Qəribə material hazırlandı: Dartıldıqda, uzanmaq əvəzinə yığılır
Bu gün, 16:54

Niderlandda yerləşən AMOLF elmi-tədqiqat institutunun fizikləri inanılmaz bir material yaradıblar. Belə ki, bu material dartıldıqda, uzanmaq əvəzinə yığılır. Alimlər bu qəribə davranışı "əks qapanma" adlandırırlar. Belə bir effekt elm tarixində ilk dəfə müşahidə olunub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə elmi tədqiqatın nəticələri PNAS jurnalında dərc olunub.
Araşdırmaya görə, bu strukturlar xüsusi 3D-printerlə hazırlanıb və onların içindəki elementlər müəyyən həddə çatdıqda, qəfil yığılaraq yeni forma alır. Yəni gərginlik artdıqca, material genişlənmək yerinə öz içinə doğru çəkilir.
Bu yenilik gələcəkdə bir çox sahədə inqilab yarada bilər:
- Tibbi robotlar və protezlər - həm sərt, həm elastik ola bilərlər.
- Zəlzələyə davamlı binalar - vibrasiyaya qarşı müqavimət artırıla bilər.
- Təyyarələr və texniki avadanlıqlar - özünü tənzimləyən strukturlarla daha təhlükəsiz hala gətirilə bilər.
Yeni mexanizm sayəsində bu strukturlar bir istiqamətdə addım-addım hərəkət edə, sərtliyini dəyişə və hətta öz titrəmə tezliyini tənzimləyə bilir.
Alimlərin fikrincə, bu material gələcəkdə müdafiə geyimlərində, elastik-çevik protezlərdə və texniki qurğularda geniş istifadə oluna bilər.
