12 saylı məktəbdə baş verənlər bu təhsil ocağına yeni təyin olunmuş Turan Məmmədliyə qurulmuş qaralama kampaniyası imiş
6-02-2023, 00:07

Obyektivliyinə şübhə etmədiyim Naxçıvan ziyalılarından birindən aldığım məlumata görə, 12 saylı məktəbdə baş verənlər bu təhsil ocağına yeni təyin olunmuş Turan Məmmədliyə qurulmuş qaralama kampaniyası imiş. Kampaniya iki şəxs tərəfindən təşkil olunub: Naxçıvanın “baş leşyeyəni” Azər Zeynalov və MR Təhsil naziri Rəhman Məmmədov. Məqsəd isə Turan xanımdan qisas almaq imiş.
Belə ki, yanvarın 16-sında Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin Babək rayonu ziyalıları və deputatları ilə görüşündə Turan Məmmədli təhsildəki vəziyyəti bərk tənqid atəşinə tutub. O, Naxçıvan təhsilinin acınacaqlı vəziyyətə düşməsində Rəhman Məmmədovu günahlandırıb və onun təhsilə vurduğu ziyandan danışıb. Bu da təbii ki, başda Təhsil naziri Rəhman Məmmədovu və “baş leşyeyəni” narahat edib.
“Ertəsi gün, 17 yanvarda Turan Məmmədlinin şəxsi işləri Ali Məclisə təqdim edilib. Həmin gündən təhsil naziri Rəhman Məmmədov 12 nömrəli məktəbdə Turan Məmmədlinin əleyhinə fəaliyyətə başlayıb və öz oyununu qurub. Turan Məmmədli durektor təyin olunan gün bu məktəbin dərs müdiri təyin Əsgər müəllimlə ilk görüşündə "haqq hesab" üçün saxladığı dərsləri müəyyənləşdirməyi və müəllimlər arasında dərs ehtiyacı olan müəllimlərə verilməsini bildirib. Bundan sonra problem daha da böyüyüb və məktəbdə narazı qalan müəllimlər hərəkətə gətirilib. Beləcə vəziyyət əndazədən çıxıb. Müəllimlərin narazılığından istifadə edən Rəhman Məmmədov Turan Məmmədlidən öz qisasını alıb”, - mənbəmiz bildirir.
Məlumatın təfsilatı barədə sabah yazacağam. Əgər bu məlumat doğrudursa, “xan”ın tör-töküntülərinin əməlli-başlı sabotajla məşğul olduqları ortaya çıxır. Mən ölkəmizin milli maraqlarını nəzərə alıb Turan xanımı danışmağa dəvət edirəm. Həqiqətin ortaya çıxması üçün hər birimiz əlimizi daşın altına qoymalıyıq. Mən bir jurnalist kimi, öhdəmə düşən vəzifəmi yerinə yetirməyə, bütün tərəflərin, o cümlədən Turan xanımın da mövqeyini işıqlandırmağa hazıram.
Heydər Oguz
Teref.az