Fəlakət qurbanları: “Ağrıya dözməyib, intihar etdilər...” – ARAŞDIRMA

17-08-2023, 09:44           
Fəlakət qurbanları:
Narkomaniyanı, "oğru aləmi"ni, qanundan kənar həyat tərzini təbliğ edən meyxanalar, musiqilər surətlə populyarlaşır.

“İlk dəfə 12 yaşımda ot çəkmişəm. Yaddaşım qalmayıb, kimin təklifi ilə çəkdiyimi xatırlamıram.
İndi 23 yaşım var. 11 ildir bu bəlaya düçar olmuşam. 17 yaşımdan “kokos” (kokain) və “patı”
(metamfetamin) istifadə etməyə başladım. Sonra iynəyə keçdim. 3 ay o qədər iynə vurdum ki,
damarlarım tromblaşdı. Ona görə yenidən çəkməyə qayıtdım. Əhatəm belə olub. Onlar məni
aludə edib. 9-cu sinfə kimi məktəbə getmişəm. Sonra dərsdən yayınmağa başladım. Evə hamı
yatdıqdan sonra gedirdim. Elə olurdu, həftələrlə evə getmirdim. Ailəm polislərlə birgə məni
axtarırdı. İşsizlik və bekarlıqdan, mənəvi boşluqdan gənclər narkotikə üz tutur. Həyatım
monoton idi. Hər şeydən sıxılırdım. Həyatın ləzzətini bu zəhərdə tapdım. Özümü bədbəxt elədim.
İndi pul naminə uşaqları yoldan çıxaranlar çoxalıb. Valideyn uşağına vaxtında bu bəlanı, onun
törədəcəyi fəlakətləri başa salmalıdır. O zaman uşaq mövzudan xəbərdar olacaq. Başına
gələcəkləri öncədən təxmin edib, bu yola əl atmayacaq. Bəzi analar var ki, övladının siqaret
çəkdiyini gördükdə atasından gizlədir. Amma belə şeylər daha böyük fəlakətlərə səbəb ola bilir.
Siqaret çəkən uşaq sonrakı gün nəşə də, “kokos” da çəkə bilər.

Bəzi dostlarım ağrıya dözməyib, intihar etdilər. Asılılıq o qədər pis bir şeydir ki, insan ölümü çıxış
yolu bilir. Həyat gözəldir, biz isə bu gözəllikdən xəbərsizik. Sağalmaq ümidim olmasa, mən də
çoxdan intihar etmişdim. Bu bəlanı düşmənimə də arzulamaram. İnsanın mənliyini yox edir,
ailəsindən, əzizlərindən, həyatdan ayırır. Bu yolun sonu səfalətdir. İnsan ağrı keçsin deyə pul
naminə hər şeyə əl atır. Üzərimdəki geyimi çıxarıb satdığım zamanlar olub. Uçurumun
dibindəyəm. Son həddəyəm. Külək vursa, yıxılıb öləcəm”.
Kiçik yaşdan narkotik istifadəçisi olan Ruslan əməlindən peşmandır, sağalmaq istəyir. Deyir ki,
ölkəmizin gələcəyini, gəncləri məhv edirlər.
Hazırda narkomaniya gəncləşib. İnsanlar uşaq yaşlarından narkotik maddələrin istifadəsinə
başlayır. Bəs onları buna vadar edən səbəb nədir? Ailə travmaları? Məlumatsızlıq? Mənəvipsixoloji mühit? Müsahibimiz məlumatsızlıqdan bu yola düşdüyünü dedi. Bəs, digərlərinin
səbəbləri nədir?
Vəziyyət o həddə çatıb ki, dövlətin həyata keçirdiyi narkomaniyaya qarşı mübarizə kampaniyası,
çoxsaylı maarifləndirmə tədbirləri, sosial çarxlar narkomaniyanı təbliğ edən amillərə məğlub
olur. Son zamanlarda uşaqlar və gənclər arasında narkomaniyanı, “oğru aləmi”ni,
qanundankənar həyat tərzini təbliğ edən meyxanalar, musiqilər, real və virtual məkandakı başqa
kontentlər sürətlə populyarlaşır. Bu, azyaşlılarda narkomaniyaya qarşı qeyri-iradi də olsa, həvəs
yaradır. Həmçinin, bəzi filmlərdə narkotik istifadəçilərinin lüks həyat tərzini göstərən səhnələr
insanlarda zəngin həyat üçün narkomanlığın gərəkli olması fikrini yaradır. Bilərəkdən, ya
bilməyərəkdən seçilmiş bu üsul və vasitələr insanların süuraltına təsir edir və onların həyatın
zəhərləmək üçün ən güclü vasitədir.
