Rejim öz balalarını yeyir
9-05-2023, 09:24

Sədrəddin Soltan
Ötən həftə İranın ictimai-siyasi həyatı Azərbaycan üçün də maraqlı ola biləcək dərəcədə gərgin
keçib.
Tehran hakimiyyətinin Azərbaycanın 4 diplomatını “persona non-qrata” elan etdiyinə dair xəbər
də yola saldığımız həftə yayılıb.
Bundan başqa, Azərbaycanın iki vətəndaşı 10 günə yaxın həbsdə (?!-S.S.) saxlanıldıqdan sonra
sərbəst buraxılıb. Orxan Məmmədov və Tohid İbrahimbəyli adlı iki vətəndaşımız bu qonşu ölkə
ərazisində öz dövlətinə, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Onların təmsil olunduğu
“Hüseyniyyun” adlı təşkilatı isə İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah), yaxud İranın xarici
kəşfiyyat qurumlarının yaratdığı ehtimalı böyükdür. Çünki İran hakimiyyəti, bir qayda olaraq, bu
tip oyuncaq təşkilatları qvardiyanın xaric ölkələrdə fəaliyyət göstərən Qüds qolu vasitəsi ilə
quraşdırır. Bu qoşunun İraq, Suriya, Yəmən, Fələstin, Livan kimi ölkələrdə pozuculuq fəaliyyəti ilə
məşğul olmasına dair inkaredilməz faktlar mövcuddur. Onun komandanı generalı Qasim
Süleymaninin İraqda öldürülməsi Sepahın xaricdəki pozuculuq fəaliyyətinin nəticələrindəndir.
Belə ehtimal etmək olar ki, Tehran rejimi Tohid və Orxanı “həbs etməklə” bu istiqamətdə maraqlı
olanların nəbzini yoxlayıb. Bununla həm də onların təbliğatını aparıb. Görünür, hələ onların
günah keçisi elan olunmasının zamanı gəlməyib. Ancaq bu, iranyönlülər üçün xəbərdarlıq da
sayıla bilər. Azərbaycan vətəndaşı Tohid farsca şadyanalıqla danışıb, dövlət dili Azərbaycan
türkcəsi olan həmvətənlərinə müraciət etməsinin bir gün peşmanlığını da çəkəcək. Çünki fars
dilində müraciət etdiyi cəmiyyət onun nə demək istədiyinin başa düşmür. 34 ildir onun lider
saydığı Seyid Əli Xamneyi farsca danışır, nə xeyri olub ki, indi Tohidin danışmağından fayda ola?
Onlar öz dil və mədəniyyətinə qarşı çıxmaqla meşşanlıq nümayiş etdirirlər. Təəssüf ki, belələri
özgə qapısında manqurtluqdan, zombilikdən xilas ola bilməyən zavallılardır.
İran “Qüds” qolu vasitəsi ilə hibrid, yaxud “proxy” müharibələr aparır. İsraillə həmsərhəd olan
Livanda “Hizbullah”, Fələstində “İslami Cihad” və “Həmas”, Yəməndə “Husi” qiyamçıları ilə
Səudiyyə Ərəbistanına, İraqda “Heydəriyyun”larla ABŞ-a, Suriya da oxşar qruplaşmalar vasitəsi
ilə hərbi əməliyyatlar keçirir, pozuculuq fəaliyyəti ilə məşğul olur.
“Hüseniyyun” da Azərbaycan Respublikasına qarşı bu məqsədlə yaradılıb. Bu qruplaşmadan
hələ ki “hibrid” olaraq təbliğat sahəsində istifadə olunur.
