Bakıda "Cafe Park"da müştəriyə əcaib qadağa - Yanında xanım qəlyan çəkmirsə.....
22-06-2016, 16:44
Bakının Nazim Hikmət küçəsilə Mətbuat prospektinin kəsişməsində yerləşən Yasamal İstirahət Parkında (keçmiş Musabekov) fəaliyyət göstərən “Cafepark” adlı iaşə obyektində müştərilərlə qəribə davranışın olduğu barədə Azinforum.az-a şikayət ünvanlanıb. Qeyd edək ki, bu brend paytaxtın 3 müxtəlif yerində fəaliyyət göstərir. Heç bir əziyyət çəkmədən Bakının ən səfalı və tanınmış parklarından birində məskən salan “Cafepark” müştəri sarıdan kasadlıq yaşamır. Buna sözümüz yox.
Necə deyəllər, Allah bazar versin! Ancaq bu cür təşrif buyuranların bolluğu “Cafepark”ı işlədənlərin başını elə dumanlandırıb ki, onlar müştərilərə yuxarıdan aşağı baxmağa başlayıblar və olduqca qəribə rəftar qanunları kəşf ediblər. Restoranın fəaliyyətindən bizə şikayət edən müştərilər bildirir ki, obyektdə çox nəzakətsiz bir rəftarla rastlaşıblar:
“Restoran iki hissədən ibarətdir. Biz üzü şəhər istiqamətə duranda sol tərəfdəki zala girdik. Üç nəfər idik. Mən, dostum və yanımızda olan bir xanım. Lazımi sifarişləri verəndən sonra, xidmət edən oğlana qəlyan sifariş etdik. Qeyd edim ki, biz olan zaman həmin zalda bir neçə yerdə qəlyan çəkilirdi. Xidmət personalı gəlib bizə bildirdi ki, qəlyan verə bilməyəcəklər. Səbəbini də belə izah etdilər ki, yalnız xanımla gələn müştərilərə qəlyan çəkməyə icazə verirlər. Biz də bildirdik ki, yanımızda xanım var axı. Dedilər ki, xanım qəlyan çəkməyəcəksə, verə bilmərlər. Bu cür nəzakətsiz rəftara görə, restoran rəhbərliyini çağırdıq. İsmayıl adlı bir administrator yanında qoruması ilə gələrək, işçilərinə haqq qazandırdı və bildirdi ki, qəlyanı tanıdıqları daimi müştərilərinə verirlər. Bu , bir növ vaxtilə ABŞ-da mövcud olan irqi diskriminasiya zamanını xatırlatdı.
Həmin vaxt cibində pulunun olmasına baxmayaraq, qara dərili insanları restoranlara buraxmırdılar. Sözün qısası, tələbimizi hörmətsizcəsinə qarşıladıqları üçün, “Cafepark”ı tərk etməli olduq. Hesab edirəm ki, bir müştəri kimi mənim istirahətimi pozan həmin obyektin özü fərqində olmalıdır ki, elə rəftarları ilə ictimai rəydə özləri barədə pis imic formalaşdırırlar. Mənim onlardan başqa tələbim də yoxdur. Pulum cibimdə, ağlım da başımda. Nə çoxdur, qəlyan çəkməyə yer. Sadəcə, istərdim ki, “Cfepark” rəhbərliyi bu problemi aradan qaldırsın, belə getsə ora təşrif buyurmaq istəyənlər düşüb şəhərdə qəlyan çəkən qız axtarışına çıxmalı olacaqlar ki, həmin kateqoriyalı şəxsi üzünə tutacaq edib restorona getsinlər. Əks halda bizim kimi təhqir olunarlar”.
Azinforum.az-ın reportyorları şikayətlə bağlı həmin iaşə obyektində olan zaman “Caferpak” tərəfindən doğrudan da, deyilən tələblərin qoyulduğunun şahidi olublar. Bizə o da məlum olub ki, həmin obyekt əslən Bakı kəndlərindən birindən olan inanclı bir Hacıya məxsusdur. Restoran sahibinin çox ədalətli adm olduğu deyilir. Diqqətimizi çəkən bir məqam da ondan ibarət oldu ki, “Cafepark”ın menyusunda spirtli içkiyə rast gəlmədik. İftar açan müştərilərə isə xüsusi güzəştlərin edildiyini gördük. Çox güman ki, “Cafepark”dan çox Hacının adına yaraşmayan ” xanımlar qəlyan çəkməlidir” tələbindən onun özünün xəbəri yoxdur. Əgər vardırsa, daha buna sözümüz qalmır. Mövzuya qayıdacayıq…
Yazıda adları çəkilən bütün şəxslərin cavab haqqını tanıyırıq.