Prezident: “Biz İslam həmrəyliyini gücləndirməliyik”
18-06-2016, 09:57
Ötən günü Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Gununsesi.info-nun məlumatına görə, Prezident İlham Əliyev iftar mərasimində iştirak edib.
Mərasimdə Bakıda fəaliyyət göstərən digər dini icmaların rəhbərləri, millət vəkilləri, nazirlər iştirak edib.
Mərasimdə çıxış edən ölkə başçısı bildirib ki, bizim uğurlarımızın təməlində vətəndaşlarımızın birliyi durur. İlham Əliyev dövlət-din münasibətlərinin tənzimlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladıb, Ulu öndərlə şeyxülislam Allahşükür Paşazadə arasındakı dostluğun dövlət-din münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
“Biz çalışırıq ki, Azərbaycan cəmiyyətində xalqımıza xas olan cəhətlər üstünlük təşkil etsin”, – deyən dövlət başçısı ölkəmizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu və bütün İslam dünyasında böyük nüfuz qazandığını diqqətə çatdırıb.
“Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, – deyən prezident İlham Əliyev Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini xatırlatdıb. O bildirib ki, bütün sahələrdə böyük inkişaf yolu keçən ölkəmiz dünyada baş verən gərginliklər fonunda öz yolu ilə uğurla gedir və öz timsalında göstərir ki, bütün dini konfessiyaların nümayəndələrinin bir yerdə yaşaması mümkündür.
Artıq bir neçə ildir Bakıda beynəlxalq tədbirlərin keçirildiyini, paytaxtın tamaşaçı auditoriyası yarım milyard olan “Formula-1” kimi nüfuzlu yarışa ev sahibliyi etdiyini deyən dövlət başçısı bildirib ki, bütün bunlar ölkənin daha yaxşı tanıdılmasına yönəlib və Azərbaycana gələn turistlər reallıqları öz gözləri ilə görürlər. Nitqinin sonunda İlham Əliyev xalqımıza sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.