Həbsdə olan general “bomba” partladacaq

15-06-2016, 14:27           
Həbsdə olan general “bomba” partladacaq
Eldar Mahmudovun MTN rəhbərliyindən kənarlaşdırılmasının 8 ayı arxada qalsa da bu qurumun “adamyeyən”lərinin qorxunc əməlləri xırda-xırda ifşa olunduğundan yaşananların tam miqyası hələ bəlli deyil. Belə təsəvvür yaranır ki, hələ bu xəmir çox su aparacaq və cəmiyyəti şoka salacaq müdhiş cinayətlərlə bağlı məlumatlar zaman-zaman tirajlanacaq. Doğrudan da MTN-də baş verənləri Stalin rejiminin DTK-sı və cəllad Lavrenti Beriyanın əməlləri ilə müqayisə etmək olar. Özü də təkcə bu cəza aparatının rəhbəri deyil, nisbətən aşağı ranqlı səlahiyyətlilərin də qanqster olduğu isbatlandıqca Beriya dönəminə şükr etməmək olmur...

Vəli Ələsgərov da Eldar Mahmudovun Naxçıvandakı sağ əli və bir an belə, sakit dayanmayan şeytan barmağı olmaq missiyasını həvəslə yerinə yetirənlərdən olub. Onun ifşa olunmasından sonra törətdiklərinin hələ cüzi hissəsi barədə cəmiyyət məlumatlansa da ehtimal etmək olar ki, məhkəmə prosesində və sonrakı dövrdə Eldar Mahmudovun Naxçıvan “qolu”nun vəzifəfədə olduğu dönəmdə hansı qazanları qaynatdığı və kimləri həmin qazanda yandırdığı üzə çıxacaq...

Maraqlıdır ki, suda boğulan saman çöpündən yapışdığı kimi inanılmaz dərəcədə günahlar etmiş və neçə-neçə evlər yıxmış, ocaqlar söndürmüş keçmiş bir çox MTN-şiklər kimi Vəli Ələsgərov da “qara məni basınca mən qaranı basım” prinsipi ilə davranaraq vəkili vasitəsilə mətbuata mesajlar ötürməklə bildiyi sirləri açacağı ilə istintaqı və Naxçıvan Muxtar Respublikası rəhbərliyini şantaj edir. Təbii ki, şantaj xirtdəyədək cinayət çamuruna bulaşmış MTN-şiklərin son silahıldır və onlar elə zənn edirlər ki, hər zaman qarşıdakı şəxsləri və ya qurumları şərləməklə istəklərinə nail ola biləcəklər.

İndi hamı maraqla Vəli Ələsgərovun məhkəmə prosesini və onun hansı “bomba”nı partladacağını gözləyir. Amma bəri başdan əminliklə iddia etmək olar ki, Vəli Ələsgərovun özünü duruluğa çıxarmaq üçün partladacağı “bomba”lar ilk növbədə özünü məhv edəcək və ucuz kamikadzelik bir şeyə yaramayacaq. Çünki MTN işindən hələ cəmiyyətə bəlli olanlar heç kimə sirr deyil ki, baş verən dəhşətlərin milyonda biridir və bu məntiqlə iddia etmək olar ki, Vəli Ələsgərov da “azacıq aşın duzu” olmayıb və ayağında ölüm işindən tutmuş digər çeşidli ağır cinayətlər də olduğu kimsəyə sirr deyil. Bu azmış kimi onun vəzifədə olduğu müddətdə yaranmış münbit situasiyadan sui-sitifadə edərək Azərbaycana dost olmayan xarici ölkələrin xüsusi xidmət orqanları ilə sıcaq münasibətlərdə olması, eyni zamanda onun qardaşının xarici ölkələrin birindəki biznes ortağının erməni olması da gələn məlumatlar arasındadır...

Yeri gəlmişkən, Vəli Ələsgərovun vəkili Vüqar Xasayev mətbuata açıqlamasında müvəkkilinin hüquqlarının kobud surətdə pozulması və həbsxanada ona işgəncələr verilməsi barədə hüquqi olduğu qədər də siyasi bəyanatlar səsləndirir. Belə təsəvvür yaranır ki, tanınmış vəkil Vəli Ələsgərovun əməllərinin istintaqa bəlli olan hissəsindən ona elan olunacaq ittihamın ağırlığını bildiyindən indidən əks-hücum taksikasına keçməyi yeganə çıxış yolu hesab bilib.

Üstəlik, Naxçıvandakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Vüqar Xasayevin bu təşəbbüsü səbəbsiz də deyil və bu xidməti müqabilində kifayət qədər yüksək məbləğdə pul ödənilib. Həmin məbləğin də ölkənin ən böyük dərman şirkətlərinin birinin direktor müavini olan şəxs tərəfindən ödəndiyi də bizə çatan məlumatlar arasındadır. Verilən məbləğ və həmin səxavətli şəxsin kimliyi, nədən Vəli Ələsgərovun azadlığa çıxması üçün belə canfəşanlıq göstərməsi bizə məlum olsa da hələlik dəqiqləşdirmə apardığımızdan detalları açıqlamağı lazım bilmirik. Amma tezliklə bu istiqamətdə oxuculara daha ilginc məlumatlar çatdıracağıq.

Bizi izləyin...avrasiya.net












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.