Salyandakı körpələrin ölümü ilə bağlı müəmma davam edir

24-06-2016, 01:51           
Salyandakı körpələrin ölümü ilə bağlı müəmma davam edir
Elektrikin kəsilməsiküvezdə havasızlıq yarada bilərdimi?; baş pediatr: “İşğın bu məsələyə dəxliliyi yoxdur”
Salyan rayon xəstəxanasında doğulmuş üçəmlərdən ikisinin tələf olması ilə bağlı Səhiyyə Nazirliyi xüsusi sərəncam imzalayıb. Sərəncama əsasən, xüsusi komissiya yaradılıb və artıq komissiya adı çəkilən xəstəxanaya ezam olunublar.

Bu barədə nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Yeni Müsavat”aaçıqlamasında bildirib: “Komissiyanın tərkibinə ölkənin baş pediatrı Nəsib Quliyev, nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdir müavini daxil edilib. Komissiyanın əsas məqsədi körpələrin ölüm səbəblərini araşdırmaqdır”.

Nazirlik əməkdaşı ilk nəticələr barəsində açıqlama vermək istəmədi:“Əgər məsələni hüquq-mühafizə orqanları araşdırırsa, bizim hər hansı birməlumat vermək ixtiyarımız yoxdur”.
Qeyd edək ki, körpələrin ölüm səbəblərini araşdırmaq üçün onların cansız bədənləri Bakıya, nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. İlkin müayinə başa çatdıqdan sonra körpələr valideynlərinə təhvil verilib.

Ümumilikdə isə ölən körpələrin ekspert müayinələri davam edəcək, bu proses üç həftə ərzində yekunlaşacaq. Ölümün dəqiq səbəbi proses yekunlaşandan sonra məlum olacaq. Yekun nəticələr üç həftədən sonra Salyan Rayon Prokurorluğuna təqdim olunacaq.
Elektrik olmadan küvezdə havasızlıq yarana bilərmi?

Körpələrin valideynlərinin iddialarına görə, üçəmlər vaxtından əvvəl dünyaya gəlsələr də sağlamlıqlarında ciddi problem olmayıb. Lakin qəfildən xəstəxananın işıqları sönməsi nəticəsində küvezdə qalan körpələr oksigen çatışmazlığından boğularaq ölüblər. Bəs görəsən, bu iddia nə dərəcədə doğru ola bilər? Elektrik olmadan küvezdə havasızlıq yarana bilərmi?
Respublikanın baş pediatrı Nəsib Quliyev bu barədə ekspress.az saytına müzakirələrə səbəb olan açıqlama verib. Baş pediatr bildirib ki, körpələrin işıq sönməsi ucbatından havasız qalıb ölmələri ilə bağlı iddialar əsassızdır:

“İşığın buna dəxli yoxdur. Küvez hər şeyi həll etmir ki... Küvez temperatur rejimini saxlamaq üçün istifadə olunur... İşıq sönəndən sonra küvez bir saat, saat yarıma soyuyur. İkincisi, üçəmlərin öldüyü gün Salyanda temperatur 32 dərəcə olub. 32 dərəcə temperaturda küvezə çox vaxt ehtiyac olmur.

Jurnalistlər var, sual verəndə deyir ki, işıq sönüb küvezdəkislorod da kəsilib. Kislorod balondan gəlir, elektrik xətti ilə gəlmir. Kislorod niyə sönməli idi ki? Oksigen balonunu açırlar gəlir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə məsələ ilə əlaqədar “Yeni Müsavat”aaçıqlamasında bunları dedi:“Yeni doğulmuş uşaqlarda bu və digər problemlər olur ki, ona görə də onlar mütləq küvezlə təmin olunur. Əlbəttə işığın sönməsi zamanı hər şey ola bilər. Amma söhbət ondan gedir ki, xəstəxanada elektrik təchizatının kəsilməsi və onun nəticəsində hər hansı bir hadisənin baş verməsi, bu da indiki dövrdə çox narahatedici bir situasiyadır. Ən azından bir generator almaq, müəyyən alternativ tədbirlər görmək olardı. İkinci bir məsələ isə valideynlərin verdikləri rəy ilə xəstəxananın verdiyi rəy arasında fərq var. Və hesab edirəm ki, son sözü məhkəmə-tibbi ekspertizanın rəyi deməlidir. Bundan sonra biz biləcəyik ki, uşağın ölümünə səbəb kəskin tələffüz çatışmazlığı, yaxud digər səbəblərdir. Yalnız ona uyğun rəy bildirmək olar. Bu gün hər iki tərəfin verdiyi açıqlamalar yalnız mülahizə xarakterli daşıyır, onlar rəy kimi qəbul edilə bilməz.

