Rusiya təbliğatı iflasa uğrayır, daxili auditoriyanı da itirir,...
6-02-2023, 00:03

Rusiyanın Ukraynaya qarşı təcavüzünü Kreml dünyaya və əsasən də öz ictimayyətinə bir neçə “arqumentlə” əsaslandırmağa çalışır:
- Kreml deyir Ukraynaya ona görə soxulub ki, bu ölkədə yaşayan milyonlarla rusları, və ya rusdilləri qorusun. Elə həmən də, məsələn, Baltikyanı ölkələrdə yaşayan rus və rusdillərin də diskriminasiyaya uğradıqlarını deyir, amma ora soxula bilmədiyini də həmin ölkələrin NATO üzvü olduğu ilə əsaslandırır – çıxan nəticə nədir? Bəli, NATO üzvlüyü 3 Baltikyanı ölkələrə Kreml təcavücündən qoruma qalxanı verib. Bundan çıxan nəticə nədir? Rusiya təcavüzündən yeganə çıxış yolu NATO üzvlüyüdür. Deməli məhz elə Kreml siyasəti post-sovet və post-sosialist ölkələrini NATO üzvlüyünə tərəf itələyir. Ukraynanın NATO-ya üzv olmaq həvəsi məhz elə Kremldən qorunmaq üçün olduğunu Kreml elə öz təbliğatı ilə sübut edir, haqq qazandırır,
- Moskva deyir ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün ona görə təhlükədir ki, Ukrayna sərhədlərindən Moskvaya cəmi 740 km-dir. Yenə öz əhalisini aldadır: NATO üzvü olan Latviya sərhəddində elə nöqtələr var ki, oradan Moskvaya daha yaxındır, deməli NATO Moskvanı vurmaq istəsəydi Ukraynadan niyə vururdu ki, elə Latviya ərazisindən vurar, bununla da öz hədəflərinə çatardı,
- Kreml Ukraynaya hücum etmədən öncə bəyan edirdi ki, Moskvanın əsas hədəfi NATO güclərini, infrastrukturunu Rusiya sərhədlərindən uzaqlaşdırmaq istəyir. Yaxşı, son 1 ildə NATO Rusiyadan uzaqlaşdımı?! Tam tərsi, İsveçin və Finlandiyanın NATO üzvlüyünə namizədliyi Baltik dənizini az qala NATO-nun daxili dənizinə çevirir, NATO ilə Rusiyanın 1200 km-lik quru sərhədi, Finlandiyanın üzvlüyündən sonra 2 dəfə artaraq 2400 km-ə yaxın olur. Deməli Ukraynaya təcavüz NATO-nu Rusiya sərhədlərinə daha da yaxınlaşdırdı, Finlandiyadan isə, məsələn, Sankt-Peterburqa 148 km-dır,
- Moskva deyir ki, Donbasda rus-rusdilliləri qorumaq üçün hərbi əməliyyata əl atdı. 2014-2022-ci illər arası Donbasda ilə ortalama cəmi 7-8 nəfər vətəndaş həlak olurdu, indi isə son 1 ildə Ukraynaya məxsus Donbasda müharibə və Rusiyanın təcavüzünə görə 30 minə yaxın dinc sakin həlak olub, bir tək Mariupolda 20 mindən çox dinc sakinin həlak olduğu bilinir – budur vətəndaşları qorumaq?!
Rusiya təbliğatı iflasa uğrayır, daxili auditoriyanı da itirir, məhz buna görə son həftələr Kreml təbliğat “bülbülləri” şezofrenik həddə danışmağa başlayıblar, çünki arqumentlər çürüyüb, indi ancaq vətəndaşların müqəddəs hisslərinin istismarı üzərinə oynamağa çalışırlar. Bundan başqa Rusiya təbliğatının strateji məğlubiyyti nəsil dəyişimi ilə bağlıdır, Kremlin təbliğat “bülbülləri” 50+ yaş qrupuna xitab edir, o qrupda əks-səda doğurur, amma 30 illik pis-yaxşı müstəqil Rusiya dönəmində başqa nəsil yetişib-yetişir, onlar üçün isə Kreml təbliğatının heç bir önəmi yoxdur. Avtoritar rejimlərin ən böyük səhvi odur ki, hər şeyə nəzarət etdiklərini düşünüb-davranırlar, amma heç bir avtoritar rejim nəsil dəyişiminin qarşısını ala, və ya bu faktoru öz lehinə çevirə bilməz...
Natiq Cəfərli
Teref.az