Qəzza savaşı İranın Azərbaycandakı hücrələrini yenidən hərəkətə gətirib

10-10-2023, 17:35           
Qəzza savaşı İranın Azərbaycandakı hücrələrini yenidən hərəkətə gətirib
Qəzza savaşı İranın Azərbaycandakı hücrələrini yenidən hərəkətə gətirib. Hücum başlayan gün Tehrandakı toy-bayrama İranın Azərbaycandakı tərədarları da qoşulub. Dinc əhalinin kütləvi ölümlərinə səbəb savaşı bayram etmək əxlaqsızlıqdır, burası aydındır, amma məsələnin Azərbaycan üçün bir də təhlükəsizlik tərəfi var. Ermənistanı bağrına basan İranla eyni mövqedə olan Azərbaycan vətəndaşlarının sabah Tehranın Azərbaycanla bağlı əmrlərini yerinə yetirməyəcəyinə təminat yoxdur. Heç kim özünü aldatmasın, bu şəxslərin çoxu Bakını yox, Tehranı özlərinə paytaxt bilir.
İran Bakıda, cənubda təsirlidir yuxusuna getdik, indi ayılmışıq ki, Gəncə və Gəncəbasar əldən gedir. Sovet dönəmində ölü basdırmağa mollası olmayan kəndlərdə indi Qum tələbələri meydan sulayır, beyin yuyur. Səbəb - nəzarətsizlikdən doğan ideoloji boşluq. Gəncə və region icra başçılarına bir diqqət edin. Onların hansı rəhbərlik etdikləri bölgədə vətəndaşların ideoloji təhlükəsizliyini təmin edəcək səviyyədədir? Gəncənin bir icra başçısı var, bilmirsən, rusdu, Kremllidir, kosmosdan gəlib, yoxsa Azərbaycanın ən böyük ikinci şəhərinin rəhbəri.
Nur içində yatsın əziz Ağabəyim, Azərbaycanın böyük dostu Mehmet Mutlunu. Gəncəbasar bölgəsində şəhid ailələrilə bağlı böyük layihəsi vardı. Gəldi, Tovuz, Ağstafa, Qazax, Gədəbəydə şəhid ailələrini ziyarət etdi. Son dayanacaq Gəncə idi. Gün boyu iki rayonda onlarla şəhid ailəsilə görüşən Türkiyə millət vəkilləri, professorlar, konsul da daxil heyəti Gəncənin cırhacırında parkda ayaq üstə düz saat yarım gözlətdi Niyazi Bayramov. Axırda gəldi… Bilirsiz nə gündə? Maşından düşüb, valaylayır…, çənə söz tutmur. Gəncə deputatlarından biri gördü alkoqol qoxusu aləmi bürüyüb, tez spirt uzatdı ki, guya əllərini təmizləsin. Aldı, yarısı yerə-yarısı göyə əllərini birtəhər spirtlədi və şüşəni Mehmet Mutluya uzatdı ki, “budeş?”. Təsəvvür edirsiz??? Türkiyədən Prezident Ərdoğan ailəsinin üzvləri daxil TBMM deputatları, sayğın-seçkin professorlar, diplomatlar gəlib, bu rusca danışır. Kimlə görüşdüyünün fərqində deyil…
O gün Azərbaycan adına biz də, qonaqlar da böyük təəssüf hissi keçirmişdik.
Aradan 2 il keçib, Azərbaycan çox ciddi geopolitik savaşların mərkəzindədir və ölkənin ən vacib bölgələrindən birinə yenə də bu qafada olan şəxs rəhbərlik edir. Sərhəd Ağstafanın başçısı ondan betər. 10 şəhid ailəsini bir yerə toplamağa gücü çatmamışdı. Elə bir qurtum çay içmişdi qonaqlar başladı milliyətçilərin qarasınca danışmağa. İdeoloji düşmənləridir axı…
Azərbaycanın, Gəncənin niyazibayramovlardan xilas olmaq zamanı çoxdan gəlib. Moskvanı paytaxt bilən, rusca düşünən, korrupsiya, rüşvət qalmaqallarında xirtdəyə qədər boğulanlar, Azərbaycan dövlətinin hədəflərindən xəbərsizlər, vətəndaşı adam saymayanlar nə qədər vacib kürsülərdə oturcaqlarsa İran, Rusiya - kim istəsə, burda at oynadacaq.
Qarabağ savaşına nöqtə qoyduq. İndi bizi ideoloji boşluqlardan vurmağa çalışacaqlar. Niyazilər qaldıqca, açıqdayıq...
Aygün Muradxanlı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.