“Cavid Qurbanov fikirləşir ki, mən oğlumu həbsdən azad etdirmək üçün onun ayağına gedib yalvaracam, amma...” - İTTİHAM VAR
17-06-2016, 18:09
“Hürriyyət”də dərc olunan “Yaxınları deyir ki, Cavid Qurbanov prezidentlə bacanaq olub...” sərlövhəli yazının "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun qəzəbinə səbəb olduğu haqda oxucularımıza məlumat vermişdik.
Xatırladaq ki, sözügedən yazıda Kəlbəcər rayonundan məcburi köçkün olan Bayramov Əli Aslan oğlu Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun onun 150 min AZN pulunu mənimsədiyini bildirmişdi. Onun sözlərinə görə, Aqil Məmmədov oğlunu işə düzəltmək adı altında ondan 150 min AZN alsa da, sözünə əməl etməyib. Bu səsəbdən o, verdiyi pulu icra başçısından geri istəyib. Lakin bu zaman başçı Ə.Bayramovdan 150 min manat aldığını inkar edib və üstəlik ona hədə-qorxu gəlib ki, bu haqda bir yerdə danışsa, oğlunu həbs etdirəcək...
Əli Bayramov deyir ki, sözügedən faktla bağlı dəfələrlə ölkə başçısına və bütün rəsmi qurumlara müraciət etsə də, iki ilə yaxındır onun şikayətinə baxılmır. “Çünki Cavid Qurbanov bu işə baxılmasına imkan vermir, adamı, pulu var, tapşırtdırır ki, mənim şikayətimə baxılmasın” – deyə məcvuri köçkün vurğulayıb.
“Hürriyyət”də dərc olunan “Yaxınları deyir ki, Cavid Qurbanov prezidentlə bacanaq olub...” başlıqlı yazıda da Ə.Bayramov demişdi ki, son vaxtlar C.Qurbanovun prezidentlə qohum (?) olduğu haqda informasiyalar dolaşdığından, heç bir məmur ona qarşı çıxmaq istəmir: “İndi kəlbəcərlilər və Cavid Qurbanovun yaxınları arasında belə söhbət gedir ki, Cavid Qurbanov prezidentlə qohum olub, bir başqası deyir ki, bacanaq olub. Bu, mənə bir o qədər də aydın deyil. Amma belə çıxır ki, indi Cavid Qurbanov prezidentə güvənərək belə bir addım atır?! Axı biz də bu ölkənin vətəndaşıyıq. Bu ölkədə bizim şikayətimizə baxılmırsa, sözümüzü prezidentə çatdıra bilmiriksə, bəs hara müraciət edək?!...”.
Qeyd etdiyimiz kimi, bu yazı “Hürriyyət”də işıq üzü gördükdən sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov ciddi narahat olub. Bu səbəbdən o, öz yaxın adamları vasitəsilə, bir daha “Hürriyyət”ə müraciət edəcəyi təqdirdə, şikayətçi Əli Bayramovun oğlu Qalib Bayramovu həbs etdirməklə, öldürtdürməklə hədələyib.
Bu haqda redaksiyamıza və ölkə başçısına rəsmi qaydada müraciət edən Əli.Bayramov yazırdı:
“Cənab prezident!
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov məni və oğlumu həbs etdirməklə, öldürtdürməklə hədələyir. O deyir ki, Azərbaycanda istədiyi adamı öldürtdürmək, həbs etdirmək onun üçün çox asandır. Hətta etiraf edir ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovu da, sözünə baxmadığı üçün o, həbs etdirib…
Sizdən xahiş edirəm ki, Cavid Qurbanov, məni və ailə üzvlərimi həbs etdirməsin, öldürtdürməsin deyə, təhlükəsizliyimizin təmin edilməsinə göstəriş verəsiniz”.
Dünən həyat yoldaşı Qənirə xanımla redaksiyamıza gələn Əli Bayramov bildirdir ki, “Cavid Qurbanov, söz verdiyi kimi, oğlumu həbs etdirdi”. Bu hadisənin nə vaxt baş verdiyini soruşduqda, Ə.Bayramov dedi ki, oğlu Qalibi iyunun 14-də həbs ediblər. Onun sözlərinə görə, həmin gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ziyafət Quliyev zəng edərək Qalib Bayramovu yanına çağırıb. Bundan öncə Kəlbəcərin icra başçısı A.Məmmədov və DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadə və rayon prokuroru Ariz Əliyevdən etdiyi şikayətlərlə bağlı dəfələrlə Z.Quliyevin qəbulunda olduğundan, Qalib həbs olunacağını düşünmədən müstəntiqin qəbuluna yollanıb.
Hansı ki, həmin gün Əli Bayramovla həyat yoldaşı Qənirə Abdullayevanı da Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qəbul etməli imiş. Onlar idarədə olduqları zaman Qalib atasına zəng edərək, onu həbs edəcəkləri haqda məlumat verib. Bundan az sonra isə Q.Bayramovun əlini qandallayaraq, onu polis maşınına basıblar.
Ə.Bayramov deyir ki, bu hadisənin canlı şahidi olan həyat yoldaşı həmin vaxt huşunu itirərək yerə yıxılıb. Bu zaman Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təcili yardım maşını çağırılıb və təxminən 2 saat sonra Qənirə Abdullayeva özünə gəlib.
Əli Bayramov deyir ki, oğlunu həbs etsələr də, o, geri çəkilməyəcək: “Cavid Qurbanov fikirləşir ki, mən oğlumu həbsdən azad etdirmək üçün onun ayağına gedib yalvaracam. Amma belə bir şey heç vaxt olmayacaq. Əksinə, mən Cavid Qurbanovun qanunsuz əməlləri haqda bir çox faktları mətbuata açıqlayacağam ki, bu adamı hamı yaxşı tanısın”.