Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət

18-05-2025, 09:44           
Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
Bakıda avtoyuma məntəqəsindəki maşından 6 200 manat oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

TEREF Musavat.com-a istinadla xəbər verir ki, 36 yaşlı Müşfiq Səbail rayonunda fəaliyyət göstərən avtoyuma məntəqəsindəki işinin ilk günündə oğurluq edib.

Belə ki, Müşfiq avtoyuma məntəqəsinin yanından keçəndə oranı işlədən Vüsal adlı şəxs işçi axtardığını deyib. Müşfiqə ona kömək etməsini təklif edib.

Müşfiq bu təkliflə razılaşaraq "Hyundai" markalı maşını yumağa başlayıb. O, maşının salonunda olan 6 200 manatı görüb. Pulu iki hissəyə bölərək ciblərinə qoyub. Təcili işi çıxdığını deyərək oradan uzaqlaşıb.

Müşfiqin dediyinə görə, yolda olan zaman pulun bir hissəsini itirib. O, cibində qalan pulu sayanda 2 700 manat olduğunu görüb. Sonra yaşadığı Salyan rayonuna gedib.

Bir neçə gün əmisigildə qaldıqdan sonra Bakı şəhərinə qayıdıb. Suraxanı rayonunda işə düzəlib. Müşfiq pulun 250 manatına telefon alıb, bibisi nəvəsinin oxuduğu universitetin təhsil haqqına 700 manat verib, 300 manat məbləğində özünə geyim alıb. Pulun 500-600 manatını da internet vasitəsi ilə kazinoda uduzub. Qalan hissəsini isə öz tələbatına xərcləyib.

Əməlindən peşman olduğunu deyən Müşfiq zərərçəkmiş şəxslə barışdığını, zərərin ödənildiyini deyib.

Məhkəmənin hökmü ilə Müşfiq 2 il azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru