Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…

Bu gün, 10:24           
Əliyevin qatıldığı toplantıda İLK yaşandı –
Albaniyanın paytaxtı Tiranada baş tutan “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı kifayət qədər maraqlı anlarla yadda qaldı. Xüsusilə açılış mərasimində liderlərin qarşılanması, ayaqüstü söhbətlər və səmimi görüntülər beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə, Ermənistan, Albaniya, Macarıstan, Fransa, Böyük Britaniya və s. kimi ölkələrin rəhbərləri ilə müzakirə və görüşləri də xüsusi diqqət çəkdi.

Avropa liderlərinin bir araya gəldiyi bu zirvə toplantısının mövcud geosiyasi vəziyyətdə əhəmiyyəti nədir?

Globalinfo.az-a danışan albaniyalı siyasi şərhçi, araşdırmaçı Sokol Brahaj deyib ki, “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çox mühüm və vacib tədbirdir:

“Bu toplantı həm Avropa, həm də iştirak edən digər ölkələr üçün əhəmiyyətlidir. Xüsusilə tədbirin Albaniyanın paytaxtı Tiranada keçirilməsi bizim üçün qürurvericidir.

Albaniya kiçik bir ölkədir. Avropa Siyasi Birliyi çərçivəsində Avropa İttifaqının 27 üzv ölkəsinin dövlət və hökumət başçılarının ölkəmizə gəlməsi, şübhəsiz ki, bizim üçün mühüm hadisədir. Bu tədbir Albaniyanın tanıdılması və yeni diplomatik təmasların qurulması baxımından faydalıdır.

Fikrimcə, tədbirin ən önəmli tərəfi normal şəraitdə bir araya gəlməsi çətin olan ölkələrin nümayəndələrinin Tiranada görüşməsi idi. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan Baş naziri Nikol Paşinyan kimi liderlərin müzakirəsi bu baxımdan diqqətə layiq idi. Xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin qısa da olsa, ikitərəfli danışıqlar aparması, məncə, ən mühüm hadisələrdən biri oldu. Çünki bu iki lider uzun müddətdir görüşmürdü. Hətta Moskvada keçirilən 9 May Qələbə Paradında belə bir araya gələ bilmədilər.

Bu görüşü ölkəmiz və Albaniyanın Baş naziri Edi Ramanın adına uğur hesab edirəm. Rama uzun müddətdir heç kimin bacarmadığı bir diplomatik addımı atdı. Bu, həm o, həm də ölkəmiz üçün böyük nailiyyətdir”.

Ekspertin sözlərinə görə, budəfəki toplantıda iştirak edən liderlərin sayı əvvəlki beş toplantı ilə müqayisədə qat-qat çox olub:

“Birinci Zirvə Çexiyada, ikinci Moldovada, üçüncü İspaniyada, dördüncü Birləşmiş Krallıqda, beşinci isə Macarıstanda keçirilmişdi. Həmin beş toplantıda bu qədər iştirakçı olmamışdı. Bizim perspektivimizdən bu, Albaniya diplomatiyasının uğurudur. Üstəlik, bu Zirvə toplantısında Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı da xüsusi önəm daşıyırdı.

Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin Zirvə toplantısına qatılması digər liderlərin də marağına səbəb olmuşdu. Ümumilikdə Albaniya ilə Azərbaycan münasibətləri tarixinin ən yaxşı dövrünü yaşayır. Albaniya diasporu uzun illərdir dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da Azərbaycan və türk diasporları ilə əməkdaşlıq edir. Bu, erməni diasporuna qarşı mübarizədə yaxşı tərəfdaşlıq nümunəsidir.

Qarabağ zəfərindən sonra Ermənistanın Azərbaycanın əleyhinə hansısa neqativ addım ata biləcəyini düşünmürəm. İrəvan artıq Bakı ilə danışıqlara daha ciddi yanaşmalı və nəticəyə fokuslanmalıdır. Albaniya bu məsələdə tərəflərə vasitəçilik təklif edir. Tiranada baş tutan görüş, fikrimcə, bundan sonrakı oxşar dialoqlar üçün də yaxşı nümunədir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.