Majoritar, yoxsa proporsional seçki sistemi?!

17-07-2023, 11:14           
Majoritar, yoxsa proporsional seçki sistemi?!
Majoritar və proporsional seçki sisteminin fundamental fərqləri izah etməyə ehtiyac yoxdur, siyasətlə maraqlananlar təməl fərqi bilirlər, mən bu iki sistemin fəlsəfəsindən, üstün və axsayan tərəflərindən danışmaq istəyirəm – lütfən, diqqətlə oxuyaq və ciddi müzakirə edək, bu məmləkətin gələcəyi üçün açar mövzulardan biridir.
Əvvəl onu deyim ki, formasından asılı olmadan seçkilərin doğru-dürüst keçirilməsi təməl şərtddir, amma majoritar sistemlərdə hətta doğru seçkilər olsa belə, bu seçki üsulu ilə formalaşan Parlamentlər əhalinin çoxunu deyil də, az hissəsini təmsil edir – bu riyazi olaraq belədir (aşağıda izah edəcəm), ona görə də normal, demokratik ölkələrdə majoritar sistem tədbiq ediləndə bir neçə ildən sonra siyasi səhnədə 2, maksimum 3 partiya qalır, bizdə 60-a yaxın, əksəriyyəti də formal xarakter daşıyan partiyaların olması zatən siyasi sistemin nə qədər mənasız olduğunu əvvəlcədən sübut edir.
Amma gələk detallara və tezisin sübutuna: tutalım, majoritar sistemdə 1 dairədən 10 namizəd olur, qanunlara görə ən çox, hətta cəmi 1 səs belə artıq yığan namizəd qalıb elan edilir. Gəlin riyazı olaraq mənzərəyə baxaq – məsələn, dairədə 40 min seçici var, tutalım, bunun 50%-i seçkiyə gəlir, tam da demokratik seçkilərdir, 20 min seçicidən, tutalım, 3500 nəfəri 1-ci yeri tutan namizədə səs verir, digər 9 namizəd isə müvafiq olaraq 3000, 2000 və s. səs toplayırlar (məsələn, 1 nəfər 3000, 2 nəfər 2000, 3 nəfər 1500, yerdə qalanlar isə 1250 səs toplayır – tam yuvarlaq rəqəmlərlə yazdım ki, mənzərəni aydın görək). Beləliklə, 40 min seçicisi, 20 min seçkiyə gələn vətəndaşı olan dairədən cəmi 3500 səs toplayan deputat olur, 16500 səs isə “çöpə” gedir. Yəni, 40 min nəfəri təmsil edən şəxs cəmi 3500 səs qazanır, onun əlehinə olan 16500 səs isə itir. Ona görə də, majoritar sistemi olan və bu sistemi demokratik çalışdıra bilən ölkələrdə (məsələn, ABŞ, Britaniya) ayaqda 2 partiya qalır. Bizdə həm majoritar sistemdir, mən də onlarla partiya var – bu faktın özü belə sistemin anormal çalışdığını göstərir.
Hətta bizdəki, yumşaq desəm, demokratik olmayan seçkiləri belə rəqəmsal analiz etsək görərik ki, bu gün fəaliyyətdə olan Parlament seçicilərin əksəriyyətini təmsil etmir – öz dairəmdə bunu izah edə bilərəm: 12 saylı daridən deputat olan, Google-nin belə tanımadığı Səbinə Xasıyeva rəsmi nəticələrə görə 48,7% səs “qazanaraq” deputat olub. Deməli, hətta rəsmi nəticələrə görə o dairədə səs verən vətəndaşların səslərinin 51,3%-i “çöpə” gedib, yəni, Səbinə xanım hətta bu mənzərə görə belə dairədə səsverənlərin azlığını təmsil edir.
Daha aşağı RƏSMİ nəticələr olan dairələr də var – məsələn, 34 saylı dairədən deputat “seçilən” Zabelin səsverməyə gələnlərin 35,2%-nin səsi ilə deputat olub, yəni, o dairədən seçicilərin 65%-nin səsi “çöpə” gedib.
Proporsional seçki sistemində isə “çöpə” gedən səslər çox az olur, məsələn, 3-5%-lik baryer tədbiq edirir, vətəndaş-seçici bəyəndiyi siyasi partiyaya səs verir, Bu zaman 3-5%-lik (nə qədər olacaqsa) baryeri keçə bilməyən çox az saylı partiyalara verilən səslər itir, az qala 90-95% vətəndaş səsi isə Parlamentin formalaşmasında nəzərə alınır. Bu sistemdə uzlaşma, koalisiya mədəniyyəti də formalaşır, daha önəmlisi ideoloji partiyalar inkişaf edir, cəmiyyət də “azarkeş” modundan çıxıb ideoloji olmağı öyrənir.
Proporsional seçkiyə keçid ölkənin siyasi-iqtisadi gələcəyi üçün çox önəmlidir, ciddi ideoloji partiyaların mövcudluğu və parlament təmsilçiliyi isə ölkənin “sığortası” ola, istənilən kataklizmdən qoruyan əsas faktora çevrilə bilər...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.