Psixoloq, psixoterapevt Fatimə Bayramovaya Pressklub.az-a açıqlamasında deyir ki,
yeniyetməlik ən asan manipulyasiya olunan yaş dövrüdür: “Təkcə 2022-ci ilə narkotikdən
ölənlərin sayı 249 nəfərə çatıb. Narkotikdən asılılıq səbəbi beyində emal olunan
neyromediatorlardır. Belə ki, narkotik bir tərəfdən beyində dofamin və serotonin hormonlarını
emal edərək, “yalan yoldan” xoşbəxtlik və məmnunluq hissini yaradırsa, digər tərəfdən həmin
hormonların normal axış prosesini pozur. Nəticədə insan heç nədən zövq ala bilmir, daim
depressiyada, apatiyada olur və o zövqü alsın deyə hər dəfə narkotikin dozasını daha da
çoxaldaraq, ölümə yaxınlaşır. Bu cür sxematik istiqamət narkotikdən asılılıq yaradır. Təbii ki,
narkotikə daha çox yeniyetmələr, depressiyada olan insanlar və ya heç bir problemi olmayan,
sadəcə həyatdan hər şeyi sınamaq həvəsində olan insanların marağına səbəb olur”.
Müsahibimiz deyir ki, yeniyetməlik ən asan manipulyativ dövr olduğuna görə nəinki narkotik,
hətta siqaret vərdişi bu dövrdən yaranır. Bu yaş dövründə valideyn uşağın davranışlarına (hər
hansı bir fərqli davranış, təklikdə və ya öz otağında çox vaxt keçirməyi, tez-tez baş verən əhval
dəyişikliyi və s.) nəzarət etməlidir.

“Bu cür psixoloji vəziyyəti ən çox yeniyetməlikdə valideynlə münasibətlərində problem olan
uşaqlar yaşayır. Bu cür hadisələri övladlarımızdan necə uzaq tuta bilərik? Uşaq daim hiss
etməlidir ki, hər nə olsa ona dəstək verən, sevgisini anlayan, səhv etsə belə daim onu dinləyə
bilən valideyni var. İkincisi, uşaqları başa salmaq lazımdır ki, narkotik nədir, nələrə səbəb olur,
hansı fəsadları var. Uşaqların suallarından qaçmaq lazım deyil. Narkomanı qınamaqdan çox ona
dəstək olmaq lazımdır. Mən o insanları nəzərdə tuturam ki, bu vərdişindən əl çəkə bilmir,
çətindir. Birinci ailə üzvləri dəstəkləməlidir, buna bir xəstəlik kimi yanaşmalıdır. Çünki indiki
dövrümüzdə narkoman dedikdə artıq oğru, yüngül həyat yaşayan insanlardan çox normal
ailədən çıxmış, sadəcə, bu bəlanın qurbanı olan insanlar ağıla gəlir. Pis vərdişdən qurtulmaq
üçün cəza yox, sevgi, dəstək, tibbi və psixoloji yardım gərəkdir”, – psixoloq vurğuladı.
Bu cür fəlakətlərdən yayınmaq üçün Azərbaycanda, eləcə də dünyada müəyyən proqramlar,
layihələr həyata keçirilir. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bəşəriyyətə
vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin
deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və
intellektual potensialının aşağı düşməsinə, genofondun pisləşməsinə və bir çox mənfi hallara
gətirib çıxarır.
Ölkəmizdə qüvvədə olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət
Proqramı”nın məqsədi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik
təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya
texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və
narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar
olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni
üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və
digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2022-ci ildə Azərbaycanda müxtəlif növ
narkotiklərdən istifadə edənlərin sayı 35 min nəfərdən çoxdur.
35 mindən çox narkomanın böyük əksəriyyəti kişilərdir. Cəmi 572 narkoman qadın var. Ən çox
narkoman Bakıda – 8565 nəfər, daha sonra Lənkəranda (3837) və Sumqayıtda (3343) qeydə
alınıb.
Təbii ki, bu rəqəmlər aşkarda olanlardır. Qeyri-aşkarda olanlar, statistikadan yayınanlar, kim bilir,
bəlkə də bu saydan daha çoxdur.
