ABŞ-da kəşfiyyat böhranı: Trampın hədəfində generallar
Bu gün, 08:34

Yevgeni Bay, xüsusi müxbir, Vaşinqton
ABŞ Müdafiə naziri Pit Hegset ABŞ Hərbi Kəşfiyyat İdarəsinin (DIA) rəhbəri Ceffri Kruzu vəzifəsindən azad edib. Rəsmi səbəb açıqlanmasa da, Vaşinqtondakı mənbələr bu qərarı Kruznun ABŞ-ın İrana hərbi zərbəsinin nəticələri barədə hazırladığı hesabatla əlaqələndirirlər.
Trampı qəzəbləndirən hesabat
Hesabatda göstərilirdi ki, İranın nüvə proqramı tamamilə məhv edilməyib, sadəcə bir neçə ay geri atılıb. Halbuki prezident Donald Tramp dəfələrlə İranın nüvə mərkəzlərinin “yer üzündən silindiyini” bəyan etmişdi. Bu ziddiyyət Trampı qəzəbləndirib və Kruza qarşı münasibətini daha da sərtləşdirib.
Xatırladaq ki, nüvə obyektinə hücumdan sonra müstəqil ekspertlərə istinadən onun tamamilə məhv edilməsi barədə iddiaların şişirdildiyini yazmışdı.
Təcrübəli generalın karyerası
Ceffri Kruz Pentaqondakı ən peşəkar və təcrübəli generallardan biri hesab olunur. O, Əfqanıstan, Pakistan və Hind-Sakit okean bölgəsində hərbi kəşfiyyat əməliyyatlarına rəhbərlik etmişdi. Lakin əsas kəşfiyyat qurumu – DIA – hədəfə çevrilərək zəiflədilib. New York Times yazır ki, bu idarə “lazımsız qüsurlu oyuncaq anbarına” bənzədilib.
Yalnız İran hesabatı deyil
Mənbələrin sözlərinə görə, Kruza qarşı narazılıq təkcə İran məsələsi ilə bağlı deyil. 2017-ci ildə DIA ABŞ-da keçirilən 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi barədə hesabat hazırlamışdı. Tramp bunu Kruza heç vaxt bağışlamamış və fürsət gözləyirmiş.
Baydenin komandası hədəfdə
Kruz vəzifəyə Co Bayden dövründə gətirilmişdi. Ekspertlər hesab edirlər ki, Tramp Bayden tərəfindən Pentaqona gətirilmiş bütün yüksək rütbəli zabitləri vəzifədən uzaqlaşdırmaq niyyətindədir. Hegset artıq Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Çarlz Braun, Milli Təhlükəsizlik Agentliyinin başçısı Timoti Ho və NATO-da çalışmış vitse-admiral Şoşana Çetfildi işdən çıxarıb.
İndi isə Kruza əlavə olaraq vitse-admiral Nensi Lakor (Hərbi Dəniz Qüvvələrinin ehtiyat rəhbəri), admiral Milton Sends (“Navy SEALs”in komandiri) və başqa yüksək rütbəlilər də vəzifəsiz qalıblar.
Konqresdə etiraz
Kütləvi istefalar Konqresdə narazılıq yaradıb. Senatın kəşfiyyat komitəsinin sədr müavini Mark Vorner Kruzu işdən çıxarmağı onun İran hesabatı ilə birbaşa əlaqələndirib:
“Biz kəşfiyyat qurumlarından dürüst və faktlara əsaslanan təhlil almaq istəyirik, bu, Ağ Evin mövqeyi ilə üst-üstə düşsə də, düşməsə də. Əgər reallıq gizlədilirsə, bu, yalnız düşmənlərin işinə yarayır və Amerikanı zəiflədir.”
Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin üzvü, demokrat Cim Hayms isə Tramp administrasiyasını Kruzu niyə işdən azad etdiyinə dair Konqresə izahat verməyə çağırıb. Əks halda o, bunu siyasi motivli qərar hesab edir: “Bu addım kəşfiyyat icmalarında qorxu atmosferi yaradır.”
Sual açıq qalır
Tramp hakimiyyətə gəldiyi gündən kəşfiyyat qurumlarında çalxalanma davam edir. Bu mühitdə isə obyektiv və müstəqil araşdırmanın aparılmasının mümkün olub-olmadığı böyük sual altındadır.
Məqalə http://xn--haqqn-q4a.az/ saytında rus dilində çap edilib.
Sarvan Səmədoğlu
TEREF