Dünya iqtisadi böhranı və “iki boru” əhvalatı.

19-03-2023, 08:17           
Dünya iqtisadi böhranı və “iki boru” əhvalatı.
Son 10 gün dünya iqtisadiyyatında, birjalarında 2008-dən bəri ən gərgin, hətta əsəbi keçən dövr oldu. ABŞ-ın 16-cı ən böyük bankı Silicon Valley Bank (SVB) müflisləşdi, bu birjalarda gərginlik yaratdı, dünyada Bank sektorunun səhmləri ortalama 15-20% ucuzlaşdı. Bu azmış kimi İsveçrənin ən qədim və böyük banklarında biri olan “Credit Suisse” Bankında problemlər yarandı, indi İsveşrə hökuməti və Mərkəzi bankı əlində olan səlahiyyətlərindən istifadə edərək “Credit Suisse” Bankının digər nüfuzlu və böyük Bank olan “UBS” Bank tərəfindən alınmasını təmin etməyə çalışır, faktiki “UBS” Bankı buna məcbur edir.
Bu azmış kimi indi də ABŞ-da 186 irili-xırdalı Bankın problemləri ortaya çıxıb, bir çoxunun müflis olmaq təhlükəsi var, ABŞ hökuməti, FED, hətta Bayden belə sakitləşdirici açıqlamalar versələr də, hələ ki, investorları, birjaları tam inandıra bilmirlər. Bunun nəticəsi olaraq hər zaman dalğalı məqamlarda olduğu kimi qızıl yenə də öz “güvənli liman” rolunu oynamağa başlayıb, böhranlar öncəsi həmişə qızılın qiyməti qalxıb və bu heç də yaxşı əlamət deyil. Son 10 gündə qızıl unsiyaya görə 150 dollara yaxın bahalaşıb – bu daha qlobal böhranın ayaq səsləri ola bilər.
Yaxşı, bu 2008-ci il “Lehman Brothers” Bankının batması ilə başlayan və hələ də ertələnərək davam edən böhranın təzahürü, və ya yenidən başlanmasıdrmı?! Təvazökarlıqdan kənar olsa da 2020-ci ildə “pandemiya” başlayanda belə bir böhranın yaranacağı haqqında bir neçə dəfə yazmışdım (linklər şərhlərdə), çünki “pandemiyanın” bərbad idarəolunması ilk gündən görünürdü. ABŞ və digər ölkələr ən primitiv üsul seçdilər – sadəcə pul maşını işə düşdü, 18 trilyon dollar vəsaiti dünyaya səpdilər. Bu isə inflyasiya yaratdı, vəsait real iqtisadi yatırımlara deyil də birjalarda “şarların” yaranmasına yönəldi. Düşüncəsiz, mənasız qapanmalar, orta sinfin zəiflədilməsi, tədarük zəncirlərinin qırılması, üzərinə də Rusiyanın Ukraynaya vəhşi təcavüzünün gəlməsi iqtisadi problemləri dərinləşdirdi. Dünya ölkələri və Mərkəzi Banklar problemləri sistemli həll etmək əvəzinə heç nə ilə təmin edilməmiş pul emissiyası ilə problemləri ört-basdır etməyə çalışdılar – bu da nəticəsi.
Məncə, yenə də sistemli və strukturlu yanaşma olmayacaq, yenə də seçki dərdi, seçim dərdi hökumətləri populist addımlara sürükləyəcək, yenə də pul emissiyası ilə problemlər gizlədilməyə, gələcəyə ötürülməyə çalışacaqlar. Ola bilər ki, pul emissiyası ilə bu dəfə də problemi ertələsinlər, amma bu daha dərin böhranın təməlini yaradacaq, daha ciddi siyasi təlatümlərə yol açacaq, bütün dünyada populist, avtoritar, etatist yanaşmanı gücləndirəcək, radikal siyasi cərəyanlar üstə çıxacaqlar, bu isə insan haqq və azadlıqlarının daha da daralmasına səbəb olacaq. “Pandemiyada” ən inkişaf etmiş və əvvəllər demokratik sayılan ölkələrin vətəndaşları belə könüllü olaraq öz haqq və azadlıqlarından imtina etdilər, hökumətlərin ağılsız və düşüncəsiz davranmasına rəvac verdilər, belə axmaq siyasətə etiraz edənləri hökumətlər deyil də elə cəmiyyətin üzvləri “daş-qalaq” edib “komploçu” çıxartdılar – bu gün baş verən böhran nəticədir, səbəblər isə yuxarıda qeyd etdiyim məsələlərdir.
O ki, qaldı Azərbaycana, biz bu dünyadan deyilik, nə normal Bank sektorumuz var, nə də real iqtisadiyyatımız, heç birjamız, qiymətli kağızlar bazarımız, “üzən” valyutamız da yoxdur – iki borumuz, onlardan sallanan sistemimiz var. Heç seçki sistemimiz, seçici dərdi çəkən hakimiyyətimiz də yoxdur, ona görə də dünyada baş verənlərin bizə birbaşa təsiri olmur, amma dolayı təsirləri var, olacaq da – böhranlar, iqtisadi daralmalar zamanı o iki borumuzun içindən axanların qiyməti düşür-düşəcək, bax o zaman böhranı hiss etməyə başlayacağıq.
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.