Fakt ortadadır. Dövlət narkotik əleyhinə nə qədər təbliğat aparsa da, narkomanların sayı güngündən artır. İstər tanınmış şəxslər, istər sıravi insanlar, istərsə də uşaqlar arasında yayılan bu
virus antinarkomaniya təbliğatına məhəl qoymur, öz ampluasında genişlənməyə davam edir.
Yeri gəlmişkən, dünyada qlobal narkomaniya trendi yaranıb. Tanınmış şəxslərin aludəliyi onları
təqlid edən pərəstişkarlarında narkomanlığa qarşı həvəs yaradır. Özlərini bədbəxt etməkləri az
deyilmiş kimi digər insanlara da manipulyativ təsir edərək, öz mahnıları, yaşam tərzləri ilə
narkomaniyanı təbliğ edirlər.
Bir müddət əvvəl Azərbaycan Daxili İşlər Nazirliyi narkomaniyanı təbliğ edən musiqilərin və
ifaçıların siyahısını açıqlamışdı. Siyahıdakı musiqiləri və həmin ifaçıları internetdə axtarıb
tapmaq və yeniyetmələrdən ibarət çox geniş dinləyici auditoriyası olduğunu görmək çətin deyil…
Vəziyyət nə qədər ağır olsa da, müsbət məqamlar da var. Bu bəladan qurtulmaq, sağalmaq
istəyənlər də az deyil. Bunun üçün onlar aidiyyəti müalicə mərkəzlərinə üz tuturlar. Ölkəmizdə
dövlət, həmçinin qeyri-dövlət yerli və xarici fondlar tərəfindən maliyyələşdirilən bir neçə belə
mərkəz var. Bakıda fəaliyyət göstərən narkoloji dispanserlər buna misaldır. Lakin ayrılan
milyonlar, böyük kadr ordusu, lazımi dəstək… heç bir nəticə vermir.
Nəticə bir yana, sağaldıqdan sonra yenidən o yola qayıdanlar var. Səbəb nədir? Zəif iradə, yoxsa
natamam müalicə? Narkotik istifadəsi zamanı insan orqanizmində nə baş verir ki, insan asılı
vəziyyətə düşür? Bu xəstəliyin müalicəsi niyə çətin keçir, əksər hallarda da nəticəsiz qalır?
Psixi Sağlamlıq Mərkəzinin baş həkimi, tibb elmləri doktoru, psixiatr, narkoloq, psixoterapevt
Araz Əliquliyev də Pressklub.az-ın suallarını cavablandırıb. O deyir ki, narkotik maddə ilk
növbədə beyini zəhərləyir.
“Narkotik vasitələr böyük zərərverici təsirə malik olduğuna görə mərkəzi sinir sisteminə güclü
zərbə vurur. Uzunmüddətli qəbulu nəticəsində isə insanın maddələr mübadiləsində ciddi
pozuntular olur. O da ürək, qaraciyər, böyrək, qan-damar sistemi fəaliyyətinin problemlərinə
səbəb olur. Nəticədə insan öz yaşından qat-qat yuxarı görünür. Asılılıq insana hərtərəfli mənfi
təsir edir. Narkotiklərin damar daxili istifadəsində isə ağır yoluxucu xəstəliklərin yaranması da
böyük ehtimaldır. Xəstəlik xroniki olduğuna və insanın psixi fəaliyyətinə təsir etdiyinə görə
aludələr bu xəstəliyə tənqidi yanaşır, asılı olduqlarını etiraf etmirlər. Müalicənin çətin keçməsinin
səbəbi odur ki, struktur baxımından bu xəstələrə göstərilən tibbi yardım sona qədər tam təşkil
edilməyib. Digər tərəfi bu sahədə çalışan mütəxəssislərin zəif olmasıdır. Xəstələr çox zaman 2-
ci və 3-cü mərhələyə keçmirlər. Detoksu keçdikdən sonra fiziki baxımdan yaxşı olduqlarını
düşünürlər. Lakin narkomanların yenidən asılılığa qayıtmasının əsas səbəbi müalicənin
natamam olması, sonda da tibbi reabilitasiyanın təmin olunmamasıdır. Psixi durum ağır
olduğuna görə psixi asılılıq təzahürləri özünü büruzə verərək, dayanıqsızlıq, əsəbilik, gərginlik,
diqqət dağınıqlığı hissələrini dəf etmək və rahatlamaq üçün yenidən narkotik qəbuluna
qayıdırlar”.
