Son xəbər- Ölü sayı 10-a çatdı, 43 yaralı
19-05-2015, 14:46
Binəqədi rayonunda yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə zamanı ölənlərin sayı 10 nəfərə çatıb, xəsarət alanlar isə 43 nəfərdir.
O, qeyd edib ki, hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Ölənlərdən biri özünü binadan atıb, 2 nəfər isə tüstüdən boğulub. Boğulanların hər ikisi azyaşlıdır.
***
Bakının Binəqədi rayonunda baş verən yanğında 4 nəfər ölüb.
Bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib. Bildirib ki, hadisə zamanı 14 nəfər xəsarət alıb.
***
Bakıda hündürmərtəbəli binanın yandığı əraziyə baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov gəlib.
Hazırda ərazidə yanğının söndürülməsi üçün nazirlik bir neçə helikopteri əraziyə cəlb olunub.
Bütün səylərə baxmayaraq, yanğının qarşısını almaq mümkün olmayıb.
Hazırda fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və daxili işlər nazirinin müavini Oruc Zalov yanğın baş verən ərazidədir.
***
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki helikopteri cəlb olunub.
AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Yanğın hələ söndürülməyib. Hazırda binada qalan sakinlər FHN əməkdaşları tərəfindən təlxiyyə edilir.
[media=https://www.youtube.com/watch?v=AqACZw0YPEg]
Binəqədi rayon İcra Hakimiyətinin başçısı Xaləddin İsgəndərov və müavinləri 16 mərtəbəli binada baş verən yanğınla əlaqədar hadisə yerinə yollanıb.
İcra hakimiyyətindən bildiriblər ki, hazırda İcra hakimiyyətində heç kim yoxdur: “Başçı və bütün heyət hadisə yerinə gedib. Hamı oradadır”
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Azadlıq prospektində baş verən güclü yanğınla bağlı məlumat yayıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir.
Əlavə məlumat veriləcək.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzVision.az-a verilən məlumata görə, yanğınla bağlı hadisə yerinə 15-ə yaxın təcili yardım briqadası göndərilib.
Yanğın zamanı itki və xəsarətin olması ilə bağlı hələlik məlumat yoxdur.
***
Bakıda dəhşətli yanğın hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, yanğın Azadlıq prospektində qeydə alınıb. Bildirilir ki, hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Binanın üzlüyü alışıb.
Hadisə ilə bağlı fotoları jurnalist Əzizə İsmayılova Facebook hesabında paylaşıb.