Əhməd Əhmədzadə Akif Çovdarovun kirvəsini niyə vəzifədə saxlayır?
23-06-2016, 16:47
«Meliorasiya və Su Təsərrüfatı» ASC-yə tabe olan Ağdam rayon Mexaniki Suvarma İdarəsindəki büdcə talanı, idarənin rəisi Hafiz Əzimzadənin fermerlərə əlavə problemlər yaratması və bunun nəticəsində hektarlarla əkin sahəsinin susuzluqdan məhv olması barədə xəbər vermişdik. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, aidiyyəti dövlət qurumlarının rəsmiləri, ələlxüsus da ASC-nin rəhbərliyi yazılan faktların araşdırılması istiqamətində hələlik heç bir tədbir görməyiblər. Elə buna görədir ki, adıçəkilən şəxs dövlət büdcəsindən maliyyələşən qurumun fəaliyyətini bərbad hala salıb. Gundelik-baku.com-un araşdırmaları göstərir ki, hər il dövlətin yüz minlərlə vəsaiti müxtəlif yollarla mənimsənilir: «Rayon ərazisində Quzanlı, Qaravəli və Qasımbəyli kəndləri ətrafında olan drenlər 5 ilə yaxındır təmizlənmir. Amma Hafiz Əzimzadə hər il bu drenajların təmizlənməsi və təmiri adı altında dövlətdən ayrılan yüz min manatlarla vəsaiti kitabdan kitaba salaraq özününküləşdirir. Ağdam Mexaniki Suvarma İdarəsinin əsas işi kənd təsərrüfatına yararlı ərazilərin suvarılması üçün istifadə edilən su kanallarının istifadəsi, təmiri və sair işləri həyata keçirməkdir. Lakin idarənin rəisi heç bir kanalın, drenin təmizlənməsi, əkin sahələrinin su ilə təchizatını həyata keçirmək üçün ciddi cəhdlə çalışmır. İdarənin balansında olan xüsusi təsərrüfat sahibləri üçün iş görürlər və həmin texnikaların gördüyü işlərin pulu idarənin rəhbərinə çatır. Neçə illərdir bu üsulla işləyən idarə rəisi Ağdamın şəriksiz sahibinə çevrilib. Belə ki, onun rayonun gözəgəlimli yerlərində restoranları, dükanları, torpaq sahələri, həmçinin böyük fermaları var. Quzanlı-Xındırıstan yolunda yerləşən “Lider” restoranı, Quzanlı qəsəbəsindəki «Vağzal» binasını və Çay Evi də ona məxsusdur». Araşdırmalar nəticəsində məlum olur ki, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi ilə bağlı həyata keçirdiyi tenderlərin əksəriyyətini Hafiz Əzimzadəyə yaxın olan şirkət udub. Belə ki, 2014-cü ildə əsaslı təmir işlərinin satın alınması adı altında elan olunan tenderi “İlqar-MR” «qazanıb»: «Bu tenderin məbləği 68 min 222 manat olub. Elə həmin il eyni şirkət nəqliyyat vasitələri və mexanizmləri üçün ehtiyat hissələrinin satın alınması üçün təşkil olunan 94 min 452 manat məbləğində olan tenderin də qalibi olub. 2015-ci ildə isə Hafiz Əzimzadənin rəhbərlik etdiyi müəssisənin keçirdiyi tenderləri “İlqar-NNT” MMC şirkəti udmağa müəssər olub. Bu 3 tender üçün dövlət büdcəsindən ayrılan vəsait isə 226 min 800 manat olub». Hafiz Əzimzadə ilə bağlı ən maraqlı və dəhşət doğuran məqam isə onun keçmiş MTN generalı Akif Çovdarovla qohumluq əlaqələri haqdadır. Bizə çatan məlumatlarda bildirilir ki, Hafiz Əzimzadə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor, hazırda həbsdə olan Akif Çovdarovla kirvədir. Belə ki, sabiq MTN generalı idarə rəisinin oğlunun kirvəsidir. Məlumata görə, Akif Çovdarov vəzifədə olarkən Hafiz Əzimzadə onun kölgəsi altında çoxsaylı qanun pozuntularına imza atıb, büdcə yeyintilərinə yol verib: «Akif Çovdarova arxayın olan Hafiz Əzimzadənin Ağdamda əsas gəlirli sahələri ələ keçirdiyi və rayonda heç kimin, hətta icra başçısının belə, onun bir sözünü iki edə bilmədiyi hamıya məlum idi. Məhz Akif Çovdarovun köməkliyi ilə 2015-ci il fevral ayından rayondakı Suvarma Sistemləri İdarəsi ilə Subartezian Quyularının İstismarı İdarəsinin birləşməsindən yaranan Mexaniki Suvarma İdarəsinə rəis gətirilən Hafiz Əzimzadə eyni zamanda Ağdamın əsas iş adamı olaraq bilinir. Rayonda aparılan abadlıq işlərinin böyük hissəsi idarə rəisinə aid olan şirkətlərə verilir. Deyilənə görə, Hafiz Əzimzadə öz biznesinin maneəsiz inkişafı üçün davamlı olaraq arxasında olan qüvvənin məhz Akif Çovdarov olduğunu açıq şəkildə bildirib». Özəl mənbələrin bildirdiyinə əsasən, Akif Çovdarovun sayəsində bu pilləyə kimi yüksəlməyi bacaran Hafiz Əzimzadə onun həbsindən sonra təşvişə düşüb. Bəzi iddialara əsasən, idarə rəisi bir müddət əvvəl işdən öz ərizəsi ilə çıxmaq fikrinə düşüb, amma sonradan fikrindən daşınıb. Biz hesab edirik ki, sabiq MTN generalının kirvəsinin vəzifədə saxlanılması doğru deyil. Çünki bu adamın törətdiyi əməllər göz önündədir. Ağdamda heç kim onun fəaliyyətindən razı deyil. Odur ki, idarə rəisi tezliklə tutduğu vəzifədən kənarlaşdırılmalı, onun Çovdarovla biznes ortaqlığı araşdırılmalıdır. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.