Müsahibimiz deyir ki, asılılıqların müalicəsində tibbi infrastruktur təməl başlıqdır.
Mütəxəssislərin sayı və keyfiyyəti qənaətbəxş deyil. Asılı şəxslər tam qaydalara uyğun müalicə
keçmir. Obyektiv proseslərlə yanaşı, xəstənin psixi, ailəvi, maddi, sosial durumu və öz
vəziyyətinə tənqidi yanaşması da böyük rol oynayır. Buna görə müalicənin tam ya natamam
keçəcəyi bilinmir: “Xəstələr düzgün müalicə üsulunu seçmədikdə, düzgün yanaşma olmadıqda
bir çox hallarda müalicənin davamından imtina edir. Xəstənin heroin asılılığında fiziki ağrılar
olduğuna görə müalicə müddətində ağrı keçdikdən sonra sağaldığını düşünüb, müalicənin
davamından imtina edir. Xəstələrin əksəriyyəti birinci mərhələ olan (detoks) kəskin psixi və
davranış pozuntularının aradan götürülməsindən sonra müalicəni davam etdirmir. Bu, xəstələrin
və qohumların subyektiv yanaşmasıdır. Çox zaman cəmiyyət, xüsusən asılı insanların yaxınları
müalicə prosesindən xəbərsiz olurlar. Bu gün mövcud olan 90-dan yuxarı reabilitasiya
mərkəzlərinin ancaq bir müsbət rolu var. Bu da asılı insanların cəmiyyətdən təcrid olunub, orada
saxlanmasıdır. Orada keçirilən reabilitasiya proqramları çox bəsitdir. Onların əksəriyyəti həkim
müayinəsindən keçmədən bu mərkəzlərə yerləşdirilir. Belə yerləşdirilməklə təcrübəmiz onu
göstərir ki, reabilitasiyanı bitirdikdən sonra psixi asılılıq təzahürləri yox olmadığı üçün yenidən
aludə olurlar. Həkim, kliniki psixoloq, konsultant müəllim, sosial psixoloq bunların hamısı savadlı
və təcrübəli olmadığı üçün müalicə prosesi çətin keçir. Buna görə insanlarda belə fikir yaranır ki,
müalicə qeyri-mümkündür. Lakin təcrübəm onu göstərir ki, xəstə ilə düzgün məşğul olduqda
müsbət nəticələr əldə etmək olar”.
Ümumiyyətlə, müalicənin müddəti nə qədər olmalıdır? Hansı müddətə xəstə asılılıqdan qurtula,
normal həyata qayıda bilər?
Araz Əliquliyev danışır ki, narkoloji dispanserdə müalicə müddətini 6 ay ediblər: “Lakin elə bir
qayda yoxdur. Mənim müalicə etdiyim xəstələrin müddəti minimal il yarım olub. İl yarım, 2 il, 2 il
yarıma qədər müalicə davam edə bilər. Sonra bu insanlar cəmiyyətdə öz yerlərini tutub. Dünyada
belə təcrübələr çoxdur. Bu problemlərin hamısı maliyyə vəziyyəti ilə əlaqəlidir. Onu etiraf etmək
lazımdır ki, asılı insanların müalicəsi küllü miqdarda vəsait tələb edir. Ölkənin bunu tam təmin
edə bilməsi çətindir. Ona görə bu məsələdə layihələr, ianələr, qeyri-hökumət təşkilatının, özəl
sektorun iştirakı geniş olmalıdır ki, bu insanların müalicəsi tam təmin edilə bilsin”.
Narkoloqun da dediyi kimi, asılı insanların müalicəsini tam təmin etmək üçün dövlətin ayırdığı
vəsait yetərli olmaya bilər. Düzdür, dövlət proqramı çərçivəsində bu xəstələrin müalicəsi üçün
müəyyən vəsait ayrılır. Lakin yenə də effektiv bir nəticə görünmür. Bunun üçün də ianələrə, qeyrihökumət təşkilatlarının dəstəyinə və s. ehtiyac yaranır. Bəs görəsən, aidiyyəti şəxslər və ya
qurumlar bu ehtiyacları təmin edilməsinə dəstək olurmu?
