüsusi olaraq Globalinfo.az üçün