“Kərimə dövləti”nin və ya “Hüseniyyun”un iki aparıcı üzvünün saxlanması ilə bağlı deputat
Əhməd Naderi bildirmişdi ki, qruplaşma başçılarının həbsi yanlış və İranın dövlət maraqlarına
zidd addımdır: “İllərdir “Bakı Respublikası” (Azərbaycan Respublikası deməkdən qorxurlar, çünki
Güney Azərbaycan Respublikası sözünün də yaranacağından narahatdırlar – S.S. ) İsrailin antiİran hərəkətləri üçün alətə və məkana çevrilib. Bu rejimin tədbirləri gücləndirdiyi günlərdə İranda
“Hüseyniyyun” liderlərinin həbsi yanlış və milli maraqlara zidd addım, rejimə münasibətdə
keçmiş passiv siyasətlərin davamıdır, bu tendensiya dəyişməli və islah edilməlidir!”
Anti-Azərbaycan və erməniləri müdafiə edən çıxışları ilə tanınan panfarsçı, siyasi şərhçi Şüeyb
Bəhmən isə sosial şəbəkədə Qasım Süleymani ilə İrana sığınan “Hüseyniyyun” qruplaşmasının
rəhbəri Tohid İbrahimbəylinin birgə fotosunu paylaşaraq, onların həbsini belə
qiymətləndirmişdi: “Əgər gələcəkdə (İranda) Qasım Süleymani təkfir edilərsə (lənətlənərsəred.), əsla təəccüblənməyin!”.
Qeyd edək ki, bu siyasi şərhçi əvvəlki çıxışlarında Bakını və Naxçıvanı tutacaqlarını iddia edirdi.
Bu iki çıxışdan belə çıxır ki, İran rejiminin “balalarını” yeməsi ənənəsi davam edir. Çünki Orxan və
Tohid kimi Azərbaycan vətəndaşlarını ələ almaq, onları öz dövlətlərinə qarşı körükləmək,
başlarına dəri keçirib, manqurt halına salmaq az vaxt aparmayıb. Naderi və Bəhməni də bunu
demək istəyib: “Belələrini hardan tapacağıq”.
Ehtimal etmək olar ki, İran hakimiyyəti Tohid və Orxan olmasa da, onlara oxşarları gec-tez
“günah keçicisi” elan edəcək. Bu iki nəfərin saxlanılmasının səbəbi və s. məsələlər hələ də
qaranlıq qalır, lakin əsas məsələ odur ki, Tehran hansısa formada bu istiqamətdə addım atıb.
Bu rejim özününküləri bolşevikcəsinə güdaza verəndir. İnqilabın qələbə qazanmasında danılmaz
rolu olmuş, orxanlardan bütün mənalarda dəfələrlə böyüklərin başını bu rejim yeyib.
İnqilabın ilk illərində ayətullah-üzma Seyid Kazim Şəriətmədarinin müəmmalı ölümü, yaxud
“Bəhailər də iranlılardır, buna görə də vətəndaşlıq hüquqlarından istifadə etməlidirlər” deyən
ayətullah Hüsenyəli Müntəzirinin ölənə kimi ev dustaqlığında qalması, İraqla müharibə dövrünün
baş naziri Mirhüseyn Musəvinin, parlamentin keçmiş sədri Mehdi Kərrubinin ev dustaqlığı,
qətllər, terrorlar rejimin bu xislətindən xəbər verir.
Ehtimal etmək olar ki, Tohid və Orxan da rejimin yeməyə hazırlaşdığı kiçik də olsa törəmələridir.
Bu günlərdə ayətullah Abbasəli Süleymaninin qətli də İranda baş verən qalmaqallı
hadisələrdəndir. Onu kim qətl yetirib sualı rejimin özününküləri yeməsi adətini yenidən
aktuallaşdırıb. Bir müddət əvvəl Böyük Britaniyaya casusluqda təqsirli bilinən müdafiə nazirinin
keçmiş müavini Əlirza Əkbəri barəsində çıxarılan edam hökmünün icra olunması hələ
unudulmayıb.
Abbasəli Süleymani bir müddət Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imam
cüməsi və ayətullah Seyid Əli Xamneyinin bu bölgə üzrə nümayəndəsi olub. Son illərdə isə
əyaləti Dini Ekspertlər şurasında təmsil edib. Bu şura İranın ali rəhbərini seçən, yaxud ona
impiçment göstərən qurumdur.
