Yeni ölümcül virus xəbərdarlığı - bəşəriyyət hazırdırmı
28-09-2023, 12:35
Həkim: “Afrikada yaranan infeksiya bir neçə saat ərzində Avropaya çata bilir”
COVİD pandemiyası başa çatmamış dünyanı yeni virus bürüyə biləcəyinə dair xəbərdarlıqlar edilir. Mümkündür ki, bu virus süni yayılsın, amma fakt odur ki, buna dair artıq informasiya yayılır.
Britaniyanın “Daily Mail” qəzetinə danışan elm adamları “X” adlı virusun koronavirusdan çox daha təhlükəli ola biləcəyini bildiriblər.
Sfera.az xəbər verir ki, yoluxucu xəstəliklər mütəxəssisi Prof. Dr. Bülənt Ərtoğrul NTV-də “X” virusu və virus infeksiyaları ilə bağlı danışıb.
Professor bildirib ki, yeni pandemiyanın olması gözləniləndir:
“Əslində "X" adlandırdığımız virus hələ yoxdur, amma yarana da bilər. Biz buna hazır olmalıyıq. Bu, xəbərdarlıq kimi də başa düşülə bilər. Çox yaxın zamanda olmasa belə, bu əsrdə bir daha pandemiya baş verəcək. Pandemiyada ya yenə hansısa qrip virusu, ya da koronavirusun alt variant ilə qarşılaşa bilərik.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq ortaya çıxacaq hər hansısa pandemiyaya səbəb olacaq virusun dərhal nəzarətə alınması üçün büdcə ayrılması barədə inkişaf etmiş ölkələrə xəbərdarlıq edib və bu sahədə işlər görülür. Təşkilatın az inkişaf etmiş ölkələrdə səhiyyə sahəsinə dəstək verilməsi vacib məsələdir".
Həkim bu tip xəstəliklər zamanı antibiotiklərin istifadə olunmamasını da vurğulayıb: “Hazırda ən çox tənəffüs yolu infeksiyalarından danışmağımızın səbəbi bu yolla virusların daha tez yayılmasıdır. Onu da qeyd edim ki, belə yayılmış viruslarda antibiotiklər istifadə edilməməlidir. Yanlış antibiotik istifadəsinə görə, sadəcə, Türkiyədə yox, bütün dünyada bakteriyalar artıq antibiotiklərə qarşı müqavimət mexanizmi inkişaf etdiriblər. Buna görə də 30 il əvvəl viruslar üçün rahatlıqla istifadə etdiyimiz antibiotiklər indi istifadəyə yararsızdır”.
Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a şərhində bildirib ki, infeksiyalara bağlı pandemiyalar, epidemiyalar təbii prosesdir. Mütəxəssis qeyd edib ki, zamanla bağlı dəqiq proqnoz vermək qeyri-mümkündür: “Tibb elminin inkişaf etməsi, yeni dərman preparatlarının yaradılması, gigiyena qaydalarına əməl edilməsi, o cümlədən dezinfeksiyaedici məhlullar pandemiyanın qarşısını nisbətən alır. Pandemiyanın əmələ gəlməsini və sürətlənməsini şərtləndirən amillərdən biri həmçinin dövlətlərarası səyahətlərdir. Afrikada yaranan infeksiya bir neçə saat ərzində Avropaya çata bilir”.
O ki qaldı antibiotiklərin düzgün istifadə olunmamasına, mütəxəssis hesab edir ki, viruslardan daha çox, bakterial infeksiyaların meydana çıxmasına səbəb olur: “Bakterial infeksiyalar ölümə səbəb olur. Bu da bakteriyaların antibiotiklərə qarşı virulentliyinin artması ilə əlaqədardır. Nəticədə yeni antibiotiklərin yaradılması labüd olur, bahalı antibiotiklərin istifadə olunmasına gətirib çıxarır. Bir müddət sonra onların da təsiri azalır. Bu da onu göstərir ki, gələcəkdə bakterial infeksiyaların müalicəsində çətinliklər olacaq. Ehtimala görə, bununla əlaqədar ölüm sayı arta bilər”.