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqalov
Pressklub.az-a açıqlamasında deyib ki, QHT olaraq xaricdən Qlobal Fondun maliyyələşdirdiyi
“Zərərin azaldılması” layihəsini işləyirlər: “Azərbaycan dünyanın yarısını narkotik xaosuna salmış
İranla həmsərhəddir. Ona görə də ölkəmiz narkotik qaçaqmalçılığı ilə mübarizə aparmağa
məcburdur. Rusiyanın, Gürcüstanın və s. aidiyyəti qurumlarının təmsilçiləri, ekspertləri ilə
görüşlərim olub. Onların təqdim etdiyi statistika ilə bizim rəqəmlər arasındakı fərqi görürəm.
Belə görünür ki, Azərbaycanda narkomaniya ilə mübarizə digər ölkələrdən 20 faiz daha effektiv
aparılır. Bəzi insanların digər ölkələrdən xəbəri olmadığı üçün düşünürlər ki, Azərbaycanda
vəziyyət çox pisdir. Bəli, pisdir. Amma digər ölkələrdə daha pisdir. Üzərində işlədiyimiz “Zərərin
azaldılması” layihəsində pulsuz anonim müayinə, təmənnasız vəkil, narkoloq var. Qeyri-hökumət
təşkilatı olaraq, biz bununla məşğuluq, amma bu da zəif işləyir, çünki əvvəl daha çox təşkilat və
işçilər olurdu. İndi isə 11 təşkilat işləyir və çox az effekti var”.
Narkomaniya ilə mübarizəyə cəmiyyətin yanaşması necə olmalıdır? Bu problemi aradan
qaldırmaq üçün insanlar hansı davranışı nümayiş etdirməlidirlər?
Müsahibimiz deyir ki, ictimaiyyətin əsas problemi narkomanın xəstə olduğunu qəbul
etməməsidir: “Digər ölkələrdə onları xəstə kimi qəbul edirlər. Cəmiyyət narkotikdən qurtulmuş
insanlara dəstək olsa, onlar da normal həyata qayıda bilərlər. Düzdür, digər ölkələrin kifayət
qədər maliyyəsi və müalicə yerləri var. Bizdə 6 müalicə yeri var və heç birində də yer yoxdur. Heç
keyfiyyətli müalicə də yoxdur. Narkodispanserlərdən çıxanlar yenidən aludəliyə başlayır. Onlar
mütləq reabilitasiya olunmalıdır. Lakin dispanserlərimizdə reabilitasiya proqramı yoxdur.
İctimaiyyət, hətta dövlət onları xəstə kimi qəbul etsə, onları müalicəyə göndərər. Əlbəttə, onların
hamısını müalicə etmək də olmaz, çünki digərləri düşünər ki, onsuz da sonda pulsuz müalicə
olunacaqlar. Yox, cəmiyyətə lazım olan insanları seçib, müalicə edib, onların vasitəsilə
digərlərinə təsir etmək mümkündür. Bu mübarizədə əsas rol oynayan dövlət, güc strukturları və
qeyri-hökumət təşkilatlarıdır. Güc strukturları öz işinin öhdəsindən gəlir”.
Emil Maqalovla söhbətimizdə də məsələ gəlib yenə maliyyə mövzusuna dirəndi: “QHT-lərdə
əməkhaqqı çox aşağıdır. 200-300 manata kim işləyər? Onları həvəsləndirmək lazımdır. Heç
olmasa, minimum 1000-1500 manat əməkhaqqı verilməlidir ki, bu işlə həqiqətən məşğul
olunsun”.
Bəşəriyyətin faciəsi, “ağ ölüm” sayılan narkomaniya insanlığı məhv edir. Bəziləri müxtəlif
səbəblər gətirsə də bəziləri səbəbsiz, sadəcə məlumatsızlıq ucbatından aludə olur. İnsanlar
özlərini ölümə məhkum edirlər. Bir çoxu isə sağalmaq istəsə belə, buna cəsarət etmir, yenidən
normal yaşama dönəcəyinə ümid bəsləmir. Bunun səbəbi isə cəmiyyətin onlara qarşı təcridedici
reaksiyasıdır. Sağalmaq istəyən, amma cəsarəti çatmayan insanlarda inam yaratmalıyıq. Onları
həyatdan soyutmaq yerinə həyata bağlamalı, yaşamağa həvəsləndirməli, dəstək olmalıyıq. Çox
gec olmadan cəmiyyətdə oyanış baş verməlidir. Bunun üçün maarifləndirici tədbirlər
görülməlidir. Aidiyyəti orqanlar bu məsələlərdə daha ciddi sistem tətbiq etməlidir.
Gələcəyimizin məhv olmasının qarşısını birlikdə almalıyıq.
Günay Elşən












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.