Qarabağda oyun bitir

15-07-2023, 11:54           
Qarabağda oyun bitir
İlk addımı Paşinyan atdı, Rusiya nə edəcək?
Bu gün – iyulun 14-də separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyanın çağırışı ilə
Xankəndinin mərkəzində aksiya keçirilir. Ermənistan mediası yazır ki, keçmiş “dövlət naziri”
Ruben Vardanyan da videomüraciət vasitəsi ilə yerli erməniləri aksiyaya qoşulmağa dəvət edib.
Mitinqdə hərbi xuntanın rəhbəri Arayik Arutyunyan da iştirak edir. Aksiya iştirakçıları bildirirlər ki,
məqsəd Laçın yolunun açılmasına nail olmaqdır.
Dünən axşam saatlarında isə “Teleqram” kanallarında Xankəndidə separatçı rejimin keçmiş
“təhlükəsizlik şurasının katibi”, Xocalı qatili Vitali Balasanyanın həbs olunduğu barədə
məlumatlar yayılıb. Balasanyan orduya ayrılan pulları mənimsəməkdə ittiham olunurdu və ötən il
haqqında cinayət işi açılmışdı. Vardanyan “hakimiyyətdə” olduğu aylarda onu dolayısı ilə
Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham etmişdi.
Xankəndidə keçirilən aksiyanın zamanına və təşkilatçılarına diqqət yetirdikdə, bir çox mətləblər
aydın olur.
Əvvəla, Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və
Ermənistan liderlərinin növbəti görüşündən 1 gün qabağa təyin edilib. Bu görüş Vaşinqton
prosesinin davamıdır və iki gün əvvəl ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti
İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışaraq, onları sülh danışıqlarında
əldə olunan irəliləyişləri davam etdirməyə çağırıb. Ötən ayın sonunda xarici işlər nazirlərinin
ABŞ-da keçirilən danışıqlarında tərəqqi olduğu bildirilmişdi. Blinken bəyan etmişdi ki, sülh sazişi
layihəsinə yeni maddənin əlavə olunması razılaşdırılıb. Mümkündür ki, liderlər Brüsseldə məğzi
açıqlanmayan bu maddəni qəbul edəcəklər.
Azərbaycanın gündəliyində iki mühüm məsələ var:
Birincisi, Qarabağın demilitarizasiyası, Ermənistanın bu məsələdə üzərinə öhdəliklər götürməsi;
İkincisi, Ermənistanın bütövlükdə separatçı rejimə dəstəyinin dayandırılması və Xankəndi – Bakı
dialoqunun başlanması.
Hər iki məsələ Vaşinqton tərəfindən dəstəklənir, Avropa İttifaqının mövqeyində də prinsipial fərq
yoxdur. Amma prosesin başlanması üçün ilkin addımları Ermənistan rəhbərliyi atmalıdır. Bura
“müdafiə ordusu”nda xidmət edənlərin geri çağırılması, Qarabağdakı ağır hərbi texnika və
artilleriya vasitələrinin Ermənistana qaytarılması daxildir. Demilitarizasiya başlamadan hər hansı
sülh razılaşması imzalansa belə, onun real, işlək mexanizmləri mövcud deyil.
“Müdafiə ordusu” Azərbaycanın suveren ərazilərində mövcud olan qanunsuz silahlı dəstələrdir,
Bakı heç bir şərt daxilində onların mövcudluğunu qəbul etmir və bu tələbi beynəlxalq hüquqa
uyğundur.
“Müdafiə ordusu” əslində Rusiyanın bölgədəki əsas güc vasitəsi olmaqla destabilizasiya
mənbəyidir, son aylarda sülh danışıqları intensivləşdikcə atəşkəsin silahlı dəstələr tərəfindən
tez-tez pozulması bu reallığı təsdiq edir.
Beləliklə, Paşinyan həm Qərbin, həm də Azərbaycanın təzyiqləri ilə üz-üzədir. Baş nazirin siyasəti
Bakı ilə tezliklə sülh əldə edib, Türkiyə ilə sərhədləri açmaq, bölgədə nəqliyyat-kommunikasiya
əlaqələrini bərpa etmək olsa da, həm Ermənistan, həm də Qarabağdakı reallıqlar onu ehtiyatlı
olmağa vadar edir. Elə Brüssel danışıqlarından 1 gün əvvəl Xankəndidə aksiyanın təşkil
olmasında Paşinyanın “barmağı”nın olması da bununla bağlıdır. Qeyd edək ki, aksiyaya çağırış
edən “dövlət naziri” Qurgen Nersisyan Baş nazirin “adamı” kimi tanınır. Görünür, Paşinyan
Brüssel danışıqlarında mövqelərini qismən möhkəmləndirmək, habelə Ermənistan cəmiyyətini
sakitləşdirmək üçün belə bir provokasiyaya ehtiyac duyub.
