Məmləkətdə statistik göstəricilərin “siyasiləşməsi” yanlışdır,...

15-07-2023, 16:54           
Məmləkətdə statistik göstəricilərin “siyasiləşməsi” yanlışdır,...
Bu il iyulun 1-ə olan məlumata görə Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 247 min 430 nəfər olub, onların 33%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği isə 4 manat 90 qəpik artaraq 407,5 manat olub. Müavinat alanların sayı isə 109 nəfər artaraq 2 min 568 nəfər olub. İşsiz kimi qeydə alınan şəxslərin 1/5-i - 49 min 800 nəfəri Bakı şəhərinin payına düşür. Bakı şəhərindən sonra ən çox işsiz Ağdam rayonunda qeydə alınıb – 10 min 749 nəfər. İşsizliyin çox olduğu şəhərlərdən biri Şəkidir - işsiz olaraq qeydiyyata alınanların sayı 4394 nəfərdir.
Yaxşı, ölkədə 6 mln. nəfərə yaxın əmək qabilliyyətli əhali yaşayır, belə çıxır ki, cəmi 5% civarında rəsmi işsiz var. Əslində yaxşı rəqəmdir, amma realdırmı?! Azərbaycanda işsiz kimi qeydiyyata düşməyin özü də bir işdir: İşsizlik müavinəti almaq üçün vətəndaş yaşadığı ərazi üzrə Məşğulluq İdarəsinə müraciət etməlidir. Bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır: Şəxsiyyəti təsdiq edən sənəd, əmək kitabçası, peşə və ya ixtisasını təsdiq edən sənəd – amma bu da son deyil, həmin sənədləri ŞƏXSƏN təqdim etdikdən sonra Baş Məşğulluq İdarəsi və onun yerli orqanları 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi/imtina edilməsi haqqında qərar qəbul edir.
Rəsmi məlumatda deyilir ki, 247 min 430 nəfər işsiz var, amma işsizlik müavinatı alanları sayı cəmi 2 min 568 nəfərdir – sual yaranır, niyə?!
Mən o fikirdən uzağam ki, ölkədə yüzminlərlə işsiz var – elə deyil, yüzminlərlə işsiz olan ölkədə həftədə 2 dəfə hökumət dəyişər, bu yazının məğzi odur ki, məmləkətdə statistik göstəricilərin “siyasiləşməsi” yanlışdır, işsizlik avtomatik olaraq qeydə alınmalıdır, metodologiya dəyişməlidir – amma bunun üçün isə rəsmi iş yerlərinin, əmək müqaviləsi ilə çalışanların sayı artmalıdır. Niyə artmır?! Çünki hökumət bu işdə “qamçı, və ya zopa” ilə davranır, ancaq cəza yolu ilə vəziyyəti düzəltmək istəyir ki, bu da mümkün deyil. Təşviq siyasəti olmalıdır, dövlət və hökumət əlini daşın altına qoymalı, vergi və sosial ödənişləri həm işçi, həm də işəgötürən üçün kəskin azaltmalıdır ki, rəsmi işləmək hər iki tərəfə sərf etsin. İndi bir qalstuklu müəllim çıxıb deyəcək ki, azaltsaq bəs DSMF-yə ödənişlər də azalacaq axı – azalmayacaq, hətta arta bilər, müəllimlər anlasın deyə bəsit dildə başa salım: Məsələn, bir var 100 nəfərdən aya 50 manat, bir də var 200 nəfərdən aya 30 manat yığasan, yəni, 1-cidə aya 5000 yığırdınsa, ikincidə 6000 yığacaqsan. Ölkədə əmək bazarı, əmək məhsuldarlığı çox pis vəziyyətdədir, əmək bazarı rəsmiləşsə, işsiz kimi ŞƏXSİ və AYRICA müraciətlərə ehtiyac qalmayacaq, sistem özü nə qədər insanın (və kimlərin, konkret) işini itirdiyini, nə qədər insanın isə iş tapdığını real zaman şəraitində göstərəcək...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.