Sülhməramlılar Qarabağdakı silahları daşıyır – ŞOK İDDİA

10-10-2023, 12:47           
Sülhməramlılar Qarabağdakı silahları daşıyır – ŞOK İDDİA
Rusiya sülhməramlıları Qarabağda 25 mühafizə postu yaradır.

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, separatçılarının təhvil verdiyi silah-sursat, hərbi və xüsusi texnika anbarlarını qorumaq üçün mühafizə postları qurulur. Bildirilib ki, bu mühafizə postlarından 14-ü Azərbaycan tərəfi ilə birgə yaradılır.

Nə üçün o silahlar Azərbaycana təhvil verilmir? Həmin silah-sursatın Qarabağda saxlanılmasına səbəb nədir?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın başqa məqsədləri var:

“Rusiyanın Qarabağda yığılan silah-sursatla bağlı da mövqeyi başadüşülən deyil. Yəni o silah-sursatlar Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində ələ keçirilib. Həmin silahlar birmənalı olaraq Azərbaycanındır və bizə təhvil verilməlidir. Antiterror əməliyyatını ruslar keçirməyib ki, silahları da onlar götürürlər. Ona görə də Azərbaycan bu məsələdə təkid etməlidir”.

Ekspert hesab edir ki, rus sülhməramlılarının postlarının və silahların saxlanılmasına ehtiyac yoxdur:

“Ruslar gözləyirlər ki, İrəvandan separatçıların davamçıları gəlsin? Məgər həmin silah-sursat onlara veriləcək? İndiyə kimi dəfələrlə rus sülhməramlılarının separatçıların mövqelərinə necə daşındığını görmüşük. Ona görə də hesab edirəm ki, Azərbaycan təkidli tələblər irəli sürməlidir. Rusiya da başa düşməlidir ki, həmin silahlar Azərbaycana verilməlidir”.

Polkovnik hesab edir ki, Rusiya həmin silahlardan Ukraynada istifadə edəcək:

“Ötən günlərdə Rusiya Füzuliyə Müdafiə Nazirliyinin hərbi yük nəqliyyat təyyarəsini gətirib. Böyük ehtimalla, Qarabağdakı silahları öz adları ilə çıxaracaqlar. Düşünürəm ki, həmin silahlardan Ukraynadakı müharibədəki tələbatlarını ödəyəcəklər”.

Ekspert deyib ki, Kreml həmişəki kimi yenə də oyuna başlayıb:

“Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir məqaləsi yayımlanıb. Nazir orada yenə də sülhməramlıları tərifləməyə başlayıb, onların bölgədə qalmasının əhəmiyyətindən danışıb. Həmçinin, Lavrov Brüssel və Vaşinqtonun Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə maneçiliyindən danışır”.

Elmir Mustafa












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.