Nazirlik dopinq biabırçılığı barədə açıqlama yaydı – RƏSMİ
14-06-2016, 00:59
Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə düşməsi ilə bağlı açıqlama yayıb.
Nazirlikdən daxil olan açıqlamada bildirilir ki, əfsuslar olsun ki, 6 ağırlıqqaldıranımız (Əliquluzadə Elxan, Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqam – hər biri 8 və Dadaşbəyli Dadaş – 4 il) dopinqə düşərək, diskvalifikasiya olunublar: “Gənclər və İdman Nazirliyi daim dopinqlə mübarizə aparan və idmançıları bu istiqamətdə mütəmadi olaraq maarifləndirən bir qurum olaraq bildirir ki, Azərbaycan hökuməti Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bununla yaynaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan hökuməti Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir”.
Açıqlamada deyilir ki, qanunda bir sıra maddələrlə yanaşı, dopinqdən istifadə olunacağı təqdirdə idmançı və məşqçiyə cinayət işinin açılması maddəsi də öz əksini tapacaq: “Qeyd edək ki, dopinqlə mübarizə məqsədi ilə 10 ildən artıqdır ki, Gənclər və İdman Nazirliyinin nəzdində dopinqlə mübarizə şöbəsi yaradılıb.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, nazirlik MDB ölkələri arasında idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən ölkələr arasında ilk üçlükdədir.
Ölkəmizdə keçirilən ilk Avropa oyunları zamanı nazirlik Avropa Olimpiya Komitəsi ilə idmançıların dopinq yoxlamadan keçməsi istiqamətində işlərini yüksək səviyyədə qurmağı bacarmışdı.
Lakin bir daha vurğulamaq yerinə düşər ki, idmançıların təlim məşq toplantılarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir.
Diqqətə çatdırmaq istəyirik ki, biz, nazirlik olaraq öz növbəmizdə bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edirik. Bütün lazimi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək.
Sonda bildirmək istərdik ki, Beynəlxalq Federasiya tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apellyasiya verərək, öz hüquqlarını müdafiə etmək imkanı var və Gənclər və İdman Nazirliyi Ağır Atletika Federasiyası ilə bir bu istiqamətdə işlər aparır”.