Vəli Ələsgərova qarşı yeni ittiham?
17-06-2016, 10:03
Keçmiş nazirin vəkili iddiaların əsassız olduğunu deyir
“Vəli Ələsgərovun məhkəmə prosesinə buraxılsaq da, hələ də lazım olan sənədləri bizə verməyiblər”. Bu sözləri “Azadlıq”a Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili Vüqar Xasayev bildirib. Onun sözlərinə görə, nə məhkəmə, nə də prokurorluq cinayət işində olan sənədləri vermək istəmir. “Ona görə də müdafiə də bir qədər çətinlik yaranır”, – deyə vəkil bildirib.
Məhkəmə prosesində baş verənlərə gəlincə, vəkil bu barədə açıqlama verə bilməyəcəyini deyib. “Proses qapalı keçirilir. Biz ora buraxılsaq da, hər hansı açıqlama verə bilməyəcəm”,-deyə Vüqar Xasayev bildirib.
Vəkil həmçinin bildirib ki, artıq Vəli Ələsgərova qarşı işgəncələr arxada qalıb: “Indi hər hansı işgəncə faktı yoxdur. Bütün bunlar arxada qalıb. Səhhəti də normaldır”.
Bəzi iddialara görə, Vəli Ələsgərova qarşı yeni ittihamlar irəli sürülə bilər. Bunların sırasında ilk olaraq vətənə xəyanət ittihamı gəlir. Lakin vəkil bu iddiaların əsassız olduğunu bildirib: “Bu iddialar tamamilə əsassızdır. Vəli Ələsgərova qarşı hər hansı yeni ittiham irəli sürülməyib və sürülməsi də gözlənilmir”.
Xatırladaq ki, Vəli Ələsgərov bu ilin martın 7-də həbs edilib. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Daha sonra 308.1 maddəsi 308.2-yə, 309.1 maddəsi isə 309.2-yə keçirildi. Həmçinin Vəli Ələsgərova qarşı daha bir maddə ilə telefon danışıqlarını qanunsuz dinləmə – 302.2 maddəsi ilə də ittiham elan olundu.
Bəzi məlumatlara görə, Naxçıvan rəhbərliyi Vəli Ələsgərovu keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyində olduğu üçün cəzalandırır. Lakin qarşı tərəf bu ittihamı qəbul etmir. Vüqar Xasayev mətbuata açıqlamalarında bildirib ki, Vəli Ələsgərovla Eldar Mahmudovun münasibətləri gərgin olub. Vəkil həmçinin deyib ki, hansısa maraqlı qüvvələrə Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbova məqsədli şəkildə yanlış ifnormasiyalar veriblər.