Ədliyyə Nazirliyi doğru deyir, yoxsa REAL partiyası?

19-07-2023, 11:44           
Ədliyyə Nazirliyi doğru deyir, yoxsa REAL partiyası?
Ölkəmizdə partiyalar qeydə alınmaq üçün yeni qaydalara görə 5000 üzvünün reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidir.
Mövcud normalara görə reyestr partiya üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsi göstərilməklə aparılır.
Bəzi partiyalar bu siyahıları qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edərkən problemlərlə üzləşdiyini bildiriblər və açıqlamalar veriblər.
Bununla bağlı bir məlumat diqqətimi cəlb etdi ki, REAL partiyası 5000 nəfərlik belə bir məlumatı Nazirliyə təqdim edib, lakin Nazirlik araşdırma apardıqdan sonra yalnız 463 nəfərin üzv olmasını müəyyən edib.
Qalanların üzvlüyü isə Nazirlik tərəfindən müxtəlif səbəblərdən etibarlı hesab edilməyib.
Əsas diqqətimi cəlb edən isə bu səbəblər içərisində "2527 nəfərin Əhalinin Dövlət Reyestrində tapılmadığı" haqqında bildiriş olub.
Düzü anlamadım, nə az, nə çox 2527 nəfər necə ola bilər ki, indiki vaxtda dövlət reyestrində olmasın.
Bunu ona görə qeyd edirəm ki, son zamanlar datası ən səliqəli, ən təmiz olan dövlət qurumlarının ən birincisi elə Ədliyyə Nazirliyidir.
Əgər onların datası səliqəli olmasaydı heç zaman Mobil Notariat və Mobil Əhali kimi ən populyar və ən faydalı rəqəmsal həllər işləyə bilməzdi.
Hansı ki, hazırda ən aktiv, yarım milyard əhalinin istifadə etfiyi rəqəmsal hökumət həlləri elə adı çəkilən Nazirliyin adı çəkilən resurslarıdır.
Bəs necə olur ki, bu aktiv resursların söykəndiyi hökumət datasının etibarlılığı şübhə altına alınır, orada kütləvi qeyri-dəqiqlik müəyyən edilir.
Problem haradadır, REAL-ın verdiyi 2527 üzvün məlumatı yanlış olub, yoxsa burada hansısa siyasi məqamlar var?
Yeri gəlmişkən, Mobil Əhalidə vətəndaşlarla bağlı bütün məlumatlar var .
REAL-da olan peşəkarların və partiya üzvlərinin də reyestr hazırlanarkən öncədən Nazirliyin Mobil Əhali tətbiqindəki məlumatlardan, MyGov-dan istifadə etməməsi də maraqlı məqamdır.
Nəsə, ağlabatan görsənmir bu açıqlamalar.
Dövlət reyestrində 5000 vətəndaşın 50%-nin məlumatının yanlış olması inandırıcı deyil.
Düşünürəm ki, Ədliyyə Nazirliyinin bununla bağlı əlavə açıqlamalar verməsi doğru və faydalı olardı.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.