Rusiyanın Qarabağdakı “adamları” Arayik Arutyunyan, Ruben Vardanyan bu fürsəti
dəyərləndirməyə çalışır. Onlar başa düşürlər ki, həlqə daralır, Paşinyanın müqavimət imkanları
sürətlə tükənir, habelə beynəlxalq qüvvələr Azərbaycanın apardığı siyasətə ən azı mane olmaq
niyyətində deyillər. Bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizi ilə bağlı
Ermənistanın qaldırdığı iddianı rədd etməsi “təhlükənin” sürətlə yaxınlaşdığını göstərir. Rusiya
da prosesi dayandırmaq imkanlarını işə salmaq istəmir və ya ola bilsin, bu imkanlar həddindən
artıq şişirdilib. Yaxın zamanlarda Qarabağdakı separatçı rejimin ləğvi, “müdafiə ordusunu”nun
buraxılması Ermənistan, dolayısı ilə Rusiya və onun Xankəndindəki əlaltıları üçün qaçılmaz
reallığa çevrilə bilər. Azərbaycanın güc tətbiq edəcəyini artıq bütün çevrələr qəbul edir.
Paşinyan daralmaqda olan meydanda sonuncu dəfə manevr etməyə, böhranın bütün günahını
ona yükləməyə çalışan daxili və xarici qüvvələrin arqumentlərini dəyərsizləşdirməyə çalışır. Baş
nazir hadisələrin təbii inkişafında maraqlıdır ki, öz hakimiyyəti erməni ictimai rəyində ciddi
zədələnməsin. Çünki Qarabağdakı rejimin silahlı dəstələri ilə birlikdə tarixin arxivinə
göndərilməsi atıq zaman məsələsidir.
Qarabağ ermənilərinin meydana çıxarılması, əlbəttə, həm də separatçıların Rusiyaya mesajıdır.
Onlar Kremldən konkret addımlar atmağı tələb edirlər. Yəni ən azı Laçın dəhlizi açılmalı, Bakının
güc tətbiq etməyəcəyinə dair zəmanət verilməlidir. Moskva bu zəmanəti verəcəkmi, buna
imkanları varmı, bunu demək çətindir. Elə separatçı rejim mənsublarını da “yeyib-bitirən” “böyük
qardaşın” aydın olmayan mövqeyidir. Ortada Laçın yolunun bağlanmasına Kremin müqavimət
göstərə bilməməsi kimi “acı” təcrübə var. Nersisyanın mitinqdə çıxışı da bunu təsdiq edir: “Biz
ümid edirdik ki, beynəlxalq ictimaiyyət, Rusiya və Ermənistan bu ölümcül fəlakətin gedişatını
dayandırmaq üçün qətiyyətli addımlar atacaq, lakin məlum oldu ki, hamı yalnız müşahidəçi kimi
çıxış edir. Mən beynəlxalq ictimaiyyətə, Ermənistana və Rusiyaya bir sual vermək istəyirəm: nəyi
gözləyirsiniz? Bu meydanda hər gün meyitlərin görünməsini istəyirsiniz?”
Yekun olaraq qeyd etmək olar ki, Qarabağdakı rejimin süqutunun qaçılmaz olduğunu hamı dərk
edir, sadəcə, maraqlı tərəflər prosesin məsuliyyətinin altında qalmaq istəmirlər. Bu gün Paşinyan
ilk addımı atıb, sabah onun “əlimizdən gələni etdik, Rusiya öhdəliklərini yerinə yetirmədi, artıq
reallıqlarla barışmalıyq” bəyanatının olmayacağına heç bir zəmanət yoxdur. Bu isə Qarabağda
artıq növbəti mərhələnin başlanğıcı deməkdir. Azərbaycanın bölgədə suverenliyini təmin etmək
üçün daha bir məsafəni qət edə biləcək…
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.