BMT-də Qarabağ müzakirələri Azərbaycanda necə yozulur?

18-08-2023, 00:13           
BMT-də Qarabağ müzakirələri Azərbaycanda necə yozulur?
Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının (TŞ) Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə çağırılmış iclası keçirilib. Ermənistan bəyan etmişdi ki, onu Xankəndi ilə birləşdirən Laçın dəhlizi blokadaya salındığına görə orada ərzaq çatışmazlığı yaranıb. Azərbaycan tərəfi isə humanitar qaydada blokadanın olmadığını bildirir və alternativ Ağdam yolundan istifadəni təklif edir. Ermənistan da bundan imtina edir. Ölkənin rəsmi şəxsləri bildirir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda Laçın dəhlizindən bəhs edilib.

Müzakirələrdə müxtəlif, o cümlədən neytral mövqelər də səslənib.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild Azərbaycan hökumətini kommersiya, humanitar və şəxsi nəqliyyat vasitələrinin Dağlıq Qarabağ əhalisinə çatması üçün Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etməyə çağırıb. “Ərzaq, dərman və uşaq südü məhsullarına çıxış heç vaxt girov olmamalıdır”, – deyə o vurğulayıb

Səfir Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmağı da vacib saydıqlarını vurğulayıb: “Regionda sülh Dağlıq Qarabağda ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsini əhatə etməlidir”.

ABŞ səfiri hər iki tərəfi təmkinli olmağa, sülh prosesinə xələl gətirən istənilən fəaliyyəti dərhal dayandırmağa və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini tam yerinə yetirməyə səsləyib: “Danışıqlar davamlı sülh üçün həyati əhəmiyyət kəsb edir”.

Avropa İttifaqının BMT-dəki Nümayəndəliyinin rəhbərinin müavini Silvio Qonzato isə deyib ki, humanitar yardımlar siyasiləşdirilməməli, Laçın dəhlizi ilə hərəkət dərhal açılmalıdır. Onun deməsinə görə, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata və Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü ilin fevralında verdiyi qərara əsasən, Azərbaycan dəhliz boyunca təhlükəsizliyə, hərəkət azadlığına təminat vermək məsuliyyəti daşıyır. “Bakı Ağdam şəhəri vasitəsilə mal tədarük etməyə hazır olduğunu bildirsə də, bu, dəhlizin yenidən açılmasına alternativ kimi qəbul edilməməlidir”, – deyə o, blokun Bakı və Qarabağ erməniləri arasında birbaşa dialoqa çağırışını təkrarlayıb.

Braziliyanın təmsilçisi Serxio Daneze deyib ki, ölkəsi beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan və Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmağa sadiqdir. O, həmçinin tərəfləri Qarabağa humanitar yardımların maneəsiz çıxışını təmin etmək mexanizmlərini, o cümlədən Ağdam-Xankəndi marşrutunun mümkünlüyünü araşdırmağa çağırıb: “Qarşıdakı aylarda qış yaxınlaşdıqca daha da pisləşə biləcək böhranın təcili həllini tapmaq vacibdir. Braziliya tərəflər arasında dialoq kanallarının qorunub saxlanmasını təşviq edir və atəşkəs razılaşmasını dəstəklədiyini vurğulayır”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski də deyib ki, ölkəsi humanitar fəlakətin qarşısını almaq üçün həm diplomatik kanallar, həm də yerdəki sülhməramlılar vasitəsilə mümkün olan hər şeyi edir: “Üçtərəfli sazişlərin əsas elementləri Moskvanın ekspert yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ardınca demarkasiyasıdır. Üçtərəfli işçi qrup çərçivəsində nəqliyyat kommunikasiyalarının bərpası və sülh dialoquna yol açmaqdır”.

O vurğulayıb ki, tərəflərin barışığı Azərbaycan qanunları kontekstində və beynəlxalq prinsiplər əsasında etibarlı, aydın təhlükəsizlik təminatları olmadan, habelə Dağlıq Qarabağ sakinlərinin hüquqları qorunmadan təsəvvür edilə bilməz.

Müzakirələrdən sonra heç bir sənəd qəbul edilməyib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu “Turan”a deyib ki, Ermənistanın bu müzakirələrdən gözləntiləri çox böyük idi: “Hesab edirdilər ki, əllərinə bircə sənəd keçə bilsə, ondan sonra ardıcıl olaraq Azərbaycana təzyiqlər etmək üçün bu təxribatlara davam edəcəklər. Amma Azərbaycan diplomatiyası doğru addımları atmağa bacarıb”.

Babaoğlunun fikrincə, Azərbaycan və onun BMT-dəki nümayəndəsi Yaşar Əliyev müzakirələrə ciddi hazırlaşmışdı: “Bu məsələnin hüquqi əsasının olmadığı müzakirələr zamanı sübut olundu. BMT-nin Təhlükəsizlik Şurası hər hansı qətnamə qəbul etsəydi, bu, onun prinsiplərinə zidd olardı və onsuz da olmayan nüfuzunu daha da aşağı salardı”.

Siyasi şərhçisi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bildirib ki, Ermənistanda hazırda Yerevan meri postu uğrunda mübarizə gedir. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan öz namizədinin qələbəsini təmin etmək, Qarabağ uğrunda çalışdığını göstərmək üçün məsələni BMT-nin TŞ-nın müzakirəsinə çıxarıb: “Hamı bilirdi ki, orada heç bir nəticə əldə edilməyəcək, çünki erməni tərəfinin iddiaları əsassızdır. Hamı gözəl bilir ki, Qarabağda aclıq yoxdur. Bundan əlavə, Azərbaycan Ağdam tərəfdən yardım göndərməyə hazır olduğunu bildirdi”.

Ekspertin fikrincə, qarşı tərəfə həmin yardımı qəbul etməyə Rusiya icazə vermir: “Rusiyanın məqsədi odur ki, 2025-ci ildən sonra da sülhməramlılar Qarabağda qalsın, ona görə də belə vəziyyətləri yaradır. “Dağlıq Qarabağ” adlı separatçı qurumun rəhbərləri bilir ki, sabah reinteqrasiya başlasa, Azərbaycan sadə ermənilərə dəyməyəcək, amma onların hamısını məhkəməyə çəkəcək. Ona görə də camaatı əsarətdə saxlayırlar”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı da hesab edir ki, Ermənistanın BMT-nin TŞ-na müraciəti bu ölkənin hakim elitasının maraqlarına uyğun bir addım idi. Onun vurğulamasına görə, burada ən narahatedici məqam Rusiyanın Azərbaycana dəstək verməsidir: “Rusiyanın hərbi kontingenti Qarabağdadır və paralel olaraq Rusiya Azərbaycana dəstək verir. Bu o deməkdir ki, məsələ açıq şəkildə danışılıb. Rusiya 2025-ci ildə bölgədən getmək və nəinki öz əvəzinə hər hansı beynəlxalq missiyanı, o, Azərbaycanı da Qarabağa buraxmaq istəmir”.

Politoloqun sözlərinə görə, bu səbəbdən Azərbaycanı irəlidə daha ciddi problemlər gözləyə bilər: “Əgər Rusiya ərazimizdə ola-ola bizə açıq şəkildə dəstək verirsə, deməli, Azərbaycan hökuməti ilə razılaşdırıb oturublar. İrəlidə bu, bizim müstəqilliyimiz üçün təhlükə yaradır”.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.