Odur ki, Süleymaninin qətli İranda rejimə qarşı davam edən mübarizənin tərkib hissəsi də sayıla
bilər.
Sentyabrdan başlayan etiraz aksiyalarının fonunda İranda din xaidmlərinin ələ salınması,
əmmamələrinin başlarından salınması, onların açıq-aşkar tənqid edilməsi kimi hallar çoxalıb.
Taksi sürücülərinin din xadimlərinə xidmət göstərməkdən imtina etmələrinə dair də çoxsaylı
məlumatlar var.
İnsanların həyatına, azadlığına rejimin yersiz müdaxiləsindən bezən xalq bəzən ağlagəlməz
etiraz üsullarına əl atır. Bir müddət əvvəl Tehranın Mərzadaran bulvarında mollanın yersiz
müdaxilələrindən əsəbiləşən vətəndaşın onu avtomobillə əzməyə çalışdığı barədə videolar
yayılıb.
İran mediası hadisənin təfərrüatı barədə açıqlama verməsə də, yerli sosial media istifadəçiləri
şahidlərə istinadən mollanın sürücünün geyim tərzinə irad bildirdiyini və münaqişənin də bu
səbəbdən yarandığını yazıblar. Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində
mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda
öldürülmələri ilə nəticələnib. Son bir il ərzində İranın Qum, İsfahan, Tehran, Günbəd Kavus,
Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü öldürülüb.
Tehran hakimiyyəti isə cəmiyyətin etirazlarını qarşılamaqda acizliyini gizlədə bilmir. Abbasəli
Süleymaninin bir zamanlar fəaliyyət göstərdiyi Bəlucistanda çoxsaylı problemləri həll edə
bilməyən rejim etirazçıları odlu silahla qarşılayır. Elə son 6 ayda keçirilən aksiyalar zamanı
yüzdən çox dinc etnik bəluc rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib. İranın məşhur
sünni din xadimi Mövlana Əbdül Həmid Cümə namazı xütbələrindən birində deyib: “Bəziləri iddia
edir ki, Zahedanda Qanlı Cümə günü qətliamı insan səhvi ucbatından törədilib. Xeyr, bu, insan
səhvi deyil, bilərəkdən törədilmiş qətldir. Xalq təkcə cinayəti törədənlərin deyil, sifariş verənlərin
də mühakimə olunmasını tələb edir”.
İranın Konstitusiyasına əsasən, məzhəb fərqinə görə bəluclar ayrı-seçkiliyə məruz qalır. Başqa
sözlə, bu ölkədə ayrı-seçkilik, diskriminasiya dövlət siyasətidir. Bu siyasıt Əsas Qanuna uyğun
olaraq aparılır.
Tohid, Orxan və onun kimi düşünüb, İran rejiminin saxtakarlığının qurbanı olanlar “İslam
Respublikası” adlı cəmiyyət, dünya insanların yaxınlaşması, əmin-amanlıqda yaşaması üçün
faydasız bir ideyanın arxasınca düşüblər. Panfarsizmə, fars şovinizminə xidmət edən, türk, ərəb,
bəluc və başqalarına düşmən kəsilən, çirkin irqçi siyasi-ideologiyasını islam dinin məzhəbi
altında gizlədən bu rejimdən ölkənin adi və yüksək vəzifəli şəxsləri xeyir görməyib.
Şəriətmədariləri, musəviləri, rəcailəri, müntəziriləri və özünün siyasi-ideoloji düşərgəsindən olan
daha neçə-neçə düşüncəli insanları məhv edən panfarsist rejim qondarma “Hüseyniyyun”çulara
nə dəyər verəcək? Bu rejim belə məqamlarda meymun xislətlidir. Su boğazına çatanda balasını
ayağının altına alır. Odur ki, İrandakı rejimlə əlaqəsi olanların bir daha düşünməsi üçün zamanı
azalır. Çünki zaman Tehrandakı hakimiyyətin əleyhinə işləyir…
pressklub