"Hətta Məhəmməd Peyğəmbər öz nökərinin xanımına baxıb, xoşu gəlib və bunu dilə gətirib"- Rafiq Əliyevdən İLGİNC AÇIQLAMALAR

18-08-2023, 11:03           
"Hətta Məhəmməd Peyğəmbər öz nökərinin xanımına baxıb, xoşu gəlib və bunu dilə gətirib"- Rafiq Əliyevdən İLGİNC AÇIQLAMALAR
“Azərbaycanda 2023-cü ilin yanvar-iyun ayları ərzində 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb. Əlbəttə, bu rəqəmlər cəmiyyəti ciddi şəkildə narahat edir. 24 146 evlilik, 10 mindən çox boşanma halı bizim insan resurslarımızı çox məhdudlaşdırır. Əslində, hər ailə iki nəfərdən ibarətdir - ər-arvad. Bu ailə yoxa çıxandan sonra... Hər ailə ardında heç olmasa bir nəfər qoymalıdır. Ən azından ailədə 3 uşaq olmalıdır ki, biri atanı, biri ananı əvəz etsin, digəri isə cəmiyyətdə insan sayının artmasına xidmət etsin. İki uşaq da normaldır. Nəslin, ölkə əhalisinin artması baxımından 3 uşaq lazımdır. Bunun üçün isə normal evlilik, normal yaşam tərzi və sosial vəziyyətin yaxşı olması gərəkdir. Məncə, indi subayların evlənib tez boşanmalarının ən böyük səbəbi sosial, iqtisadi vəziyyətin çətinliyindən asılıdır. Bir çoxlarını tanıyıram ki, oğlanın 34, qızın isə 36 yaşı var, hələ evlənmək, ərə getmək istəmirlər. Çünki evləri, işləri, ailə saxlamaq üçün pul qazanmaq imkanları yoxdur. Bu da var...”

TEREF.AZ bildirir ki, bu sözləri Pravda.az-a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev deyib.

O hesab edir ki, boşanmaların ikinci səbəbi mənəviyyatla bağlı kasadlıq, Avropa sisteminin ölkəyə gəlib çıxmasıdır: “Dini motivlərimiz var. Qız ərə gedəndə bakirə olmalıdır. Bunun, demək olar ki, ortadan götürülməsi, vacib hesab olunmaması da səbəblərdən biridir. Biri var ki, ərə gedib, boşanırsan, bu, başqa şeydir. Biri də var ki, qız kimi yox, boşanmış qadın kimi ərə gedirsən. Bakirəlik məsələsi ortadan götürüləndə qadının ərində şübhə yaranır. Bu, obyektiv, yaxud subyektiv səbəblərdən ola bilər. Səbəblərə dərindən baxmaq”.

R.Əliyev Azərbaycanda boşanmlarının sayının artması fonunda aparıla müzakirələr zamanı səsləndirlərn “evli kişilərin başqa qadına baxması göz zinasıdır”, “boşanmış qadınla evlənən kişi zina etmiş sayılır” kimi fikirlərə isə belə cavab verib: “İslamda “göz zinası” anlayışı var. Kişi gözü ilə başqa qadına baxanda onun könlü nəsə istəyir. Bunu bizə günah kimi yazırlar, amma bizim öz günahımız deyil. Əgər Allah bizə şəhvət hissi veribsə, bu hissi cilovlamağa, saxlamağa da imkan verməli idi. Şüur da, ağıl da, intellekt də verib, amma şəhvət hissindən özümüzü müəyyən məqamda məhrum etmək imkanını verməyib. İnsanlar bir-birilərinə baxırlar, gözləri sataşır, kiminsə könlü kimisə istəyir. Bunu da zina kimi qələmə verirlər. Bu, əslində düzgün deyil. İnsanlar bir-birilərinə baxmalı, görməlidirlər. Ümumi cəmiyyət var. O cəmiyyətdə necə yaşaya bilərsən ki, həmsöhbətin qadın, yaxud kişi olsa da, onunla danışanda bir-birinə baxmayıb danışasan. İnsan bir-birinin gözünə baxıb danışar, hərəkətlərini nəzərə alar. Bütün bunları zina ilə əlaqələndirmək düzgün deyil. İslamda göz zinasının olmasını, ümumiyyətlə, qəbul etmirəm. Çünki bizdən əvvəlkilərin də böyük əksəriyyəti görüb, baxıb, istəyib, alıblar. 30-40 il bundan əvvəl Yəməndə işləyirdim. Orada qızı görmək üçün müəyyən məbləğ pul vermək lazım idi ki, gedib görə biləsən. Qızın əlindən tutmaq üçün yenə pul vermək lazım idi. Göz zinası məsələsi qədim zamandan müsəlmanlar üçün problem yaradıb. “Boşanmış qadını almaq zinadır” fikri isə tamamilə cəhalətdir, İslama ziddir. Məhəmməd Peyğəmbərin dövründə də belə şey olmayıb. Peyğəmbərimizin ilk xanımı Xədicə də dul qadın idi. Xədicədən sonra Peyğəmbərimizin neçə xanımı olub. Onları görüb. Belə çıxır ki, Məhəmməd peyğəmbər zina edib? Xoşuna gəlib, alıb. Hətta Məhəmməd Peyğəmbər öz nökərinin xanımına baxıb, xoşu gəlib və bunu dilə gətirib. Nökər isə öz arvadını boşayıb, Peyğəmbərə hədiyyə verib. Peyğəmbər də bu hədiyyəni qəbul edib. Boşanmış qadın əvvəlki ərindən hamilə deyilsə, o, ərə gedə bilər. Belə bir məqam var. Amma bir kişi qadınla zina edibsə, o da 3 ay gözləməlidir ki, qadın hamilə olsa, onun uşağına gələcəkdə öz adını versin. Cəmiyyəti göz zinası mövhümatı ilə çaşdırmağa başlayırlar. Göz zinası olsaydı, insanlar niyə bu qədər bir-biriləri ilə söhbət edərdilər? Göz zinası XIV əsrdə qaldı. Bu gün göz zinasını ortaya gətirmək ən böyük cəhalətdir. Onda gərək heç bir qadınla söhbət etməyim, baxmayım. Qadının başında çadrası var, qadın o çadranın altından baxır, amma mən gərək o qadına baxmayım? Bütün bunlar cəfəng şeylərdir. Belə şeylərə fikir verməyin. Cəmiyyəti çaşdırmaq lazım deyil. Bunu deyən adamlar çox səhv edirlər, İslama ziyan gətirirlər. Göz zinasını ortaya atmaq çox təhlükəli bir şeydir. Cəmiyyətdə çaxnaşma yaranır. Onsuz da cəmiyyətimizdə mənəviyyat məsələsi o qədər də yüksək səviyyədə deyil. Bu məsələni ortaya gətirərək hamımızı qadınlı-kişili zinakar edəcəklər. Sonra da bu zinakarlarla söhbət etmək, ailə qurmaq, dostluq etmək çətinləşəcək. Göz zinası cəmiyyəti, xalqımızı sevməyənlərin, xalqımıza zərər gətirmək istəyənlərin fikridir. Belə fikirlərlə razılaşmalı deyilik. İslamın XIV əsrdən qalmış ideyalarını bu günə tətbiq etmək olmaz. Dünya inkişaf edib, biz də inkişaf etmişik. Azərbaycanda yeni həyat tərzimiz var. Bunun böyük hissəsi İslamla bağlıdır. Amma bu, bizim öz həyat tərzimizdir, babalarımızdan qalan adətlərimizdir. Zina məsələsini ortaya qoymaq cahillərin işidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.