Azərbaycan hökuməti və Qarabağ erməniləri Rusiya sülhməramlılarından narazıdır

16-07-2023, 22:37           
Azərbaycan hökuməti və Qarabağ erməniləri Rusiya sülhməramlılarından narazıdır
Bu həftə Brüsseldə Avropa İttifaqı Şurası rəhbərinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşdüyü bir vaxta Rusiya ilə Azərbaycan bir-birini ittiham edən bəyanatlar yayıb.

Rusiya Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda Azərbaycan rəhbərliyini Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkətin bərpası üçün dərhal addımlar atmağa çağırıb. Rusiya XİN-i bildirib ki, “Dağlıq Qarabağ ətrafında vəziyyət mənfi ssenari” üzrə inkişaf edir.

“Ərazidə humanitar böhran getdikcə dərinləşir”, bəyanatda deyilir.

İyulun 11-də Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus tibbi təxliyyə avtomobillərində Ermənistandan Qarabağa “qanunsuz olaraq mobil telefonların, siqaret və avtomobil yanacağının daşınmasını” bildirib və Laçın sərhəd buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq bağlayıb.

Azərbaycan tərəfi ötən gün yaydığı məlumatda bildirir ki, Rusiya XİN-nin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən bəyanatı rəsmi Bakıda “anlaşılmazlıq və məyusluq doğurur”.

Azərbaycan hesab edir ki, “bu bəyanat Azərbaycanla Rusiya arasındakı müttəfiqlik bəyannaməsi və Rusiya Prezidenti Vladimir Putinin Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir”.

Azərbaycan tərəfi qeyd edir ki, "Laçın yolundan son bir neçə ay ərzində yüzlərlə erməni sakinlərin tənzimlənən və şəffaf şəkildə keçidi təmin olunub. Buna baxmayaraq, Ermənistan tərəfi yenə də, Azərbaycan əleyhinə hərbi təxribatlarından əl çəkməyib, iyunun 15-də məntəqəni atəşə tutub, iyul ayında BQXK -nın avtomobillərində qaçaqmalçılığa cəhd göstərib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni sakinlərin keçidi üçün yenə də şərait yaradıb və Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu bildirib”.

Rəsmi Bakı bəyanatında “Rusiyanın tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılmasını təmin etməməkdə ittiham edir”.

“Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir”, Azərbaycan XİN-i bildirir.

Cümə günü Dağlıq Qarabağda yaşayan minlərlə erməni sakini Laçın yolunun bağlanması qərarına etiraz etmək üçün küçələrə axışıb. Onlar Rusiyadan və rəsmi Bakıdan narazılıqlarını və tələblərini dilə gətiriblər.

Etirazçılar Bakıdan “yolun açılmasını və yaranmış böhran vəziyyətini aradan qaldırmağı tələb ediblər”.

AFP-nin məlumatına görə, Qarabağın əsas şəhəri olan Xankəndinin (Stepanakert) mərkəzi meydanına toplaşan 6 minə yaxın insan “Blokadaya yox!”, "Həyat yolunu aç!" kimi şüarlar səsləndirib.

"Rusiya sülhməramlıları “Artsax” xalqının hüquqlarına və fiziki sağ qalmasına təminat verməlidirlər", - Qarabağın ombudsmanı Qheqam Stepanyan aksiyadakı insanlara bildirib.

Cümə axşamı separatçı hökumətin rəsmisi “Rusiyanı Laçın dəhlizində sərbəst hərəkəti təmin etməyə çağırıb”.

“Vəziyyət dəhşətlidir, bir neçə gündən sonra bizim qarşısıalınmaz nəticələrimiz olacaq”, - etirazçı hökumətin dövlət naziri Qurgen Nersisyan bildirib.

Rusiya tərəfi şənbə günü yaydığı bəyanatda o cümlədən, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək üçün “yaxın vaxtlarda” Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bildirib.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.