Oksigen küvezə konkret olaraq oksigen balonundan, mərkəzləmiş şəkildə verilir. Ancaq küvezdə istilik təchizatı və digər məsələlərin həlli üçün elektrik cərəyanı lazımdır, küvez onunla işləyir. Ümumiyyətlə tez doğulan uşaqlar risk qrupuna aiddirlər. Yəni bu, hamiləliyin ağırlaşmış formasıdır. Çünki doğuş özü fizioloji planda olmalıdır və dölün böyüməsi formalaşması üçün son həftələrin önəmi çox böyükdür. Çünki dölün xarici mühitə çıxmağa hazırlaşması üçünonun adaptasion imkanları yerində olmalıdır ki, xarici mühitə uyğunlaşsın. Əlbəttə ki, tez doğulan uşaqların yaşaması faktları var. Amma istənilən halda vaxtında əvvəl doğulmaq halları riskdir”.

Küvez qurğusu nədir, hansı halda istifadə olunur?

Artıq hər kəsə məlumdur ki, küvez yeni texnologiyaya əsaslanan qurğudur və onun işləməsi üçün elektrik təchizatı mütləqdir. Adətən vaxtından əvvəl doğulmuş və ya həyati təhlükəsi olan körpələr küvezə qoyulur. Bu Küvez vasitəsi ilə körpələrin bədəninin isinməsi, qanın kislorodla yaxşı təmin olunması bərpa edilir. Qurğunun daxilində körpənin yaşaması üçün müəyyən parametrləri olan süni mikrokilimat yaradılıb. Küvezdəkislorod - 25-40 faiz, havanın rütubəti 85-100 faiz, temperatur - 33-38 dərəcə olur.

Küvesin qiymətinə gəldikdə isə Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında bu qurğunun qiyməti ödənişsiz olduğu bildirir. Lakin aparılan araşdırmalar onu göstərir ki, elə dövlət xəstəxanalarının özündə bu qurğunun bir günlük qiyməti təxminən 90-150 manat arasında dəyişir. Beləliklə bir körpənin bir həftəlik küvezdə qalması valideynləri üçün 1000 manata başa gəlir.

Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, bu cür neqativ halların aradan qaldırılması ilə bağlı çıxış yolu inzibati tədbirlər deyil:“Təəssüf ki, bu cür neqativ hallar var və əlbəttə ki, bu cür düzgün deyil. Lakin təcrübə onu göstərir ki, inzibati yollarla bu cür proseslərin qarşısını almaq mümkün deyil. Bunun yolu icbari tibbi sığortanın tətbiqindən keçir və hər bir xəstənin əlində sığorta vəsiqəsi olduqdan sonra o, bu cür problem yaşamır, neqativ hallar üçün baza yaranmış olmur”.

Sağ qalan körpənin həyat mücadiləsi...

Qeyd edək ki, sağ qalan körpə də müayinə üçün Bakıya, Elmi Tədqiqat Pediatriya İnstitutuna gətirilmişdi. İlkin vaxtlarda körpənin vəziyyəti ağır olduğu deyilirdi. Lakin artıq körpə süni nəfəs aparatında ayrılıb. Bu barədə baş pediatr Nəsib QuliyevAPA-ya verdiyi açıqlamasındabildirib. Onun sözlərinə görə,onun vəziyyəti əvvəlki günlərlə müqayisədə stabildir:

“Ümumi vəziyyət ağır olaraq qalsa da, irəliləyiş var. Belə ki, o artıq süni nəfər aparatından ayrılaraq özü nəfəs almağa başlayıb. Körpənin sipap rejimində müalicəsini davam etdirir. Bu isə o deməkdir ki, körpə özü nəfəs alsa da rejimində ona yüksək təzyiq altında oksigen verilir”.

Xatırladaq ki, bir neçə gün öncə 21 yaşlı AbdullayevaMirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb. Valideynləri doğuşdan sonra küveysəyerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.