“Azərbaycanda özünü müstəqil media sayanlar kiminsə çətirinin altındadır” - Ekspert danışır

17-07-2023, 16:32           
“Azərbaycanda özünü müstəqil media sayanlar kiminsə çətirinin altındadır” -
Bu il Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür.
TEREF.AZ bildirir ki, Mətbuat Günü ilə əlaqədar “Kanal 32” Media Şəbəkəsinin təsisçisi, “EL” televiziyasının aparıcısı, Beynəlxalq Jurnalistlər Federasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İnqilab Şirinli Yeniavaz.com-a danışıb.
İnqilab Şirinli bildirib ki, bu gün Azərbaycan mediasının durumuna baxdıqda o dərəcədə ürəkaçan mənzərənin şahidi olmuruq. Jurnalist bunun səbəbini belə izah edib:
“Bu gün Azərbaycan media məkanında, belə demək mümkünsə, ayrı seçkilik mühiti höküm sürür. Bunu belə də izah edə bilərəm: görürük ki, bölgə mediası tamam kənarda qalıb. Bölgə mediası Azərbaycan mediasının ögey övladıdır. Azərbaycan mediası deyəndə paytaxt mediası göz önünə gəlməməlidir. Azərbaycanın bölgələrində kifayət qədər sanballı, fikrini ifadə etməyi bacaran, normal informasiya təqdim edə biləcək jurnalistlər var. Bu gün istər MEDİ, istər Mətbuat Şurası, istərsə də media ilə işləyən digər qurumlar olsun, onların, demək olar ki, çox nadir hallarda bölgələrdə tədbirlərinə rast gəlirik. Media ilə baglı tədbirlər paytaxta salınır, bölgə mediasından ora barmaqla sayılacaq adamlar dəvət olunur, o da eyni şəhər və rayonlardan. Lap məndən incisələr də, açıq deyəcəm, Azərbaycandakı media qurumları, özünü müstəqil media qurumu sayan adamlar kiminsə çətirinin altındadır. Kimlərsə onların üzərinə əl qoyubdur, onları maliyyələşdirir və bu gün də onlar rahatlıqla media reyestrinə daxil ola bilirlər. Şərtlər də hamımıza məlumdur. Həmin şərtlərdən biri ən azı 3 nəfərin rəsmi müqavilə əsasında işləməsidir. Təbii ki, informasiya əldə etmə baxımından hər bir medianın özünəməxsus 20 informasiyasının olması o dərəcə də çətin bir şərt deyil. Çünki bölgədə N sayda informasiya var və hər kəs o informasiyanı özününküləşdirə, özəl informasiya formasında təqdim edə bilər. Amma bölgədə fəaliyyət göstərən media, istər çap mediası, istərsə də onlayn media, onların maliyyə imkanları yetirmi ki, heç olmasa minimum əmək haqqı həddində 3 nəfəri işdə saxlaya bilsin? Yəni bu şərtlər bu gün bölgə mediasının fəaliyyəti üçün çox ciddi maneələrdən biridir. Bu məsələdə “Media haqqında” qanun hazırlanan zaman bölgə mediasına baxış fərqli olmalı idi. Şərtlər bölgə mediası ilə paytaxt mediasına müqayisədə bir qədər yumşaq olmalı idi. Media rəhbərləri deyə bilər ki, onda biz ayrı seçkilik etmiş olarıq. Mən deyərdim ki, zatən siz bu gün Azərbaycan mediasının inkişafı naminə atdığınız addımlarda bölgə mediasını kənarda saxlayırsınız. Odur ki, hesab edirəm, Mətbuat Şurası da, Media Agentliyi də bölgə mediasının fəaliyyətini özündə əks etdirə biləcək yeni bir sənəd üzərində işləməlidir. Konseptual sənəd olmalıdır. Eyni zamanda peşəkar jurnalistlər hər iki qurumun aktiv əməkdaşları olmalıdır. Onlarla müzakirələr, dinləmələr aparılmalıdır. Mənim bu dediklərim bölgədə fəaliyyət göstərən peşəkar mətbuat işçilərinə aiddir. Söhbət hansısa bir reketdən, kiminsə sifarişi ilə fəaliyyət göstərən mediadan getmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.