Daşkəsənin “Rembo”su, Gədəbəyin “Hollivud ulduzu” və “ağ atlı” məmurlar - Replika

18-07-2023, 11:20           
Daşkəsənin “Rembo”su, Gədəbəyin “Hollivud ulduzu” və “ağ atlı” məmurlar - Replika
Əvvəla salam, salamdan sonra əgər zəhmət çəkib biz tərəfin əhvalı ilə tanış olmaq istəsən, biz sağ və salamat varıq. Sənin də sağ və salamat olmağını arzu edirik.

Hörmətli dostum, ötən dəfə sənə yazdığım məktuba hələ də cavab almamışam. Səndən çox nigaranam. Məktubun cavabını quş gəlsə, qanadında göndər. Məktubunu gözləyə-gözləyə qalmışam. Hər dəfə qapı döyüləndə elə bilirəm poçtalyondur. Qonşumuz Zəminə xalanı o gün poçtalyonla dəyişik salmışdım. Yazıq arvad and-aman edir ki, poçtalyonluqla əvvələr məşğul olub.

Yeri görünən dostum, yəqin bu məktubumu cavabsız qoymarsan. Xeyirdə-şərdə gözüm səni axtarır. Narahat olma, biz tərəfdə hələlik hər şey qaydasındadır. Hə,əlinlə necə qoyub getmisən, heç nə dəyişməyib. Televiziyalarda vur-çatlasın yenə davam edir. Manıs yığınağına baxıb xoşbəxt günlərimizin kefini çıxarırq. Elə oxuyanlar çıxıb, sən onların heç birini görməmisən.Özləri həm oxuyur, həm də oynayır. Birdən elə bilərsən, Nadir Qafarzadəni deyirəm ha. Yox, yox, onun oxumağı da oynamağı kimidir. Bir az Manaf Ağayev stilini dəyişməyib. Dostu haqqında yanıqlı oxuyanda yadıma bütün dostlarım düşür. Nə bilim, hərənin bir stili var.

Hə, o gün də bir dəstə din adamı müqəddəs torpaqlardan ziyarətdən qayıdanda xoş bir xəbər aldıq. Açığı sevincdən gözlərim doldu. Hə, sən demə ziyarət zamanı bizim hacılar çox böyük uğura imza atıblar. Vallah açıqlamasını Müfti Hacı Salman Musa oğlu Musayevin şəxsən dilindən eşitdim. Hacı and-aman elədi ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəyə bərabər bir zəfər əldə ediblər. Dedi ki, yüz iyirmi yeddi ölkə arasında Azərbaycanın bayrağı 3-cü asılıb. Bəlkə yarış-zad keçiriblər, ya da turnir filan olub? Bax orasını demədi.

Səninlə Daşkəsənə gedəndə rayonun mərkəzi meydanında boks yarışlarını seyr eləməyimiz yadına gəlir? Mənim heç vaxt yadımdan çıxmaz, səni bilmirəm. Rayon İcra Hakimiyyəti binasının qarşısında qurulan rinqi deyirəm. Kostyumda, qalstukda rinqə çıxan qara bığlı əminin biz tərəfə baxıb bığaltı gülümsəməsini nə tez unutdun? Mən hələ də o baxışların təsiri altındayam. Həmin qıyqacı baxışların sahibi Əhəd əmini deyirəm də. Sən demə o, boksçu-zad deyilmiş. Dünən bilmişəm ki, həmin boksçu əmi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Abıyev Əhəd imiş. Yadındadır, rinqdə heç kim ona yumruq ata bilmirdi. Atdıqları yumruqlar da qayıdıb özlərinə dəyirdi. Sən də deyirdin ki, bu boksun yeni növüdür.

Bir neçə gün əvvəl də həmin əminin at belində şəkillərini gördüm. Bəzi ağzıgöyçəklər dedi bu kişi at belində dağlara çəkiləcək, bəziləri dedi ki, “at muraddır” deyimi adamı həvəsləndirib ki, muradı hasil olsun. Bəzi uydurmalara görə isə misri qılıncı daim atın tərkinə bağlayan Əhəd əminin qılıncının dalı da, qabağı da kəsirmiş. Cənab Prezident sərəncam verib onu vəzifəsindən azad etməsəydi, hələ də onu Daşkəsənin Rembosu hesab edirdim.

Vallah yazmağa o qədər söhbət var, hansını deyim bilmirəm. Birini yazanda o birisi yaddan çıxır. Əhəd əminin adını çəkdim, o birilər inciyəcək. İnşallah, onlar haqqında da yazarıq. Amma Gədəbəydəki hadisələr haqqında mütləq sənə danışacam. Kənd camaatı öz dərdində, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov da dirənib ki, qardaş məni yaxından çək ki, yaxşı düşüm, axı çəkilişlərdə pis görünürəm! Zalım oğlu, elə bil Hollivudda-zaddadır.

Eh dostum, dərd birdir, beşdir hansını deyim? Məktubuma vaxtında cavab yaz. Yoxsa səni Xoşqədəmə tapşıraram. Gələn həftə məktub almasam, Xoşqədəm səni rüsvay edəcək. Özün bil.

Buralardan narahat olub eləmə, sadaladıqlarım bəs eləmirsə, yenə yazım. Amma bilirəm ki, sən hövsələsizin birisən. İki, üç sətirdən o tərəfə oxuyan deyilsən. Ona görə qalanlarını yazmıram ki, oxuyanda gözün böyüməsin. Di, hələlik. Özündən muğayat ol, uşaqları öp. Hörmətlə dostun
KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.