Azərbaycanın bərpaolunan-alternativ enerji istehsalı mərkəzlərindən birinə çevrilmək istəyirsə,...

4-02-2023, 09:04           
Azərbaycanın bərpaolunan-alternativ enerji istehsalı mərkəzlərindən birinə çevrilmək istəyirsə,...
Azərbaycan alternativ-bərpaolunan enerji istehsalı mərkəzlərindən birinə çevrilmək istəyir, bunun üçün xarici və yerli investisiyaları cəlb etməyi düşünür, hətta Qara Dənizin altı ilə Runıniyaya yüksək gərginlikli elektrik xətti də çəkməyi planlaşdırır – bura qədər eyvallah, olsun, dünya da bu yolla gedir. Amma, hökumət, nədənsə bunun təhlükəli tərəfləri haqqında düşünmür/danışmır, beynəlxalq güc mərkəzlərinin gündəliyini həyata keçirməyə çalışır. Təhlükə isə ondan ibarətdir ki, əgər pararlel olaraq məmləkətdə bu sahədə ciddi mütəxəssislər yaranmasa və detalların istehsalı, proqram təminatı ilə bağlı yerli müəssisələr olmasa, bir müddətdən sonra bu sahədə də xaricdən ciddi asılılığımız yaranacaq.
Bu sahədə istehsal texnologiyaları, proqram təminatı, detalların istehsalında lider ölkələr var – onların da marağındadır ki, inkişaf etməkdə olan ölkələri “bərpaolunan enerji iynəsinə” otuzdursunlar. Enerji bizim ərazidə istehsal olunub xaricə valyuta ilə satılsa da, sonradan həmin valyutanın böyük bir hissəsi xarici mütəxəssislərə maaş kimi, avadanlıq istehsalçılarına və proqram təminatçılarına ödəniş kimi geri, elə həmin inkişaf etmiş ölkələrin şirkətlərinə ödəniləcək.
Bu gün Qərbin inkişaf etməkdə olan ölkələrdən necə neft-qaz asılılığı varsa, sabah neft-qaz ölkələrinin onlardan avadanlıq, detal, proqram təminatı və mütəxəssislər asılılığı yaranacaq.
Bu sahədə ixtisaslaşmış böyük və nüfuzlu xarici Universitetlərin məmləkətdə filialları açılmalı, müasir kampusları, labaratoriyaları olan, bilikli müəllimlər dərs deyən Ali Məktəblər yaradılmalıdır. Pararlel olaraq xarici tərəfdaşlarla birgə istehsal müəssisələri qurulmalı, həmin zavod-fabriklər dövlət tərəfindən uzunmüddətli və çox aşağı faizli kreditlərlə təmin edilməlidir.
Əgər bu işlər pararlel olaraq görülməsə, Azərbaycanın bərpaolunan-alternativ enerji sevdası məmləkət üçün valyuta qazanan deyil də, növbəti dəfə valyuta çıxaran, asılılıq yaradan sahəyə çevriləcək...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru