Prezidentin nazirə verdiyi bir həftə vaxt tamamlandı, bəs açıqlama?

19-07-2023, 10:34           
Prezidentin nazirə verdiyi bir həftə vaxt tamamlandı, bəs açıqlama?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Söyüdlüdəki ekoloji vəziyyətlə bağlı hesabat hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib”

Ölkə başçısı İlham Əliyev 2023-cü ilin iyulun 11-də keçirdiyi müşavirədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə bir həftə vaxt vermişdi ki, Söyüdlüdə apardıqları monitorinqin nəticələrini ona və ictimaiyyətə açıqlasın.

Bu gün İ. Əliyevin tapşırığından bir həftə vaxt keçir. Amma monitorinqin nəticələri ilə bağlı ictimaiyyətə məlumat açıqlanmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Abzas Media-ya bildirib ki, Söyüdlüdəki ekoloji vəziyyətlə bağlı hesabat hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib. O bildirib ki, bu məlumat ictimaiyyətə də açıqlanacaq, amma bu nə vaxt baş verəcək, mətbuat katibi suala cavab verməyib.

Nazirlər Kabineti isə zənglərə cavab vermir.

İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.

DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb. 11 iyulda ölkə başçısı İlham Əliyev də hökumət üzvləri ilə keçirdiyi müşavirədə Söyüdlüdə baş verən hadisələrdən danışıb. O bildirib ki, etirazlarda özünü ləyaqətli aparan təkcə polislər olub və onlar dözümlü davranıblar.

Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb. Komissiyanın rəhbəri nazir Muxtar Babayevdir.
abzas org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.